ELAZ.İNFO xəbər verir ki, Yanvarın 7-də Neftçala şəhəri M.Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyada Neftçala rayonu üzrə IV, VI və IX siniflərdə elektron (rəqəmsal) formada qiymətləndirmə keçirilən məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, müvafiq məktəblərdə IV və VI siniflərdə monitorinq fənləri üzrə, IX siniflərdə buraxılış fənləri üzrə tədris aparan müəllimlərlə görüş keçirilib.
Görüşdə RTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov elektron (rəqəmsal) formada keçirilmiş monitorinqin region üzrə əhatə etdiyi 33 ümumtəhsil məktəbindən 6 müəssisənin Neftçala rayonu üzrə olduğunu, həmin məktəblərdə monitorinqə cəlb edilmiş şagirdlərin ümumi rayon üzrə olan müvafiq sinif şagirdlərinin təqribən 39%-ni təşkil etdiyini bildirib. Sektor müdiri elektron (rəqəmsal) formada keçirilmiş qiymətləndirmə nəticələrinin aparılmış təhlil nəticələrini görüş iştirakçılarının nəzərinə çatdıraraq, elektron (rəqəmsal) formada keçirilən monitorinqin məqsədinin şagirdlərin tədris prosesində əldə etdikləri bilik və bacarıqları müəyyənləşdirmək, mövcud gerilikləri vaxtında aşkar etmək, zəruri tədbirlərin görülməsini təmin etmək, tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmaqdan ibarət olduğunu vurğulayıb. Həmçinin bildirib ki, monitorinqlər müvafiq məktəblərdə tədris ili ərzində minimum 3 dəfə də keçirilməsi nəzərdə tutulub.
Görüş zamanı məktəb rəhbərlərinin və fənn müəllimlərinin iştirakı ilə təhlillər müzakirə olunub, məktəb rəhbərlərinə və fənn müəllimlərinə nəticələrin yaxşılaşdırılması istiqamətində müvafiq metodiki tövsiyələr və tapşırıqlar verilib.
Ruslan MƏMMƏDOV