“Pərəst”lərimiz və “fob”larımız…

Etiraf etməliyik ki, bizim rusiyapərəstlərimiz və islamofoblarımız həddindən artıq ayıq-sayıq və çevikdirlər. Onlar olduqca fəal işləyirlər. Əllərinə hər hansı bir fürsət düşən kimi həmin fürsəti dərhal ya Rusiyanın xeyrinə, ya da İslamın əleyhinə təbliğ üçün istifadə etməyə çalışırlar.

Elə son iki hadisəyə reaksiyalar da bu gerçəyi bir daha təsdiqləyir.

Belə ki, rusofillərimiz son aylarda öz şərhlərində, mətbuata açıqlamalarında Rusiyanı çox sərt şəkildə “yıxıb-sürüyür”dülər. Lakin Azərbaycan və Rusiya prezidentləri arasında Düşənbədə görüş baş tutan kimi onlar bu görüşü iki ölkə arasında münasibətlərin tam normallaşma mərhələsinə daxil olması kimi dəyərləndirdilər və Rusiya ilə Azərbaycanın möhkəm dost dövlətlər olduğunu iddia etdilər. Hal bu ki, nə Rusiya dövlətinin neoimper xarakteri, nədəki Kremlin Cənubi Qafqaza (o cümlədən Azərbaycana) münasibətdə təcavüzkar geosiyasi planları əsla dəyişməyib. Sadəcə olaraq, Azərbaycanın prinsipial mövqe tutması Rusiya rəhbərliyini geri addım atmağa məcbur etdi. Başqa sözlə desək, Putin bu mərhələdə Əliyevə uduzdu. Həm də böyük hesabla. Ancaq rusiyapərəstlərimiz isə bu məqamın üzərindən qəsdən sükutla keçir və ucuz “dostluq nəğmələri” oxumağa davam edirlər. Bu mənada Düşənbə görüşü rusiyapərəstlərimizi daha yaxından tanımaq üçün çox yaxşı imkan yaratdı.

***

Həmçinin, oktyabrın 11-də Pakistan-Əfqanıstan sərhədində baş verən gecə döyüşlərini də yerli islamofoblarımız heç bir dəlil-sübut olmadan və heç bir politoloji təhlil aparmadan, dərhal hər iki ölkənin fanatizm və cəhalət içində çabalayan qatı müsəlman ölkəsi, şəriət dövləti olmasıyla əlaqələndirməyə, izah etməyə başladılar.

Hərçənd ki, əsl həqiqətdə isə bu qanlı toqquşma qətiyyən nə cəhalətlə, nədəki şəriətlə bağlı deyil. Olayın arxasında yenə də qlobal geosiyasi güclərin mübarizəsinin qəfil kəskinləşməsi dayanır. Pərdənin arxasındakı əsas geosiyasi aktorlar isə ABŞ və Çindir.

Məsələ burasındadır ki, Çin və Pakistan arasında sıx dostluq və müttəfiqlik münasibətləri mövcuddur. Eyni zamanda, Çin radikal “Taliban” qruplaşmasının idarə etdiyi Əfqanıstanla da münasibətləri yaxşılaşdırmağa, genişləndirməyə çalışır. Çin hökumətinin hər iki ölkə ilə bağlı böyük geoiqtisadi, logistik planları var. Bu isə sözsüz ki, ABŞ-ın qlobal maraqlarına ziddir.

Ona görə də ABŞ təcili hərəkətə keçib. Donald Tramp qatı rəqibi Co Baydenin qərarı ilə ABŞ ordusunun 2021-ci ildə tərk etdiyi Əfqanıstandakı “Baqram” aviasiya bazasına yenidən Amerika əsgərlərini qaytarmağı planlaşdırır.

Elə Pakistan-Əfqanıstan toqquşması da məhz Trampın bugünlərdə “Biz “Baqram” hava limanına qayıtmaq istəyirik” bəyanatı ilə çıxış etməsinin nəticəsi olaraq baş verdi.

Daha konkret desək, aranı qarışdıran məhz Trampdır.

Bəli, bu, Trapmpın ənənəvi fəndgirliklərindən, sevimli metodlarından biridir. O, əvvəlcə pərdə arxasından aranı qarışdırır (“Parçala və hökm sür” prinsipi ilə), sonra isə ortaya çıxıb duruma əl qoyur və “sülhməramlı” obrazında çıxış edərək tərəflər arasında vasitəçilik etməyə, konsensus yaratmağa çalışır.

Və əksər hallarda məqsədinə də nail olur. Açıq desək, Trampın bu metodu çox yaxşı işləyir.

Nəticədə isə, Tramp barışdırdığı bütün ölkələrdən sülhün əvəzində nəsə qoparmağa çalışır. Məsələn, HƏMAS-la İsrail arasında barışığın nəticəsində Tramp Qəzzanın böyük neft və qaz yataqlarına əl qoymağı planlaşdırır. Və bu prosesdə ərəb ölkələri də, İsrail də Trampın maraqlarına (oxu: ABŞ-ın qlobal geosiyasi, geoiqtisadi maraqlarına) xidmət edirlər. Pakistan-Əfqanıstan toqquşmasının nizamlanması prosesində də Tramp öz vasitəçiliyini təklif edərək onlara öz şərtlərini diktə edəcək və son nəticədə hər iki tərəfi Ağ Evin iradəsindən asılı vəziyyətə salacaq.

Baxın, ötən gecə başlayan və hazırda da davam edən Pakistan-Əfqanıstan silahlı toqquşmasının gerçək pərdəarxası motivləri və mənzərəsi məhz bundan ibarətdir. Odur ki, bu toqquşmanın səbəblərini birbaşa İslam dini ilə, fanatizmlə, cəhalətlə, mentalitetlə və daxili siyasi amillərlə bağlamaq absurddur.

P.S.Əlbəttə, dini fanatizmlə, cəhalətlə, mövhumatla, qaragüruhla, məzhəbçiliklə mübarizə aparmağımız həmişə vacibdir. Lakin bu cür qlobal geosiyasi kontekstli silahlı toqquşmanı gətirib dinlə bağlamaq isə həqiqətən də fürsətcillik və məqsədyönlü təhrifçilikdir.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights