Niyə “yumşaq güc?”

40-dan artıq yaşı olan adamların əksəriyyəti 80-ci illərədək çap olunan elmi-fantastik ədəbiyyatı böyük həvəslə oxuyublar. Sovet dövründə elmi fantastika gənclərin ən çox sevdiyi ədəbi janr idi. Həmin illərin ortalarında kitab dükanlarında elmi fantastikanı sürətlə fentezi janrında kitablar əvəz etməyə başladı. 90-cı illərdə artıq elmi fantastika janrında yeni kitab çap olunmurdu.

İlk baxışdan adi ədəbi hadisə kimi görünən bu proses əslində məqsədli şəkildə həyata keçirilən planın tərkib hissəsi idi.

Gəlin, bu janrları müqayisə edək.

Elmi-fantastik janr, adından göründüyü kimi, elmi arqumentlərə söykənib gələcəyi proqnozlaşdırır, konstruksiya edir. Bu janr insan zəkasının qüdrətini tərənnüm edir, onu yenilikçiliyə, axtarışa, yeni kəşflərə və ixtiralara sövq edir, okeanın, Yerin, Ayın, Günəş sisteminin digər planetlərinin, hətta başqa kosmik sistemlərin öyrənilməsinə həvəsləndirir. Deyərdim ki, Sovet dövründə çoxlarının mühəndisliyə, elmə marağı belə ədəbiyyatın sayəsində formalaşmışdı. Bir sözlə, elmi fantastika janrı insanların intellektinə hesablanmış ədəbiyyatdır.

Fentezi janrı isə elmi arqumentlər tələb etmir, bu janrı müasir nağıl adlandırmaq olar. Bu janrda hadisələr, bir qayda olaraq, arxaik gələcəkdə baş verir: krallar və kraliçalar, prinslər və prinsessalar, sərkərdələr, qullar, kənizlər, kral sarayları, taxt-tac intriqaları və müharibələri… Yəni intellekti məşğul edəcək heç nə yoxdur. Bu janrda qeyd etdiklərim, əslində, anturaj olur. Əsərin mərkəzində həmişə cinsi istəklər birbaşa və ya örtülü şəkildə önə çəkilir. Bu əsərlərdə oğlanlar və qızların danışıqları, geyimləri və davranışları oxucunun təhtəlşüuruna sıxışdırılmış seksual istəklərini “yemləməlidir”. Bir sözlə, fentezi janrı insanların emosiyalarına, bioloji instiktlərinə hesablanmış ədəbiyyatdır.

Elmi fantastika janrında yazmaq üçün müəllif özü elmi cəhətdən çox savadlı olmalıdır – buna görə belə müəlliflər barmaqla sayılan qədər idi və əsərləri də, təbii ki, çox az sayda olurdu. Fentezi janrında yazmaq üçün isə heç bir savad lazım deyil, sadəcə, sərhədsiz fantaziya kifayətdir – buna görə belə müəlliflərin sayı-hesabı yoxdur, yaxşı marketinq aparan yazıçılar bir neçə ilə onlarla əsər yazır. Nəticədə fentezi janrı nəinki elmi-fantastik, bütün digər ədəbi janrları da sürətlə kölgədə qoydu.

Niyə belə oldu?

Kapitalizm dünyası üçün əhalinin kütləvi intellektual inkişafı həyati təhlükədir. Ona insanların kapitalist üçün tələb olunan işləri yerinə yetirə bilmək səviyyəsində savadlanması lazımdır. Artıq savad həm lazımsız xərcdir, həm də hakimiyyət üçün təhlükədir. Sovetlərin kütləvi savadlanma sahəsində uğurları kapitalizm dünyası üçün təhdidə çevrildiyi üçün onlar da ictimaiyyəti sakitləşdirmək naminə kütləvi savadlanmanı diqqətdə saxlamağa başladılar. Lakin adi insanları intellekti artdıqca onlar yaratdıqları sərvətlərin cəmiyyətdə ədalətsiz bölüşdürülməsi və bunun səbəbləri barədə düşünməyə başlayırlar.

Bu sosial fenomeni elmi şəkildə öyrənmək və ona qarşı “görünməz” alətlər ixtira etmək üçün ilk dəfə Britaniya 1947-ci ildə Tavistok İnsan Münasibətləri İnstitutunu yaratdı. Bu institut Britaniya kəşfiyyat xidmətlərinin sifarişi əsasında fəaliyyət göstərir. 50-ci illərdən etibarən Qərbdə mədəniyyət və incəsənət sahəsində yaranan, demək olar ki, bütün yeniliklərin bu instituta birbaşa və ya dolayı aidiyyəti var (o cümlədən, rok janrı, cins modası, brend xəstəliyi, lgbt+ təbliğatı və s.). Bu postda Tavistok haqda çox yazmayacam, onun haqda bəlkə də ayrıca geniş bir post yazmaq lazımdır.

Fentezi janrı 60-cı illərdə ortaya çıx(arıl)dı. Sovetlər başa düşdükləri üçün bu janrı SSRİ-yə buraxmırdılar. 80-ci illərdə Qorbaçovun hakimiyyətə gəlişi ilə Qərb təbliğatı üçün “yaşıl işıq” yandırıldı və kitab bazarı bir-iki ilə xarici müəlliflərin fentezi kitabları ilə doldu. Sonra yerli müəlliflər də kütləvi şəkildə fentezi janrına keçdilər…

Qeyd edim ki, “yumşaq güc” termini məhz britaniayalıların yaratdığı termindir. Niyə “yumşaq güc”? Çünki artıq Britaniya “sərt güc” saxlamaq imkanında deyildi. Əvvəlki dünya imperiyası maraqlarını qorumaq üçün ona “sərt gücə” alternativ güc tələb olunurdu və onu yarada bildi. Bu postda mən geniş şaxəli “yumşaq gücün” yalnız bir istiqamətinə toxunmuşam.

Sözümün canı nədir?

Fentezi düşünən yox, instinktlərlə hərəkət edən insan formalaşdırır. Düşünən, sual verən, səbəb axtaran, araşdıran insan həmişə sürüdən uzaq olur, öz düşüncəsi ilə hərəkət etməyə üstünlük verir – belə insanı idarə etmək çətindir. Emosiyalar yumağına çevrilmiş, düşünmə bacarıqları atrofiya olmuş insanı isə idarə etmək asandır – o həmişə sürüyə sığınmaq istəyir, çünki ona görə sürü onun təhlükəsizliyinin təminatıdır.

Sürü isə öz ağlı ilə yox, çobanın ağlı ilə hərəkət edir.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights