ELAZ.İNFO xəbər verir ki, Bakı şəhərində sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə növbəti addım atılıb. Metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xəttindəki köhnə avtobuslar yeniləri ilə əvəzlənib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) keçirdiyi müsabiqənin nəticəsinə əsasən, xəttin istismarı “BakuBus” MMC-yə həvalə edilib: Xəttə 30 ədəd müasir və böyüktutumlu avtobus buraxılıb. Avtobuslar arasında interval 5-6 dəqiqə təşkil edəcək ki, bu da sıxlığın qarşısını alacaq. Gedişhaqqı 0,60 manat müəyyən edilib və ödəniş yalnız nağdsız (kartla) qaydada həyata keçirilir. Marşrut xətti “28 May” metrostansiyasından başlayaraq Sabunçu qəsəbəsinə (68 nömrəli tam orta məktəbin yanı) qədər hərəkət edir. Yeni avtobusların istifadəyə verilməsi sərnişinlərin mənzil başına daha təhlükəsiz və komfortlu şəraitdə çatmasına imkan verəcək.
AYNA-dan verilən məlumata görə, vətəndaşların rahatlığı üçün paytaxtın avtobus parkının yenilənməsi prosesi bundan sonra da diqqətdə saxlanılacaq.
Ruslan MƏMMƏDOV