ElAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının yaranma günüdür. 1924-cü il fevralın 9-da Naxçıvanın muxtariyyət statusu rəsmən təsbit edilərək, Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-ə çevrilib.
Naxçıvanın muxtariyyət statusu sadəcə inzibati qərar deyil, böyük diplomatik səylərin və qanlı döyüşlərin nəticəsidir. AMEA-nın Naxçıvan bölməsində keçirilən elmi konfransda qeyd olunduğu kimi, 1918-1920-ci illər bu diyar üçün ən ağır sınaq dövrü olmuşdur. Muxtariyyətin beynəlxalq hüquqi pasportu sayılan iki mühüm sənəd Naxçıvanın taleyini həll etdi. Moskva müqaviləsi (16 mart 1921): RSFSR ilə Türkiyə arasında imzalanan bu sənəd Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi statusunu müəyyən etdi. Qars müqaviləsi (13 oktyabr 1921): Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin iştirakı ilə imzalanan bu müqavilə Naxçıvanın statusuna beynəlxalq hüquqi təminat verdi. Ən mühüm bənd: Azərbaycan Naxçıvanın himayədarlığını üçüncü bir dövlətə güzəştə getməməli idi.
1924-cü il yanvarın 8-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (MİK) qərarından sonra, 1924-cü il 9 fevral tarixində Azərbaycan SSR MİK-in xüsusi dekreti ilə Naxçıvan muxtar diyarı respublika statusu aldı. Bu, bölgənin erməni iddialarından xilas edilməsi və Azərbaycanın tərkibində qalması üçün ən böyük hüquqi qalxan oldu.
Ulu Öndər Heydər Əliyev Naxçıvanın muxtariyyətini Azərbaycanın milli nailiyyəti hesab edirdi. O, 1998-ci ildə vurğulayırdı: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti onun əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir.
Tarixçilər qeyd edirlər ki, Naxçıvanın muxtariyyəti təkcə yerli idarəetmə forması deyil, həm də Zəngəzurun itirilməsindən sonra Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi kəsilmiş bu qədim torpağın qorunub saxlanması üçün yeganə çıxış yolu idi. Bu gün Naxçıvan həm də Şərqi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas torpaqları ilə birbaşa birləşmək ərəfəsindədir.
Ruslan MƏMMƏDOV