Nənəmin Naxışlı Corablarından Süzülən Tarix:

Bayırda şıltaq bir yağış yağır… Bu hava məni uşaqlığıma, nənəmin ocaq başında oturan nurani surətinə apardı. Nənəm nə orta məktəb görmüşdü, nə də universitet. Amma o, başına topladığı biz nəvələri üçün canlı bir ensiklopediya, sarsılmaz bir hikmət xəzinəsi idi.

Əlləri heç vaxt boş durmazdı. Rəngli yun saplarla bizə naxışlı qış corabı toxuyardı. Amıa bir adəti vardı: toxuduğu hər təzə corabın dabanına mütləq bir yamaq vurardı. Bir gün maraqla soruşdum: — “Nənə, axı bu corab təzədir, niyə yamaq vurursan?” Gülümsəyib deyərdi: — “Ay bala, yamaq bərəkətdir. Yamaqlı corabın ömrü uzun olar, ayağı daşdan-kəsəkdən qoruyar.” İndi anlayıram ki, o yamaq sadəcə bir parça deyilmiş; nənəmin bizə “ömrünüz uzun, dözümünüz möhkəm olsun” deyə etdiyi səssiz bir dua imiş. Son beşik olduğum üçün, qəlbim xoş olsun deyə cibləri həmişə mənim üçün dolu olardı: konfet, kökə, qorğa…

Milin-milə dəyməsinin çıqqıltısı sanki bir musiqi ritmi idi. O toxuduqca dilindən bayatılar, rəvayətlər, qədim adətlər süzülərdi. Maraqlıdır, 1903-cü ildə dünyaya göz açan bu Azərbaycan qadınında bu qədər savad, intellekt, toxuma-tikmə bacarığı haradan idi? Onun gələcəyə verdiyi ağbirçək məsləhətləri qanı qaynadar, ailədə mehribanlığın təməlini bərkidər, qonşuya, qohuma sevgi və məhəbbət öyrədərdi.

Çillənin Hekayəsi: Sərtliyin Sonu Aydınlıqdır

Bir dəfə yenə corabın dabanını toxuya-toxuya bizə qışın sirlərindən danışdı. Dedi ki: “Balalarım, qışın iki qardaşı var: Böyük Çillə və Kiçik Çillə. Böyük Çillə 40 gün ağalığını edib gedəndə, yerini 20 günlük kiçik qardaşına verir. Kiçik Çillə çox nadinc və qəzəblidir. O, gələndə böyük qardaşına deyirmiş:Sən gəldin, neylədin ki? Mən getsəm, gör nələr edəcəm! Gəlinlərin əlini un çuvalında, xəmir ləyənində donduracağam. Bulaqların ağzını buzla bağlayacağam!

Böyük Çillə isə təcrübəli bir ağsaqqal kimi gülümsəyib deyirmiş:Ay qardaş, hədə-qorxu gəlmə. Sənin ömrün azdır, qabağın yazdır. Nə qədər tufan qoparsan da, baharın nəfəsi sənin belini bükəcək.”

Nənəm bunu deyib gülümsəyərdi. Bizə öyrədərdi ki, həyatda da belədir; çətinlik nə qədər sərt olsa da, ömrü qısadır, sonu aydınlıqdır.

Nənəm toxuduğu corabların naxışlarına da məna verərdi. “Bu bərəkət naxışıdır, bu isə bədnəzərdən qoruyar” deyərdi. Bizi şər qüvvələrdən qorumaq üçün üzərlik yandırmağı, qapıdan asılan öz əlləri ilə toxuduğu həsirin hikmətini, xalq oyunlarımızın (“Lal-kar”, “Qodu-qodu”, “Aşıq-aşıq”, “Çiling-ağac”) mahiyyətini ondan öyrəndik. Qışın ən sərt çağında icra olunan “Xıdır Nəbi” mərasimlərindən, yazın gəlişini müjdələyən “Səməni” rituallarından elə şirin bəhs edərdi ki, heç bir kitab o ləzzəti verə bilməzdi.

O, oxuma-yazma bilmirdi, amma biz dərsimizi oxuyanda başımızın üstündə durar, dərdimizi soruşar, sual-cavab edərdi: “Oxuyun, elmli olun” deyə dua edərdi. Onun intellekt bazası xalqın minillik yaddaşı idi. O yaddaş ki, nəsildən-nəsilə naxışlarla, bayatılarla, nağıllarla keçib gəlmişdi.

Nənəmin yamaqlı corabları indi bəlkə sandıqlarda qalıb, amma o corabların naxışlarına hopmuş hikmət ELAZ İNFO-nun sətirlərində yaşayır. Bu mətn, oxuma-yazma bilmədən bizə insanlığı, sədaqəti və xalqın ruhunu öyrədən bütün nənələrimizin əziz xatirəsinə bir ehtiram borcudur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights