Onun həyatı bir ibrətə çevrildi

Bir vaxtlar bir kənddə insanların çox hörmət etdiyi bir rəhbər yaşayırdı. Onun adı Rauf idi. İlk illər hamı onu ədalətli, qayğıkeş, insanların dərdini bilən bir adam kimi tanıyırdı. Amma illər keçdikcə bu hörmətin kökü kəsilməyə, arxasında gizlənən bir riyakarlıq üzə çıxmağa başladı.

Raufun dilində hər zaman “ədalət”, “vicdan” sözləri olardı, amma əməllərində bu sözlərin kölgəsi belə görünməzdi. O, insanların qarşısında təvazökar görünmək üçün kasıbların evinə baş çəkər, şəkillər çəkdirər, amma arxadan onların yardımlarını kəsərdi. Sədaqətli işçilərini sevməzdi, çünki həqiqət deyənlər onun güzgüsünə çevrilirdi. O isə güzgüdə öz eybini görmək istəmirdi.

Bir dəfə onun köhnə dostu Kamran, düz, vicdanlı bir adam, rəhbərin yanına gəldi və dedi:

— Rauf, sən dəyişmisən. Qorxuram ki, sən artıq özünü insanlardan üstün görürsən. Unutma, rəhbərlik xidmətdir, hökmranlıq yox.

Rauf gülümsədi, amma bu gülümsəmə səmimi deyildi.

— Kamran, sən sadəlövh adamsan. Bu dövrdə düz danışanlar yaşayırmı? Mən olmasam, bu sistem dağılar. O gündən sonra Kamran və onun kimi bir çox vicdanlı insanlar işdən uzaqlaşdırıldı. Rauf ətrafına yalnız tərif edən, yaltaqlanan, həqiqəti gizlədən adamları topladı. Zaman keçdikcə o, öz uydurduğu “böyüklük” illüziyasına inanmağa başladı. Amma həyatın bir qanunu var, yalan gec də olsa ifşa olunur.

Bir gün onun imzaladığı saxta sənədlər, gizli əlaqələri üzə çıxdı. İnsanlar onun necə ikiüzlü olduğunu gördülər. Dünən onun qarşısında baş əyənlər bu gün arxasını çevirdi. Rauf kabinetində tək qaldı. Pəncərədən baxarkən, illər əvvəl insanların inam dolu baxışlarını xatırladı. O baxışlar indi nifrət və peşmanlıqla dolu idi. O an anlayır ki, rəhbərlik kreslosu insanı böyütmür, onu kiçildən də, ucaldan da vicdanıdır.

Hekayənin sonunda Raufun adını insanlar daha “hörmətli rəhbər” kimi deyil, “riyakar rəhbər” kimi xatırladılar. Onun həyatı bir ibrətə çevrildi, haqqı gizlədən, yalanla yaşayan rəhbərin sonu həmişə təkliyin və rüsvayçılığın qaranlığında bitir.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights