…. Sevgi. Bu hissi hər kəs bir cür izah edir. Müasir gənclik isə sevgi, eşq kateqoriyasına daxil olan, hardasa dəbdə olan bir çox sözləri daha açıq-saçıq şəkildə, kimsədən çəkinmədən, utanmadan işlədir. Təəssüf ki, “canım”, “həyatım”, “aşkım” (Allahu əkbar)) və digər ifadələrlə bir-birinə müraciət edən cütlüklər arasında son zamanlar boşanma halları daha çoxdur. Bal kimi bu şirin sözcüklər anında tərəflər arasında dondurulur, nifrətə çevrilərək mənfi aura yaradır. Min-bir ümidlə, xəyalla birləşdirilən yolların ayrıcında məhkəmə salonları görünür.
Bir zamanlar təntənəli musiqi öz yerini hüznlü, sakit, peşiman ab-havaya verir. Ailə quran gənclərin, valideynlərin, yaxınların möhtəşəm toy məclislərində eşidilən qəhqəhələrindən, sevinc hisslərindən sonra bu susqun, peşiman ab-hava ürəyəyatmayan, arzulanmayan görüntü yaradır. Düşünürsən; bəs harda qaldı- “aşkım”, “həyatım” kəlmələrinin ağırlığı? Bu gözəl sözlər sabun köpüyü idimi? Niyə bu sözü işlədən bu cütlüklər bu “dağdan ağır” sözləri işlədərkən onun mahiyyətinə varmadılar? Tanrı qatında insanı şərəfləndirən söz nədən nadanların üzündən dəyərindən düşürüldü?
“Hünərlərinə bələd olmayanlar” bu sözləri işlətməkdən çəkinməlidirlər. Oysa bir baxış, bir təbəssüm yetər o ankı sevgini izhar etməyə.
Bu məqamda bir mükaliməni Sizə təqdim edəcəyəm. Görək siz hansı fikrin üstündə bənd salacaqsınız.
-Bir yaşlı xaladan soruşdum ki, -Sən nə vaxtsa sevmisən?
Elə utanıb gülümsədi ki… Həyəcandan böyüyən gözlərini süzdürdü, kipriklərini aşağı endirdi.
-Nə bilim ay bala, sevgi necə olur- bilmirəm ki…- dedi.
Saçlarında, çöhrəsində zamanın insafsız əli gəzən bu yaşlı qadın bir anlıq sanki canlandı, nazlandı, cilvələndi. Bir az düşündü. Cavab verdi ki, -mənim kişim mənə heç vaxt -səni sevirəm demədi ki…
Dərindən nəfəs alaraq bu üzündən nur yağan yaşlı xanım nigaran baxışlarıyla sanki nəsə axtarırmış kimi danışmağa başladı.
-Mənim balam, mənim kişim bir gün də olsun məndən ayrı yatmadı- dedi sən yanımda olmayanda nəfəsim çatmır -boğuluram.
-Hər gün işə gedəndə, qapıdan çıxanda nigaran-nigaran baxdı mənə, boynunu burub getdi, axşamları evə tələsərək gəldi. Rahat olub-olmadığımı bilmək üçün suallar yağdırdı. İmkanımız daxilində nə istədim aldı gətirdi.
Nə qədər çox işi olsa da, məni bir yerə tək qoymadı, özü ilə aparıb gətirdi. Ailə qurandan sonra heç bir gün də olsun, ondan ayrı qalmadım. Dedi ki, gəlib səni evdə görməsəm dəli olaram.
Bəzən yol çəkən gözləri uzaqlara dikilər, qəflətən diksinər, əlimdən tutub, -mən sənsiz dözəmmərəm -deyər.
-Nə bilim, ay bala, bəlkə sənin dediyin elə bu sevgidir, hə?
….hhhmmm….
İlahə BAYINDIR