Hal-hazırda ABŞ–İsrail–İran gərginliyi fonunda neft və qazın dünya bazarında qiyməti sürətlə yüksəlir. Biz bu yazıda əsasən neftin bahalaşmasının Azərbaycan iqtisadiyyatına təsirini qısa və dəqiq rəqəmlərlə izah edirik.
2026-cı il üçün Azərbaycanın dövlət büdcəsi təxminən 34 milyard manat gəlir və 36.6 milyard manat xərclə təsdiqlənib. Büdcədə neftin qiyməti orta hesabla 60–65 dollar götürülüb. Hazırda isə neftin qiyməti 100 dolları aşır. Bu isə hər bareldə təxminən 35–40 dollar əlavə fərq deməkdir.
Azərbaycan gündəlik təxminən 500–600 min barel neft ixrac edir. Bu fərq hesabına gündəlik təxminən 17–20 milyon dollar əlavə gəlir yaranır. Bu vəsait birbaşa büdcəyə daxil olmur. Əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondu vasitəsilə toplanır və sonradan mərhələli şəkildə büdcəyə ötürülür.
Neft bahalaşdıqca dövlətin maliyyə imkanları artır. Ehtiyatlar genişlənir və büdcə kəsirini idarə etmək asanlaşır. Lakin paralel olaraq dünya bazarında enerji qiymətlərinin artması daşınma xərclərini yüksəldir. Bu isə idxal olunan məhsulların maya dəyərini artırır və daxili bazarda qiymətlərin bahalaşmasına səbəb olur.
Hazırda orta aylıq əmək haqqı 900–950 manat, minimum əmək haqqı isə 400 manatdır. Qiymətlər daha sürətlə artdıqda isə insanların real alıcılıq qabiliyyəti azalır. Yəni eyni maaşla daha az məhsul almaq mümkün olur.
Beləliklə iqtisadi vəziyyət belə formalaşır. Neft bahalaşır və dövlət gəlirləri artır. İdxal bahalaşır və bazarda qiymətlər yüksəlir. Maaşlar eyni templə artmadıqda isə əhali daha çox xərclə üzləşir.
Əgər əlavə neft gəlirləri sosial sahəyə yönəldilməzsə, maaş və pensiyalar uyğun şəkildə artırılmazsa və yerli istehsal gücləndirilməzsə, bu artım yalnız rəqəmlərdə qalır. Gündəlik həyatda isə insanlar bahalaşmanı daha çox hiss edir.
Neftin bahalaşması avtomatik rifah demək deyil. Rifah yalnız bu gəlirin düzgün bölüşdürülməsi ilə yaranır.
Avtandil SADIQOV