Tariximizin parlaq simalanından olan Əlimərdan bəy Topçubaşov 1862-ci ilin may ayının 4-də Tiflis şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Tiflis gimnaziyasında almışdır. 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək, Pеtеrburq Univеrsitеtinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci sеmеstrdən sonra o, hüquq fakültəsinə kеçmişdir. 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək, hüquq еlmləri namizədi adını almışdır. Universitetdən sonra Əlimərdan bəy Topçubaşov Tiflisdə hakim köməkçisi, vəkil işləmiş, Bakıda publisistika ilə məşğul olmuşdur. Rus dilli “Bakinskiy Torqovo-promışlennıy listok” qəzetini redaktə etmişdir. 1898-ci ildə “Kaspi” qəzetini alaraq ona rəhbərlik etmişdir. Əlimərdan bəyin 1897-1917-ci illərdə “Kaspi” qəzetində yüzlərlə məqaləsi dərc olunub. Maarifçiliklə məşğul olaraq teatr həyatını işıqlandırmış və Azərbaycan ədəbiyyatını təbliğ etmişdir. O böyük siyasətçi və dövlət xadimi, gözəl publisist alim olmuşdur.
Əlimərdan bəy Topçubaşov maarifpərvər ziyalı olmaqla yanaşı, həm də millətlərin haqq və hüquqlarının qorunması üçün mübarizə aparmış, böyük xidmətləri olmuş əvəzolunmaz şəxsiyyətlərdən biridir. O, Rusiyada yaşayan müsəlmanların “İttifaqul Müslimun” (müsəlman ittifaqı) təşkilatının yaradılmasında yaxından iştirak edib. Təşkilatın 1905-1906-cı illərdə Nijni Novqorod və Sankt-Peterburq qurultayları onun sədrliyi ilə keçirilib.
1905-ci ilin avqustun 15-də Oka çayında “Qustav Struve” gəmisində “Ümumrusiya müsəlmanlarının qurultayını çağırmışdır. Müsəlmanların qurultayı mərkəz Bakıda olmaqla Əlimərdan bəy Topçubaşovu sədr seçmişdir. O, Rusiya müsəlmanlarını qurultayda birləşməyə çağırmışdır. 1907-ci ildə Əlimərdan bəy Topçubaşov Bakı qəzasından Rusiya Dövlət Dumasına deputat seçilmişdir. Dumada o, Rusiyada bütün azsaylı xalqların avtonomiyasını tələb edən, “Narodnaya volya”çıların fraksiyasına qoşulmuşdur. Əlimərdan bəy Topçubaşov dumada çıxış edərək Rusiyanın müsəlman xalqlarına qarşı olan siyasətini kəskin tənqid etmişdir. Bu illərdə o çar hökumətinin “Qara siyahısı”na düşərək polisin məxfi nəzarətinə götürülmüşdür.
Əlimərdan bəy Azərbaycanda və Rusiya müsəlmanları arasında liberializmin banisi də sayıla bilər. Rusiyanın bütün müsəlman yurdlarını qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər, oymaq-oymaq gəzmişdi Qafqaz dağlarında, Krım bağlarında, Kazan çöllərində məhkum millətə çevrilmiş, azadlığı əlindən alınmış türklərin təşkilatlanmasında, nicat yolu axtarmasında Əlimərdan bəyin rəhbərlik etdiyi Müsəlman İttifaqının böyük rolu olmuşdur”.
Əlimədan bəy eyni zamanda yalnız Rusyada yaşayan xalqların deyil, Qafqaz xalqlarının da azad və bərabərhüquqlu yaşamasının tərəfdarı olmuşdur.
1916 –cı ildə Ə. Topçubaşov Tiflisdə keçirilən Qafqaz xalqları qurultayında iştirak edir. Burada ilk dəfə olaraq onun tərəfindən burada yaşayan xalqların həmrəyliyi naminə Qafqaz Konfederasiyası ideyası səsləndirilir. Əlimərdan bəy eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti yaranan gündən hüquqşünas alim olaraq cümhuriyyətin dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin qurulması üçün var-qüvvəsi ilə çalışıb.
1918-ci ilin may ayının 28-də Azərbaycanın müstəqilliyi elan edildikdən bir qədər sonra, avqustun 20-də hökümət üzvü Ə.Topçubaşov Azərbaycan Cumhuriyyətinin Səlahiyyətli naziri və Fövqəladə nümayəndəsi təyin olunaraq, Cumhuriyyətin maraqlarına aid olan bütün məsələlər üzrə Osmanlı Dövlətinə göndərilir. Oktyabr ayının 6-da o, həm də Azərbaycan Cumhuriyyətinin Xarici İşlər naziri vəzifəsinə təyin olunur.
1918-ci ilin dekabr ayının 7-də Bakıda ilk iclasına toplanan Azərbaycan Parlamenti Əlimərdan bəy Topçubaşovu özünün sədrini seçir. İstanbulda olmasına baxmayaraq, parlamentin, eləcə də dövlətin başçısı vəzifəsinin məhz Əlimərdan bəyə tapşırılması Azərbaycanda hər kəsin sevincinə səbəb olmuşdu.
1918-ci il dekabrın 28-də Azərbaycan parlamenti Paris sülh konfransına gedəcək nümayəndə heyətini seçdi. İstanbulda olan Əlimərdan bəy Topçubaşov nümayəndə heyətinin sədri təyin edildi. Yanvarın 20-də nümayəndə heyəti İstanbula getdi. Lakin Fransa hökuməti onlara Parisə getmək üçün viza vermədi. Azərbaycanla eyni vəziyyətdə olan Ukrayna, Gürcüstan və digər yeni qurulmuş ölkələrin nümayəndələri birləşib memorandum hazırladılar. Əlimərdan bəyin rəhbərliyi ilə hazırlanan memorandum İstanbulda olan Böyük Britaniyanın ali komissarı Vebbə çatdırıldı. Nəhayət, üç ay sürən mücadilədən sonra viza məsələsi həll olundu və Əlimərdan bəyin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 1919-cu il aprelin 22-də Parisə yola düşdü.
Əlimərdan bəyin Parisdə gördüyü ən böyük iş nümayəndə heyətimizin ABŞ Prezidenti Vudro Vilsonla görüşüdür. Vilson 1919-cu il mayın 28-də, Cümhuriyyətin bir yaşının tamam olduğu gün Azərbaycan nümayəndə heyətini qəbul etdi. Əlimərdan bəy Topçubaşov ABŞ Prezidentini Azərbaycandakı, eləcə də Cənubi Qafqazdakı siyasi-iqtisadi vəziyyət barədə məlumatlandırdı, Paris sülh konfransına təqdim ediləcək memorandumu ona verdi.
1920-ci il yanvarın 15-də Fransa səfirliyinə dəvət olunan Əlimərdan bəy Topçubaşova Azərbaycanın müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığı barədə məlumat verildi və Paris sülh konfransının rəsmi sənədi təqdim olundu. Buna çox sevinən Əlimərdan bəy Baş nazir Nəsib bəy Yusifbəyliyə yazırdı:
-“Bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır… Biz bu səadətə bərabər olan heç nə tanımırıq”.
Əlimərdan bəy Topçubaşov 1920-ci il noyabrın 1-də Azərbaycanın Millətlər Cəmiyyətinə üzv qəbul еdilməsi üçün müraciət еtmişdir. Əlimərdan bəy Topçubaşov Sovet nümayəndə heyyətlərinin etirazlarına baxmayaraq bir sıra beynəlxalq konfranslarda Cümhuriyyət Hökuməti tərəfindən ona verilmiş mandatla iştirak edərək Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğunu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında məlumatlar vermişdir. O vətəndən uzaqda yaşasa da ömrünün sonuna qədər yorulmadan Azərbaycan üçün mücadilə etmişdir..
Əlimərdan bəy Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunmuşdur.
Zülfiyyə NOVRUZOVA
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun
“İslam Fəlsəfəsi” şöbəsinin dissertantı