Öz xalqına, öz vətəndaşına qarşı amansız olan iqtidarlara görk ola biləcək tablo

ELAZ.İNFO

Təxminən 30 il öncə belə bir fikirlə rastlaşmışdım. Səhv etmirəmsə, rəhmətlik Zehtabinin idi: “Əgər cəmi 1000 nəfər Zaqros dağlarının başındakı daşları Mesopotamiyadan İran yaylasına keçən İsgəndərin ordusunun üstünə dığırlatsaydı, hamısı məhv olardı. Amma, bu baş vermədi.” Beləcə xalqın da müəyyən hissəsi tərəfindən xilaskar kimi qəbul edilən Makedoniyalı İsgəndər Əhəməni şahlığını tarixə gömdü. Bu haqda Əhəməni tarixinin ən məşhur tədqiqatçisi Pyer Briant da yazıb.

Amma maraqlıdır ki, analoji vəziyyət 7-ci əsrdə Sasanilərin son şahı Yəzdigird zamanında da təkrarlanıb. 400 illik səltənət qısa müddət ərzində darmadağın edildi. Niyə? Çünki yenə xalq tərəfindən dəstək görmədi. Sasani şahı məhz xalqına qarşı amansız olduğu üçün o dəstəyi itirmişdi.

Çağdaş dövrün araşdırmaçıları 1979-cu ildə Pəhləvilərin də oxşar taleyi yaşadıqlarını qeyd edirlər. Xüsusilə Şahın cəza aparatı və SAVAK-ın ifrat vəhşilikləri əhalidə kəskin nifrət və qəzəbə səbəb olmuşdu. Nəticədə Pəhləvi şahı ölkədən qaçmağa məcbur oldu. İslam İnqilabının əvvəlində “inqilabiyyun” tərəfindən ədalət, bərabərlik çağırışları səslənsə də, xalqdan uzaq düşmüş həmin Əhəmənilərə və Sasanilərə qarşı açıq mövqe sərgilənsə də ( hətta Xomeyninin əmri ilə Kuroşun Pasarqaddaki məzarının dağıdılması belə nəzərdə tutulmuşdu, sonra bundan vaz keçdilər), qısa müddət sonra şüubiyə məfkurəsini Cümhuri-İslamiyə daşıyan zehniyyət öz istəyinə çatdı. Milli sitəm, dini və hətta məzhəbi diskriminasiya dövlətin zirvəsinə qədər yol tapdı, siyasilər, milli və insan haqları müdafiəçiləri amansiz təqiblə, ölümlə üzləşdilər. Edamlar adiləşdi. Xalqın yeraltı yerüstü sərvətləri çalındi, ya da ideoloji təbliğata qurban getdi. Milyonlarla insan, xüsusilə düşünən beyinlər ölkədən getməyə məcbur oldu. Nəticə isə göz önündə. Başına bomba yağan sakinlər, sevinc içində evlərin damında rejimi istefaya çağırir. Beləcə əhalinin mütləq əksəriyyətinin dəstəyini itirən sonuncu süubiyə hakimiyyətinin də sonu çatmış kimi görünür.

Məncə, öz xalqına, öz vətəndaşına qarşı amansız olan iqtidarlara görk ola biləcək tablodur.

Rüfət Muradlı

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights