ELAZ.İNFO Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Almaniyada yaşayan azərbaycanlı rəssam Fərid İsmayılov Hollandiyanın Maastrixt şəhərində keçirilən “Europartfair” beynəlxalq incəsənət yarmarkasında ölkəmizi təmsil edib.
Həmyerlimiz rəhbərlik etdiyi “Gallery Ismayilov” stendi ilə həm öz sənət nümunələrini, həm də bir sıra gənc azərbaycanlı rəssam və heykəltəraşların əsərlərini sərgiləyib. Fərid İsmayılovun xüsusilə “Axşamçağı” adlı yağlı boya əsəri ziyarətçilərin diqqətini cəlb edib və yüksək qiymətləndirilib.
“Gallery Ismayilov” stendindəki gənc heykəltəraş Kənan Əliyevin bürüncdən hazırladığı “Topla qız” və “Hamilə qadın” əsərləri də böyük marağa səbəb olub. Keramika sənəti üzrə işləyən Aflan Qasımovun heyvan obrazlarına həsr etdiyi portretləri sərginin ən yadda qalan işlərindən olub. Rəssam Fəxriyə Əliyevanın fərdi yanaşması ilə seçilən əsərləri isə Azərbaycan müasir incəsənətinin zənginliyini əks etdirib.
Sərgi boyunca “Gallery Ismayilov” stendinə olan böyük maraq Azərbaycan incəsənətinə beynəlxalq aləmdəki rəğbət və diqqəti bir daha nümayiş etdirib.