Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu və ilk başqanı olmuş başbuğ Alparslan Türkeşin qızı Ayyüce Türkeş partiyanın hazırkı sədri Dövlət Bağçalıya PKK terror təşkilatının lideri Abdullah Öcalan üçün “PKK-nın qurucu öndəri” ifadəsini işlətməsinə görə sərt təpki göstərməkdə tamamilə haqlıdır.
MHP lideri hara, teröristbaşı Öcalanın “PKK-nın qurucu öndəri” adlandırılması hara?
Bunlar bir-birinə tərs gələn anlayışlar, qavrayışlardır.
40 mindən çox türkün qətlinin baiskarı olan terrorçu bir örgütün rəhbərini axı hansı məntiqlə “qurucu öndər” adlandırmaq olar?
Əlbəttə, AKP-MHP ittifaqının (“Cümhur ittifaqı”) “Terrorsuz Türkiyə” doktrini, hədəfi gerçəkdən təqdirə layiqdir. Lakin bu cür ülvi hədəfə terroristbaşını “qurucu öndər” adlandırmaqla nail olmaq cəhdi kökündən səhvdir.
Reallıq hissini getdikcə tam olaraq itirməkdə olan Dövlət Bağçalı gələcək açıqlamalarından birində Öcalanı “dahi lider”, “böyük şəxsiyyət” adlandırsa, artıq buna da əsla təəccüblənmərik.
D.Bağçalının Qurban bayramı günündə başbuğ Alparslan Türkeşin məzarını ziyarət etdikdən sonra terrorçuların liderini, xain və qatil bir şəxsi “qurucu lider” elan etməsi doğrudan da Türkeşin və terror qurbanlarının xatirəsinə qarşı böyük hörmətsizlikdir.
Bəybala MİRZƏYEV