ELAZ.İNFO xəbər verir ki, İrlandiyada 24 oktyabr president seçkilərində anti-müharibə və anti-Atlantik mövqeyi ilə tanınan müstəqil namizəd 68 yaşlı Ketrin Konnolli (şəkildə) 63% səslə qalib gəldi.
2-ci yerdə qərar tutan rəqibi cəmi 29% səs toplaya bildi. Noyabrın 11-dən Konnolli vəzifəsinin icrasına başlayacaq.
Qələbədən sonrakı ilk çıxışında Konnolli bildirdi ki, Ukrayna münaqişəsinin müharibə həddinə çatmasına görə NATO məsuliyyət daşıyır. O, NATO-nun “Rusiya sərhədlərinə yaxınlaşmaqla və müharibəni qızışdırmaqla mənfur rol oynadığını”, İrlandiyanın isə neytrallıq ənənəsinə zidd xarici siyasəti dəstəkləyərək “müxtəlif səviyyələrdə riyakarlıq” nümayiş etdirdiyini qeyd etdi. Müsahibəsindən bəzi məqamlar:
NATO və müharibələr haqqında:
NATO-nun “çoxillik müharibəyə təhrik və münaqişələrin qızışdırılması naminə gərginliyin süni şəkildə artırılması siyasəti” planetimizin müxtəlif regionlarında sülhün yaranmasına mane olur.
Qərb gücləri haqqında:
ABŞ, Britaniya və Fransa “etibar ediləsi ölkələr deyil”, çünki onların motivasiyası “hərbi sənayeni inkişaf etdirmək, müharibələrin sayını artırmaq, müharibələri davam etdirmək, müharibələri normaya çevirmək və onlardan böyük gəlirlər əldə etməkdir”.
Avropa İttifaqı haqqında:
Ursula von der Leyenin rəhbərliyi altında Aİ “mənəvi oriyentirini itirib və getdikcə hərbiləşir”.
Konnollinin seçilməsi Aİ bürokratiyası üçün növbəti zərbə oldu. Çexiyada 3-4 oktyabr ümumxalq seçkilərində Andrey Babişin rəhbərlik etdiyi ANO partiyası qalib gəldi. Antilobalist, antimiqrant, anti-LGBT və anti-Ukrayna mövqeyi ilə seçilən Babiş hazırda yeni nazirlər kabinetini formalaşdırır. Robert Fiko seçiləndən Slovakiya da antiqlobalistlər, Brüssül diktatına qarşı suverenistlət cəbhəsindədir.
Viktor Orban Macarıstanı Avropa suverenistlətinin qaranquşudur.
1 noyabrda Slovakiya Macarıstan və Çexiya ilə birlikdə Aİ-də anti-Ukrayna bloku yaratmaq təşəbbüsü irəli sürdü.
Brüssel hakimiyyətinin itiriləcəyindən qorxuya düşüb və “suverenistlərə” qarşı cəza tədbirləri görməyə hazırlaşır. Slovakiyanı Aİ-nin LGBT siyasətinə qarşı çıxdığına görə Avropa Şurasında səsvermə hüququndan məhrum etmək istəyir – başqalarına görk olsun deyə.
Rumıniyada prezident seçkilərində Aİ sağçı suverenist Kelin Ceorceskunun qalib gələcəyini görüb, 1-ci tur seçki nəticələrini ləğv etdirdi. 4-5 ay sonra yeni seçkilər təyin edildi. Ceorceskunun reytinqinin daha da yüksəldiyini görüb, onu həbs etdilər, bununla kifayətlənməyib onu seçilmək hüququndan da məhrum etdilər. Aİ saxtakarlıqla Rumıniyada qlobalist prezident “seçdirdi”.
Moldovada da Aİ Rumıniya təcrübəsindən istifadə edərək qlobalistləri hakimiyyətdə saxlaya bildi.
Gürcüstanda Aİ nə qədər çalışsa da, hədə-qorxu gəlsə də, Aİ-yə üzvlüklə şantaj eləsə də, Maydanlar düzəltmək istəsə də hakimiyyətə suverenistlər gəldilər.
Aİ ölkələrə qarşı təzyiqini, diktatını artırdıqca ona qarşı müqavimət də güclənir.
Fransada son parlament seçkilərində onsuz da suverenistlər qalib gəlmişdilər. Sadəcə, Fransa hakimiyyət sistemində prezident az qala imperator kimidir. Prezident seçkilərdə qalib gəlməyən partiyaya da yeni kabineti formalaşdırmağı tapşıra bilər. Makron da bu səlahiyyətindən istifadə edir. Kabineti formalaşdıran partiya parlamentdə çoxluğa malik olmadığı üçün ona tez-tez etimadsızlıq göstərilir, bu səbəbdən də baş nazir tez-tez dəyişir. Fransada iqtisadi vəziyyətin getdikcə pisləşdiyini nəzərə alsaq, növbəti parlament seçkilərində suverenistlərin inamlı qələbə qazanacağı labüddür.
Almaniyada ənənəvi olmayan sağçı suverenist partiya AfD bütün rəy sorğularında 1-cı sıraya qalxıb. Onu qadağan eləməsələr (buna cəhdlər var), növbəti bundestaq seçkilərində yerlərin azı 35%-ni qazana bilər. Yeni kabineti qura bilsə də, bilməsə də qlobalist qanunların keçməsinə mane ola biləcək. Hətta AfD qadağan olunsa da onun elektoratına sahib çıxmaq üçün oxşar ideologiyalı başqa partiya yaranacaq.
Eyni proseslər digər Avropa ölkələrində də gedir.
Aİ üzvü olmayan Britaniyada da vəziyyət Almaniyadakı kimidir. Ənənəvi olmayan sağçı “UK Refoms” pariyası son rəy sorğularında torilərin və indi hakimiyyətdə olan leyboristlərin reytinqlər cəmindən çox reytinq toplayır.
Almaniya və Britaniya təcrübəsi göstərir ki, əhalinin ənənəvi (onillərdir növbə ilə hakimiyyətdə olan) partiyalara artıq heç bir inamı qalmayıb. Onların etirazlarına, narahatlıqlarına şərik çıxan istənilən partiyanı dəstəkləməyə hazırdırlar.
Belə görünür ki, növbəti 5 il Aİ üçün böyük sınaq dövrü olacaq. Aİ ya dağılacaq, ya bir neçə bloka bölünəcək, ya da qalması üçün səlahiyyətləri kəskin azaldılacaq.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
