Həyat bəzən insanın çiyninə elə yük qoyur ki, o yükün ağırlığı illərlə sükutun içində daşınır. Mənim də keçdiyim yol uşaq bağçasından başlayıb orta məktəbdən, iki universitetdən, hərbi xidmətdən keçərək dövlətin ən çətin sahələrində xidmətə qədər uzanan uzun, şərəfli və eyni zamanda ağır bir həyat yoludur. Bu 48 ilin hər günü acının da, aclığın da, sevincin də, xoş günün də, kasıblığın da, çətinliyin də payı olub. Amma bir gün olsun haqqın, ədalətin, dürüstlüyün yolundan yayınmadım.
Zabit kimi xidmətə başladığım ilk gündən bəri həyat mənə elə dərslər verdi ki, bəzisi bir ömür yaddaşdan silinmir. Xidmət müddətində rastlaşdığım hər insan, hər kollektiv, hər rəhbər mənə ya bir dostluq, ya bir düşmənlik dərsi öyrətmiş oldu. Səmimiyyəti ilə bağlandığım rəhbər də oldu, sadəcə kreslosunun adamı olan, insani dəyərlərdən uzaq biri də. Eləsi də olub ki, ona valideynim qədər güvəndim, lakin ən ağır zərbəni elə ondan gördüm. Xidmətin içində insanı dəyişdirən çox şeylə qarşılaşırsan, yalanlarla, xəyanətlərlə, aldadıcı gülümsəmələrlə… Amma mən yenə də özüm kimi qaldım, münasibəti kəsmədim, əlaqəni unutmadım, dostu da tapşırığı da vicdanla daşıdım. Mən hər kəsə fərdi yanaşdım, hər kəsə hörmət göstərdim. Biliklə, prinsipiallıqla, düz danışmaqla, haqq deməklə xidmət etdim. Heç vaxt dövlətin ümumi məqsədlərinə, qanunun aliliyinə xəyanət etmədim. Lakin bəzi rəhbərlərin öz eqoları, özlərini hamıdan üstün tutmaları, şəxsi oyunları məni illərlə kənara çəkdi. Sanki toz tutmuş bir kitab kimi rəfdə saxladılar. 20 illik xidmətim dövründə son 8 ildə irəli getmək bir yana, öz ənənəvi yerimdə belə bilincli şəkildə saxlanıldım. Amma üsyan etmədim. Çünki bilirəm ki, haqq gecikər, amma itməz.
Mən mayor olanda yetirdiyim, əlindən tutub öyrətdiyim leytenantların bu gün mənimlə eyni sırada mayor olması mənim üçün qürurdur. Hətta onların sırasında polkovnik-leytenant olanlarda az deyil. Təki onların yolu açıq olsun. Amma sual budur ki, niyə mənə qarşı bu qədər haqsızlıq edildi? Niyə vicdanla xidmət edən, qanundan kənara çıxmayan bir adamı illərlə kölgədə saxlamaq lazım gəldi? Bunun cavabını mən deyil, zaman verəcək. Mən inanıram ki, ədalətli insanlar bir gün mənə dəyər verəcək, çünki mənim nə haramla işim olub, nə yaltaqlıqla, nə də kiminsə haqqını tapdalamışam.
Mən hər şeyi zamanın, taleyin və Allahın öhdəsinə buraxmışam. Çünki bilirəm, bu həyatda edilən hər yaxşılığın da, hər pisliyin də bir bədəli var. Və o bədəli hər kəs gec-tez ödəyir.
Bu statusu yazmaqda məqsədim nə giley, nə də şikayətdir. Sadəcə həyatımın bir parçasını, şərəflə çəkdiyim çətinlikləri və heç vaxt sınmayan iradəmi ifadə etməkdir. Mən bu gün də eyni adamam, dürüst, prinsipial, haqqın tərəfində dayanan bir zabit. Yolumu mənə kəsənlər çox oldu, amma yolumu dəyişdirən olmadı.
Həyat hələ davam edir… Zaman isə ən ədalətli hakimdir.
Əli İBRAHİMOV


