İsraildə də sağlam düşüncəli insanlar Netanyahunun saxta “erməni soyqırımı” ilə bağlı bəyanatını sərt şəkildə tənqid edirlər.
Beniamin Netanyahunun Nikol Paşinyandan daha artıq erməniçilik edərək qondarma “erməni soyqırımı”nı tanımaq cəhdi onun öz əleyhinə işlədi.
Bu gün İsrailin özündə və bir çox başqa ölkələrdə yaşayan yəhudilər Netanyahunun yürütdüyü yanlış siyasətin bütün dünyada İsrail dövlətinin haqqında mənfi rəy yaratdığını bildirirlər (həmin tənqidçi yəhudilərdən biri olan siyasi şərhçi Emil Şleymoviçin Yutubda yayımlanan sərt çıxışını rəy bölümündəki keçiddən izləyə bilərsiniz).
Beləliklə, reallıq hissini itirən Netanyahu atdığı addımların sonrakı nəticələrini düşünmədən, bütün körpüləri öz arxasınca yandıra-yandıra gedir.
Onun ABŞ-da yaşayan erməni əsilli təxribatçı jurnalist-podkasterin verilişində saxta “erməni soyqırımı”nı tanıdığını bəyan etməsi təkcə İsrail-Türkiyə münasibətlərini deyil, həm də İsrail-Azərbaycan münasibətlərini zədələyir.
Üstəgəl, bir yəhudi baş nazirin “erməni soyqırımı” ifadəsini dilə gətirməsi 1918-ci ilin 31 mart soyqırımı zamanı erməni daşnakları tərəfindən qətlə yetirilən yəhudi vətəndaşlarımızın xatirəsinə də hörmətsizlikdir.
İndiyə qədər erməni lobbisi hər nə qədər çalışsa da, İsrail parlamenti (Knesset) saxta “erməni soyqırımı”nı tanımaqdan həmişə imtina etmişdi. Çünki İsrail siyasətində Türkiyə və Azərbaycanla yaxşı münasibətləri qoruyub saxlamağın əhəmiyyətini dərk edən normal düşüncəli, adekvat siyasətçilər az deyil.
Lakin siyasi məsuliyyət hissini itirən Netanyahu isə qısa müddətli reytinq naminə hər şeyi bir göz qırpımında korladı.
Ermənistan Baş naziri Nikol Paşinyan qondarma “erməni soyqırımı”nı qəbul etmədiyi halda, Netanyahunun bu “soyqırımı”nı tanıdığını bəyan etməsi həqiqətən də siyasi korazehinlikdir.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi