Trampın (və ya onu hakimiyyətə gətirənlərin) heç bir planı (bəyan edilmiş və edilməmiş) alınmır. ABŞ imperiyası bütün sahələrdə uğursuzluqlarla üzləşir. İmperiyanın çöküşü sürətlənir. Çöküş bu sürətlə getsə, növbəti ildə ABŞ dünyanın çox regionundan geri çəkilməyə məcbur olacaq.
Lakin belə sürətli çöküş bütün dünya üçün daha böyük təhlükədir. Çünki tədrici çöküş həm qlobal institutların (qanunlar, standartlar, strukturlar və s.) yeni dünya nizamına adaptasiyasına, həm də ABŞ neokonlarının yeni nizamla barışmasına imkan verir. İmperiya sürətlə çökərsə, dünyada bir xaos yaranacaq. Bundan da təhlükəlisi isə dünya imperiyası ambisiyasında qalan ABŞ neokonlarının belə vəziyyətlə barışmaq istəməməsidir. ABŞ dünyada ən böyük nüvə arsenalına mailik olan 2 ölkədən biridir. İmperiyanın hakim dairələrində də, gördüyümüz kimi, adekvat adamlar azdır.
Hazırda dünyada baş verənləri izləyəndə görürüəm ki, ABŞ-la münasibətdə ölkələr sanki ABŞ-ı əsəbiləşdirməmək üçün onu yola verməyə çalışırlar – heç kim onun istədiyini etmir, lakin yox da demirlər, hamı sanki vaxt udmağa çalışır. Sanki müəyyən vaxtdan sonra ya ABŞ-ın çökəcəyini, ya da ambisiyalarının azalacağını gözləyir.
Mənə elə gəlir ki, məhz buna görə İsrail va-banka gedir. Aydındır ki, ABŞ imperiyası çökərsə, İsrail “yiyəsiz” qalacaq. Əlbəttə, ona “yiyəlik” etmək istəyən ölkələr ola bilər, lakin istək hələ imkan deyil – imkanı olan ölkə yoxdur. Bu halda İsrail onillərlə apardığı soyqırımı və işğal siyasətinə görə qonşuları tərəfindən yox ediləcək. Deməli, nə qədər ki, imperiyanın nəfəsi gəlir, İsrail Fələstini ərəblərdən təmizləməli və İranda istədiyi rejimi hakimiyyətə gətirməlidir (başqa sözlə, onu parçalamalıdır). Buna nail olarsa, ABŞ imperiyası çökdükdən sonra müsəlman ölkələrini İsrailə qarşı birləşdirən Fələstin problemi olmayacaq, İranın parçalanması isə regionun müsəlman dövlətləri arasında sonu bilinməyən milli və məzhəb müharibələrinə start verəcək.
Əgər ehtimalım doğrudursa, İsrail İranda yenidən qarışıqlıq yaratmaq, ABŞ-ı İranla müharibəyə cəlb etmək səylərini birə-beş artırmalıdır. Vaxt azdır. Əbəs yerə deyil ki, son 5 ay ərzində Netanyahu 3 dəfə (!) Ağ Evdə Trampın qonağı olub.
Asif ŞƏFƏQQƏTOV