Paşinyan hara, ekologiya hara?

Putinin ANTİXRİST elan etdiyi adam Rusiyaya niyə getmişdi?

“KQB şineli”ndən çıxmış yarımçıq polkovnikin – Vladimir Putinin ənənəvi və sevimli çoxgedişli oyunları, kombinasiyaları yenə də işə düşüb.

O, bir yandan Konstantin Zatulin kimi Kreml nökərlərini Paşinyanın üzərinə qısqırdır, o biri yandan Nikol Paşinyanı “antixrist” (Dəccal) elan edib Marqarita Simonyanın ağzı ilə bütün erməniləri ona qarşı inqilaba çağırır, üçüncü tərəfdən isə baş nazir Mixail Mişustinin əliylə Altayda Paşinyanın başını “sığallayır”, ona xoş münasibət göstərir…

Bu mənada Paşinyanın Altay səfərini tayqada “məhəbbət əfsanəsi” də adlandıranlar da var.

Bəziləri isə ironiya ilə soruşur ki, Paşinyan hara, ekologiya hara? Bu sual sözsüz ki, Ermənistan liderinin Altaya səfərinin pərdəarxası məqamlarından qaynaqlanır.

Əvvəlcə onu qeyd edək ki, bugünlərdə Cənubi Qafqazla bağlı olduqca maraqlı, ilginc proseslər baş verir. Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Zəngəzur dəhlizinə əl qoymaq niyyəti ilə bağlı söhbətlərin yayılması fonunda birdən-birə bəyanat verir ki, “Zəngəzur dəhlizi məsələsi Ermənistan və Azərbaycanın suveren işidir və Rusiya Ermənistan ilə Azərbaycan arasında danışıqları hər cür dəstəkləyir”.

Belə bir açıqlama ilə Kreml ilk baxışdan özünü Zəngəzur dəhlizi uğrunda rəqabətin qızışmasına təmkinli, loyal münasibət sərgiləyən tərəf kimi göstərməyə çalışır. Lakin bu, üzdə belədir…

Proseslərin davamına qayıdaq. Peskovun hiyləgər açıqlamasının ardınca isə, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri başlayır. O, üç günlüyünə Rusiyanın Altay diyarınna – ayıların və sığınların dolaşdığı tayqaya gedir.

Rəsmi açıqlamalara görə, Ermənistan lideri Altayda ekologiya və təbiətin mühafizəsi ilə bağlı beynəlxalq konfransda iştirak etmək üçün gedib.

Bu yerdə bayaqkı sual (“Paşinyan hara, ekologiya hara?”) yenidən aktuallıq qazanır…

KTMT kimi ciddi bir qurumun, hərbi alyansın toplantılarına qatılmaqdan nümayişkaranə şəkildə imtina edən Paşinyanın ekologiya və ətraf mühitin mühafizəsi sammitində nə işi var?

Axı, bu sahə ümumiyyətlə onun kompetensiyasına aid deyil. Ermənistanda bu sahəyə aid məsələlərlə Ətraf Mühit Nazirliyi məşğul olur.

Bəs, əsl həqiqətdə Nikol Paşinyan hansı məqsədlə Altaya gedib?

Müstəqil erməni ekspertlərinin iddiasına görə, Paşinyanın uzaq Altaya səfərinin əsas məqsədi Ermənistanın bərbad ekologiyasını xilas etməyin yollarını tapmaq yox, Zəngəzuru müzakirə etməkdir. Onlar hesab edirlər ki, bir yandan ABŞ və Türkiyənin, o biri yandan isə İranın Zəngəzurla bağlı həmlələri nəticəsində çıxılmaz vəziyətə düşən, yol ayrıcında qalan erməni baş nazir Altaya nicat axtarmaq məqsədilə gedib…

Əbu-Dabidə keçirilən Əliyev-Paşinyan görüşündən sonra Bakı və İrəvanın sülhə doğru daha bir addım atdığı və hətta ABŞ-ın və Avropa İttifaqının da həmin görüşü təqdir edərək onu sülhə yaxınlaşma istiqamətində mühüm addım hesab etdiyi bir vaxtda, Paşinyanın heç gözlənmədiyi halda durub birdən-birə rusiyalı həmkarının (Putinin yox a, məhz Mişustinin) hüzuruna tələsməsi həqiqətən də həm ciddi çaşqınlıq, həm də çoxlu suallar doğurur.

Axı hər kəsə bəllidir ki, Mişustin nə Cənubi Qafqaz məsələləri, nədəki özəlliklə də Zəngəzur dəhlizi üzrə səlahiyyətli, kompetent şəxs sayılır. Bu məsələlər onun fəaliyyət sferasına aid deyil.

Eləcə də Putin də nə Zəngəzur dəhlizinə səmimi xeyir-dua verəcək, nədəki Ermənistanla Azərbaycan arasında real sülhü ürəkdən alqışlayacaq biridir.

Lakin Mişustin Putinlə Paşinyan arasında danışıqçı şəxs (“переговорщик”) rolunu yerinə yetirmək səlahiyyəti ilə görəvləndirilib. Ona görə də Nikol Paşinyan ABŞ-ın Zəngəzur dəhlizinə açıq maraq göstərməsindən ciddi şəkildə narahat olan Rusiya rəhbərliyini sakitləşdirmək məqsədilə Altaya gedib. Bu da həlledici qərar qəbuletmə ərəfəsində olan Paşinyanın özünəməxsus çevik diplomatiya taktikasıdır. Çünki o, başa düşür ki, Kremli sakitləşdirmək, arxayın etmək üçün müəyyən izahatlar verməlidir.

Paşinyan onu “antixrist” elan edən Putini arxayın salmalı, onun başının altına “yastıq” qoymalı və bununla da Zəngəzur dəhlizinin açılması üçün son addımları atmaqdan ötrü vaxt qazanmalıdır.

Bu, çox çətin missiyadır. Lakin böyük ehtimalla, Paşinyan bu vəzifənin öhdəsindən uğurla gələ biləcək. Çünki o, artıq siyasətdə kifayət qədər bişmiş, təcrübə toplamış bir şəxs sayılır. Odur ki, Paşinyanın Putinə Ermənistandan umacaqları ilə bağlı hansısa zəmanətləri verib vəziyətdən çıxmaq imkanları var.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinə və Zəngəzur dəhlizinin Rusiyanın iradəsindən kənar açılmasına mane olmağa çalışan Putini neytrallaşdırmaq bu gün ən önəmli məsələlərdən biridir. Bu prosesdə hər kəsin (bütün maraqlı tərəflərin, interesantların) üzərinə ayrıca bir görəv düşür. Rusiya rəhbərliyinin sakitləşdirilməsi məsələsinin həlli də məhz Paşinyanın üzərinə qoyulub. Başqa sözlə desək, Paşinyan əslində Rusiyaya Bakı, Ankara və Vaşinqtonun təlimatı ilə gedib.

P.S. Bu arada əsl dəccal isə Paşinyan yox, elə Putinin özüdür.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights