Ağır faciənin yaratdığı bu dərdli xəbəri eşitmək insanın içini sızladır. Beş gəncin eyni anda həyatla vidalaşması, iki qardaşın bir yerdə bu dünyadan köçməsi Zəhmətabad üçün də, bütöv ölkəmiz üçün də sarsıdıcı itkidir. Vasif və Rusif kimi iki nur simalı gəncin boy atdığı ailənin, el-obanın acısı həqiqətən ölçüyəgəlməzdir.
Həyat bəzən bir anın içində alt-üst olur. Bir az əvvəl sabahını planlayan, gələcək arzuları ilə yaşayan gənclər bir göz qırpımında bu dünyadan gedirlər. Bu dünya nə generala, nə kasıba fərq qoymur, qəfləti ölüm gələndə hər kəs eyni acının qarşısında aciz qalır. İnsan sadəcə bu dünyanın qonağıdır, nə vaxt gələcəyimizi, nə vaxt gedəcəyimizi bilmirik.
Bu ağrı içində bir həqiqət daha aydın görünür ki, yaşamaq təkcə sabah üçün plan qurmaq deyil, yaşamaq vicdanla, insanlıqla, mərhəmətlə var olmaqdır. Çünki arzu çoxdur, amma ömür çox qısadır. Kiminsə qəlbini qırmadan, kiməsə yük olmadan, yaxşılıqla, təmizliklə yaşamaq insanın öz həyatına qoyduğu ən böyük möhürdür.
Əli İbrahimov