“Öyrənmə sevgisi yox olanda tərəqqi yox, tənəzzül başlayır”

“Bilik axtarmaq ruhu yox olurmu?”


Bir zamanlar elmə yiyələnmək müqəddəs yol, həqiqi fədakarlığın, mətanətin, səbrin, vəfanın əlaməti idi.
Kitab tapmaq, oxumaq, anlamaq, ona uyğun hərəkət etmək sadə bir məşğuliyyət deyil, həyat tərzi idi. Əcdadlarımız elm dalınca yurd-yuvasından başqa ölkələrə səfər etmiş, müəllim tapmaq üçün uzun yollar qət etmiş, hər sözü ürəklərinə yazmışlar.
Bu gün bilik istəyən hər kəs üçün sonsuz imkanlar var: İnternet, onlayn kurslar, elektron kitablar, süni intellekt və dünyanın ən yaxşı universitetlərinə birbaşa daxil olmaq. Amma… sual yaranır: biliyə maraq, ehtiyac və həvəs niyə azalır?
Bəlkə də problem biliyi əldə etməyin çətinliyində deyil, ona verilən qiymət hissini itirməsindədir. Çünki biz həmişə çətin gördüyümüz şeyi dəyərli hesab edirik. İndiki nəsil elmə “hazır məhsul” kimi baxır – lakin biliyə gedən yolda əziyyət çəkmədiyi üçün elmin dəyərini tam dərk etmir.
Həm də “tez nəticələrə” öyrəşmiş bir cəmiyyətdə uzun müddət oxumaq, düşünmək, elmə illərlə vaxt sərf etmək lazımsız səy kimi görünür. Buna görə də bəzi insanlar elm deyil, gəlir gətirəcək qısa yollar axtarırlar. Bu, cəmiyyətimizdə dərindən düşünən, geniş dünyagörüşü olan, mütaliəyə bələd olan insanların sayının azalmasına gətirib çıxarır.
Amma həqiqət budur ki, gələcək elmdədir, elmə bağlı gənclərdir. Bu gün oxumayanlar sabah başqalarına xidmət etməyə məcbur olacaqlar. Elm təkcə peşə deyil, həm də düşünmək, həyatı düzgün dərk etmək, cəmiyyətdə öz yerini tapmaq üçün vasitədir.
Deməli, gənclərin qəlbində elmə məhəbbəti yenidən alovlandırmalıyıq. Təkcə dərs deyil, həyatı öyrənmək, sual vermək, həqiqəti axtarmaq, düşünməyə çalışmaq ruhunu qaytarmaq lazımdır.
“Öyrənmə sevgisi yox olanda tərəqqi yox, tənəzzül başlayır.”

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights