ELAZ.İNFO, BAKI, 05.05.2025.
Los-Ancelesdə keçirilən XI Beynəlxalq Gənclər Konfransında onlayn iştirak etmək şansım oldu. Bu ilki Konfransın əsas tematik mövzusu “Gənclərlə Qlobal İnkişafa Doğru” olaraq, qlobal platforma çərçivəsində gənc liderlərə daha dinc və ədalətli dünya üçün təsirli həllər yaratmaq imkanları aşılayır. 66400 gəncin qeydiyyatdan keçdiyi konfransda 1-4 may tarixlərində plenar sessiyalar, seminarlar və qlobal tərəfdaşlıqlara yönəlmiş əməkdaşlıq müzakirələri aparıldı.
Bu gün konfransın son gününün açılış nitqi zamanı Azərbaycan gəncliyi ilə bağlı bir nümunənin çəkilməsi isə xüsusən maraqlı oldu. Belə ki, Los Ancelesdə Seneqal Respublikasının fəxri konsulu xanım Mame Toucouleur MBaye spiker kimi çıxışı zamanı ötən il Bakıda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından söz açdı. Xanım Mame Toucouleur Forumun əhəmiyyətindən danışmaqla yanaşı, Bakıda şəhər gəzintisinə çıxarkən təsadüfən 1 gənclə qarşılaşdığını və gəncin ingilis dilində sərbəst danışmasından, eləcə də həmin gəncin ölkədə aparılan gənclər siyasəti ilə bağlı verdiyi məlumatdan heyrətləndiyini dilə gətirdi və bu təcrübəni digər ölkələrdən olan gənclərə nümunə çəkdi.
Azərbaycan gəncliyi ilə bağlı nümunənin beynəlxalq konfransda fəxri spiker tərəfindən səsləndirilməsi bir daha bizi qürurlandırdı!
Nədimə RƏHİMLİ