Öncə Vətəndir!

“Şücaətə görə” medalına layiq görülmüş ilk hərbçi, Azərbaycan Silahlı Qüvvələrinin mayoru

Şəhid Aqşin Abdullayevin unudulmaz xatirəsinə ithaf olunur.

Həmin gün Kiş kəndinə yayılan xəbər nə qədər acı, üzüntülü olsa da, həm də, qürurverici idi. Məktəbimizin sayılıb-seçilən müəllimlərin­dən olan, yüzlərlə şagird yetişdirən, öz ziyalı təfəkkürü  və davranışı ilə bütün kəndin rəğbətini qazanan  Dursun  müəllimin oğlu- kəşfiyyat bölüyünün komandiri Aqşin torpağımızın azadlığı uğrunda gedən döyüşlərdə əməliyyat zamanı qəhrəmancasına həlak olmuşdu…

Yadıma bir neçə gün əvvəl xalqımızın qan yaddaşına yazılan Xocalı faciəsinin ildönümü ilə əlaqədar  məktəbdə keçirdiyimiz tədbir düşdü. Bu tədbir üçün  hazırladığımız səhnəcikdə mən Azərbaycan  əsgərinin obrazını  canlandırırdım. Çıxışımı bitirib pərdə arxasına  keçəndə Dursun müəllimin yaxınlaşdığını gördüm. Mənə ilk dəfə qələm tutmağı, “Ana Vətən”  sözlərini   yazıb-oxumağı öyrətmiş bu ibtidai sinif müəllimimə bir doğmalıq hissi  vardı ürəyimdə.

Yaşarmış gözlərini  titrəyən barmaqları ilə silərək həyəcanlı bir səslə danışmağa başladı:

  • Azad, oğlum, bu çıxış ssenari mətnindən  sənə düşən bir hissənin əzbərçiliyi deyildi; bu bütün ruhu və qəlbi ilə Vətən torpağına bağlı olan, ürəyi Vətən sevgisi ilə çırpınan bir gələcək  əsgərin alovlu nitqi idi.  Sən səhnədə payına düşən rolunu deyil, özünü oynayırdın. Sağ ol, oğlum! Bu Vətən çətin günündə, dar günündə həmişə sənin kimi oğulların hünərinə güvənir.Onu Vətən edən, qoruyan, var edən sizsiniz!

Dursun müəllim məni qucaqlayıb bağrına basdı. Sevimli müəllimimdən eşitdiyim  bu hərarətli sözlərə görə, çox həyəcanlı idim və əmin idim ki, bu anlar məktəb illərimin ən gözəl xatirəsi kimi yaddaşıma hopacaq.

Lakin o zaman haradan biləydim ki, bir neçə gün sonra Dursun  müəllimin şəhid övladının dəfni zamanı deyəcəyi sözlər mənim gələcək planlarıma təsir edəcək, orta məktəbi bitirdikdən sonra əvvəl hərbi xidmətə yollanıb Vətənə övladlıq borcumu şərəflə ödəməyə, yalnız bundan sonra təhsilimi davam etdirməyə qərar verəcəyəm.

Dəfn günü üçrəngli Vətən bayrağına bükülmüş tabutun ardınca kənd qəbiristanlığına doğru insan seli axışırdı. Nəinki, yaxın kəndlərdən, rayon mərkəzindən də xəbər tutanlar Dursun müəllimin ailəsinə mənəvi dəstək olmağa, onların kədərinə şərik çıxdıqlarını bildirməyə gəlmişdilər. Hamı Şəhidin qəhrəmanlığından ağız dolusu danışırdı.

Aqşin İsmayıl oğlu Abdullayev 1 oktyabr 1982-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub.  1988-1999-cu illərdə  Kiş kəndindəki 4 nömrəli orta məktəbdə təhsil alıb.  Hərb sənətinə olan marağı uşaqlıqdan böyüklərin diqqətini çəkirdi.   Ona görə də, Aqşin Ali Hərbi Məktəbə daxil olanda heç kim təəccüblənmədi. 2003-cü ildə Ali Hərbi Məktəbi bitirən Aqşin Abdullayev 1 il də Azərbaycan Ordusunun Təlim  və Tədris Mərkəzində təhsil alır. 2004-cü ildə ailə qurur.

2003-cü ildə leytenant, 2005-ci ildə Baş leytenant, 2009-cu ildə kapitan, 2013-cü ildə mayor hərbi rütbələrini alan Aqşin həmişə öz igidliyi,  məntiqi ilə seçilirdi. Vətənə xidməti bir oğul borcundan çox bir yaşam missiyası sayırdı.   Müxtəlif illərdə  III dərəcəli “Qüsursuz xidmətə görə”, II  dərəcəli “Qüsursuz xidmətə görə”,  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” medalları ilə təltif edilib.  2016-cı ildə “Aprel döyüşləri”ndəki şücaəti də dəyərləndirilmiş, Aqşin Abdullayevə Fəxri Fərman verilmişdir.

Vətəni  ömür payından ucada tutan Aqşin Abdullayev 2017-ci ildəki “Fevral döyüşləri” zamanı  sinəsini irəli verir. Övladları Amin, Nərmin və Ömərin  ağgünlü Vətəndə xoşbəxt yaşaması üçün düşmənin torpağa dikilmiş gözlərini oymalı olduğunu bilirdi…

Kəşfiyyat bölüyünün komandiri olan Aqşin tapşırığa gedən əsgərlərini izləyir, səngərdə döyüşü idarə edirdi. Necə olursa, bu dəfə qrup tələyə düşür, düşmən tərəf onları görür. Əsgərlərinin geri qayıda bilmədiyini görən Aqşin ölümü gözünün altına alır- dərhal döyüşə atılır. Özünü  əsgərlərinə yetirir, bacardığı qədər yaralıları və həlak olmuş əsgərlərin nəşini  döyüş meydanından çıxarmağa çalışır.

Bu döyüşdə Aqşin əsl qəhrəman kimi şücaət göstərir. Öz əsgərlərini xilas etmək və ya onların yanında ölmək üçün evində ata yolu gözləyən  üç balasını belə,  düşünmür…Cəsur, rəşadətli Vətən oğlu gərgin keçən döyüşdə şərəflə vuruşaraq Şəhid olur. Son nəfəsində yanında olub, əlini tutan silah yoldaşı Zülfi onun barmaqları ilə bir ovuc Vətən torpağını sıxdığını görür.

Dursun  müəllimin oğlu Aqşinin tabutu önündə  qürurla dayanaraq, onun şəklini sinəsinə sıxıb söylədiyi sözlər həmişə “Bu Vətən sənindir, onun layiqli övladı ol!” nidası kimi  qulaqlarımda səslənəcəkdir:

-Körpəliyində səni qollarımda yüyrəyərək yatızdırar, yatağına qoyar, tez böyüməni arzulayaraq  qoxulayar, öpər, anama əmanət edib, işə gedərdim. Yenə də qucaqlayıb yatağına qoyuram -əbədi yatağına. Sonuncu dəfə qoxulayır, öpür, ana torpağa əmanət edirəm. Lakin artıq böyüməni arzulamıram. Çünki sən elə bir ucalığa çatmısan ki, bundan yüksəyi yoxdur.  Olduğun ucalıq hər bir Vətən oğlunun arzuladığı,  amma  hamıya nəsib olmayan Şəhidlik zirvəsidir.

Tabutu açanda Dursun müəllim oğlunun düşmənin ölüsündən belə, qorxub, dəlik-deşik elədiyi sinəsinin yaralarından öpmək istədi. Şəhidin nəşini qəbrə sallayanda hamımız heyrət içində qalmışdıq. Ana öz əlləri ilə Şəhid övladını qəbirə qoydu ki, tanrı dərgahına yüksəlsin.

 Gözlərim Aqşinin şəkildən boylanan nurlu simasındakı baxışları ilə rastlaşdı. -“Məni sən bu cür tərbiyə etdin, ana! Vətən torpağını, el namusunu qorumağı sən öyrətdin. Səninlə həmişə qürur duymuşam, sən də mənimlə qürurlan!” -cümlələrini oxudum bu mətin baxışlardan…

Öz-özümə pıçıldadım: -“Rahat uyu, əziz qardaşım! Sənin və bütün Şəhidlərimizin qanı yerdə qalmayacaq. İndi Vətən bizlərə əmanətdir! Hər şeydən öncə Vətəndir!”

Pərvanə KƏLƏĞAY

Bizimlə oxuyun

One thought on “Öncə Vətəndir!

  1. Şəhidlər – Ölümsüz Ruhlar

    Bəzi insanlar var ki, ömürləri qısa olsa da, yaşadıqları müddətdə elə bir iz qoyurlar ki, adları heç vaxt unudulmur. Onlar şəhidlərdir – Vətənin azadlığı, xalqın sabahı üçün öz həyatlarını qurban verən müqəddəs ruhlar.

    Mayor Aqşin İsmayıl oğlu Abdullayev də məhz belə qəhrəmanlardan biridir. O, 2017-ci il fevralın 25-də Xocavənd uğrunda gedən döyüşlərdə düşmənə sinə gərdi, bir addım da geri çəkilmədi. O, ölümün nə olduğunu bilirdi, lakin qorxmadı, çünki onun üçün Vətən hər şeydən üstün idi. Şəhadətə yüksəldiyi andan sonra nəşi üç gün neytral ərazidə qaldı, sanki ruhu da Vətənin torpağına qarışmaq üçün tələsmirdi.

    O, öz taleyini seçmişdi – Vətənə xidmət etmək, onu qorumaq və uğrunda canını vermək. Bu, yalnız böyük ürək sahiblərinin, qorxmaz insanların seçimidir. O, doğma Şəkinin Kiş kəndində torpağa tapşırıldı, amma əslində, xalqının ürəyində dəfn olundu. Çünki şəhidlər ölmür – onlar torpaqla birləşərək, hər çiçəkdə, hər küləkdə, hər yağış damlasında bizə “Mən buradayam, sizi qoruyuram” deyirlər.

    Şəhidlər unudulmazdır, çünki onların fədakarlığı sayəsində biz bu gün azad nəfəs alırıq. Aqşin Abdullayev və onun kimi igidlər təkcə bir ailənin, bir kəndin yox, bütün Azərbaycanın övladlarıdır. Onların xatirəsi daim yaşayacaq – ürəklərdə, dualarda, Vətənin qürur dolu tarixində.

    Ruhun şad olsun, qəhrəman!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights