“Onların gizlətdiyi bircə “sandıq” büdcə kəsirini bağlamağa bəs edər…”

Bu gün dövlət büdcəsinə vəsait toplamaq, xüsusilə də Qarabağda aparılan tikinti, bərpa və abadlıq işlərini maliyyələşdirmək üçün ciddi ehtiyac var.

Bunu ELAZ.İNFO-ya, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

Siyasi şərhçi qeyd edib ki, qarabağlıların doğma yurdlarına dönüşü, yeni şəhərlərin və kəndlərin qurulması Azərbaycan dövlətinin prioritetidir.

“Amma bu vəsait kimdən toplanmalıdır? Dövlətin illərlə talan etdiyi pulları gizlədən bəzi məmurlardan, yoxsa kasıb təbəqədən? Təəssüf ki, bəzi maliyyə dairələrinin son addımları göstərir ki, büdcə kəsirinin yükü yenə də imkan­sız, dolanışıq dərdində olan insanların üzərinə qoyulur. Bu ədalətsiz, sosial ədalət prinsiplərinə zidd yanaşmadır” – deyə deputatın köməkçisi bildirib.

Deputat köməkçisi vurğulayıb ki, əgər doğrudan da büdcədə kəsir varsa, onun yeri kasıbın cibində yox, məmurun seyfindədir.

“İllərlə dövlət quruculuğu əvəzinə büdcəni talamaqla özlərinə saraylar, villalar, ofşor hesablarda sərvətlər quran məmurların qapısını döyməyin vaxtıdır. Onların gizlətdiyi bircə “sandıq” büdcə kəsirini bağlamağa, hətta Qarabağda yeni şəhərlər salmağa bəs edər. Bu sadəcə ictimai tələb deyil, ədalətin bərpasıdır”, – siyasi şərhçi bildirib

Ehtiram Mehdiyev deyib ki, əgər doğrudan da şəffaflıq və məsuliyyət prinsipləri əsas götürülürsə, onda büdcədən oğurlanmış vəsaitlərin araşdırılması, bu işlərdə iştirak edən şəxslərə qarşı cinayət işlərinin qaldırılması və həmin pulların büdcəyə qaytarılması vacibdir.

“İnsanların ağır güzəranı, çətin həyat şəraiti, əziyyəti hesabına “böyük quruculuq” olmaz. Əksinə, ədalətli dövlət modeli o zaman qurulur ki, yük zəifin deyil, varlı və məsuliyyətsiz olanın üzərinə qoyurlar,” – Ehtiram Mehtiyev əlavə edib.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights