Oyun baş tutmadı

(Məqalənin əvvəli saytımızda “Polşada dron qalmaqalı haqda” başlığı altında dərc olunub)

16 sentyabrda isə Trampın Britaniyaya rəsmi səfəri başlayırdı. Səfərdə kral da, baş nazir də Trampı yola gətirməli idilər ki, Avropadan çıxmasın, başqa sözlə Ukraynaya hərbi yardımı azaltmasın. Səfər 18 sentyabrda başa çatdı və, deyəsən, Britaniya Trampın fikrini dəyişə bilmədi.

İndi gəlin dron hücumunu emosiyasız təhlil edək.

Oyunun baş tutmadığı məlum olandan sonra – 16 sentyabrda Polşada “birdən” məlum oldu ki, fotosu BMT TŞ-də göstərilən ev Rusiya dronu ilə yox, Polşanın havaya qaldırdığı F-16 təyyarəsindən atılan raketlə vurulub. Evin nə ilə vurulduğunu əhalinin bilməməsi normaldır, onlar məlumatı mətbuatdan alırlar (mətbuat isə idarə olunur). Amma bunu hökumət 100% bilirdi axı. Belə çıxır ki, hökumət bilə-bilə BMT TŞ-də yalan məlumat verirdi – vaxtilə İraqa hücuma sanksiya almaq üçün Kolin Pauellin BMT TŞ-də iclas iştirakçılarına guya İraqda tapılmış kimyəvi maddəni (kütləvi qırğın silahını) göstərməsini xatırlatmır?

Görün, bu oyunbazlar tələsdiklərindən təxribatı necə naşıcasına qurmuşdular. Tutaq ki, evi dron zərbəsi dağıtmışdı. Polşa özü də etiraf etmişdi ki, dronlar partlayıcısız olublar. Deməli, ev partlayışla dağılmayıb. Çünki heç yanğın izləri də yox idi. Onda evin belə dağılması üçün onun üzərinə ağır və yüksək sürətlə gələn cisim düşməlidir. Dronlar faneradan və penoplastdan düzəldilmişdi, yəni yüngül idilər. Belə dron nəinki evi dağıda bilməz, heç nazik faneranı da deşə bilməz. Müharibə zonasında yollar üzərində antidron torların təyinatı elə onları saxlamaqdır, yəni dron adi torda belə ilişib qalır. Polşanın təqdim etdiyi bir fotoda dron köməkçi tikilinin üstünə düşüb – heç yeri də zədələməyib. Deməyim odur ki, dağılmış evin fotosuna baxan mütəxəssis dərhal başa düşər ki, bu ev dron zərbəsindən dağılmayıb.

Sonra Polşanın baş naziri dedi ki, nə olsun ki, evi bizim raket zərbəsi dağıdıb, Rusiya təcavüz etməsəydi, biz də raket atmaz, ev də uçulmazdı. Yəni bütün hallarda evin dağılmasında günahkar Rusiyadır. Yaxşı, baxaq, ev necə dağılıb. Raket zərbəsindən ev partlamalı və darmadağın olmalı idi, lakin ev partlamamışdı, uçulmuşdu. Bunu əsaslandırmaq üçün hökumət dedi ki, F-16 raketi drona atıb, raket hədəfdən yayınıb və evə dəyib, lakin xoşbəxtlikdən raket brak çıxıb və partlamayıb. Nəsə yaman çox təsadüflər olub:

▪️bir neçə yüz min dollarlıq raket hədəfə dəyməyib;

▪️raket evə dəyib, lakin partlamayıb;

▪️evdə heç kim olmayıb.

Bundan da sonra heç kim bilməyib ki, ev raketlə vurulub. A kişi, partlamayan raket elə evin içində olmalıdır axı. O boyda raketi dronla necə səhv salmaq olar?! Yəni evi dron yox, raketin dağıtdığını ev sakinləri də bilib, oranın fotosunu çəkən jurnalist də. Lakin hamı 16 sentyabradək susmaq (susdurulmaq) qərarına gəlib.

Bütün bunlardan mən belə nəticəyə gəlirəm ki, 10 sentyabrda heç bir dron hücumu olmayıb. F-16 və F-35-lər qəsdən ssenari üzrə havaya qaldırılıblar. Atılan raket də partlayıcısız olub, vurulacaq ev də əvvəlcədən seçilib.

Bunu həm də ona görə demək olar ki, belə hallarda təcavüzə məruz qalmış tərəf əvvəl hadisəni diqqətlə araşdırır, sonra qərar verir ki, bu hücumdur, yoxsa təxribat. Hücumdursa, bu bilərəkdən olub, yoxsa istəmədən. Rusiya Polşaya hadisənin birgə araşdırılmasını təklif etsə də Polşa imtina etdi və dərhal hadisənin təcavüz olduğunu bildirdi. Çünki araşdırılmasını istəmirdi, bu halda oyunun üstü açılacaqdı.

Bəs Rusiya dronları Polşaya necə keçə və ya gətirilə bilərdi. Rusiya Ukraynaya kamikadze dronlarla bərabər boş dronlar da göndərir. Boş dronların məqsədi Ukraynanın HHM sistemlərinin yerlərini aşkarlamaq və raketlərini tükətməkdir. Ukrayna REM sistemləri dronların bir hissəsini vurulmadan endirir. Ukrayna onları yığır və bir qayda olaraq, detallarını (haradan alındığını öyrənmək üçün), seriya nömrələrini (istehsal sürətini öyrənmək üçün), texnologiyasını, radiodalğa tezliklərini, proqram təminatlarını təhlil edir. Ola bilər, Ukrayna bu dronların bir neçəsini qurulmuş ssenari çərçivəsində Polşaya ya verib, o da ora-bura atıb, ya da sərhəddən göndərib.

Ukraynanın bu oyunda marağı bunda idi ki, Tramp hadisədən qəzəblənib, Rusiyaya qarşı daha sərt mövqe tutacaq. Axı Zelenski və “dostları” Trampa çoxdan deyirlər ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək, sonra bütün Avropaya hücum edəcək. Görürsən, sən Rusiyaya qarşı yumşaq mövqe göstərən kimi Rusiya daha da qudurur, indi artıq NATO ölkəsinə təcavüz edir. Yəni NATO-nun Rusiya ilə müharibə etməsini istəmirsənsə, sizin əvəzinizə döyüşən Ukraynaya kömək et.

Xatırladıram ki, 2024-cü ilin noyabr ayında Ukrayna, əlbəttə, Britaniyanın ssenarisi üzrə belə bir oyun qurmuşdu. O vaxt Bayden hansısa ölkədə olanda Polşaya raket zərbəsi endirilmiş və 2 traktorçu da ölmüşdü. Dərhal hay-küy qaldırıldı ki, Rusiya Polşaya təcavüz edib. Gözləyirdilər ki, Bayden NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun Rusiyaya müharibə elan edəcək. Lakin Bayden dedi ki, bunun üçün əsas yoxdur, bu təsadüfdür. Çünki ABŞ peykləri bütün raketləri izləyir və onun haradan atıldığını yaxşı bilirdilər. Keçən ay isə sabiq Polşa prezidenti Anjey Duda etiraf etdi ki, o vaxt raket Ukraynadan atılmışdı və Ukrayna bizi Rusiya ilə müharibəyə qoşulmağa təhrik edirdi. Zelenski axmaq deyil, bilirdi ki, ABŞ raketin haradan atıldığını biləcək, lakin ümid edirdi ki, Polşanın müharibəyə qoşulması ABŞ-ın da marağındadır deyə buna göz yumacaq. Amma nədənsə alınmadı.

19 sentyabrda Rusiya MiQ-lərinin Estoniya hava sərhədlərini pozmasını da bu oyunun tərkib hissəsi hesab edirəm. Rusiyanın Klininqradla birbaşa quru və hava əlaqəsi yoxdur. Beynəlxalq razılaşmaya əsasən Kalinqrada uçmaq üçün Rusiyaya Polşa və Litva hava məkanları arasında dar dəhliz verilib. Supersəs sürətli təyyarələrin hərdən həmin dəhlizdən kənarlaşması, yəqin ki, adi haldır. Belə hallar bütün ölkələrin sərhədlərində baş verə bilər. Bu zaman hava sərhədini pozan təyyarəyə yerdən müvafiq siqnal göndərilir və təyyarə yoluna qayıdır. Siqnallara reaksiya vermədikdə havaya qırıcı təyyarələr qaldırılır. Estoniya hava məkanının, həqiqətən də, pozulduğunu hələ demək tezdir – məsələ araşdırılmalıdır. Amma pozulubsa, bu adi halla bağlı dərhal hay-küy qaldırılması məqsədlidir.

Düşünürəm ki, Trampın bu hadisələrə soyuq reaksiyası da bunların oyun olduğunu dərk etməsi və ya hərbi məsləhətçiləri ona izah etməsi ilə bağlıdır.

Görünür, ABŞ-ın Avropanı yalqız qoymaması üçün hələ çox təxribatlar olacaq. Yəqin ki, bir Rusiya təyyarəsi vuracaqlar ki, Rusiya cavab versin. Amma ən çox qorxduğum nüvə təxribatıdır. Britaniya buna da gedə bilər, çünki Avropada nüvə təxribatı onun üçün ciddi təhlükə yaratmır.

Hələlik isə Ukrayna bu hadisədən uduzdu, Polşa uddu, Aİ və Britaniya uduzdu (azı heç nə udmadı), Rusiya uddu.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights