ELAZ.İNFO xəbər verir ki, Milli Basketbol Assosiasiyasında (NBA) “Bruklin” forması geyinən rusiyalı müdafiəçi Yeqor Demin “Yüksələn Ulduzlar” (Rising Stars) matçında iştirak edəcək. 19 yaşlı basketbolçu bu xəbəri hələ tam dərk etmədiyini və diqqətini tamamilə oyunlara yönəltdiyini bildirib.
“Təbriklərə görə hər kəsə təşəkkür edirəm. Hələ ki, baş verənləri tam daxilən həzm edə bilməmişəm, ona görə də bu barədə çox düşünməməyə və şərh verməməyə çalışıram. Hazırda yalnız oyunlara köklənmişəm”, — deyə gənc ulduz öz “Telegram” kanalında yazıb.
Qeyd edək ki, Yeqor Demin 2025-ci ilin iyununda NBA drafında 8-ci nömrə altında seçilərək liqa tarixinə ən yüksək sıradan seçilən rusiyalı oyunçu kimi düşüb. Cari mövsümdə “Bruklin” heyətində 39 oyuna çıxan Demin, hər oyunda orta hesabla 10,2 xal, 3 ribaund və 3,4 məhsuldar ötürmə ilə yadda qalıb.
Ruslan MƏMMƏDOV