Həyatımızda bəzi insanlar var ki, onların izləri zaman keçsə də silinmir. Onlar bizə təkcə bilik vermirlər, bizi insan kimi formalaşdırırlar. Mənim üçün o insan – ilk müəllimim idi.
O, məktəbimizin ən sadə, ən mehriban insanı idi. Zəng vurulub sinifə daxil olanda sanki günəş sinfə doğurdu. Səsi nə sərt idi, nə də yorucu. Hər sözündə bir isti ana nəvazişi, bir doğmalıq hiss olunurdu. Çoxumuzun kiçik yaşda dərs oxumaq həvəsi olmurdu. Amma o, bizi heç vaxt məcbur etmirdi. Əksinə, elə danışırdı ki, hər şey bizə bir nağıl kimi gələrdi. Hərfləri öyrədərkən elə bil qaranlıq bir otaqda işıq yandırırdı – dünya birdən-birə daha aydın, daha rəngarəng olurdu.
Mən yazmağı öyrənəndə o, gözlərimin içinə baxıb gülümsədi. “İndi sən artıq dünyanı sözlərlə qura biləcəksən” – dedi. Onda hələ bu sözlərin mənasını tam anlamamışdım, amma illər sonra başa düşdüm ki, yazmağı öyrənmək sadəcə hərfləri düz ardıcıllıqla yazmaq deyil – dünyanı dərk etməyin, düşüncələrini ifadə etməyin ilk addımıdır.
O, təkcə bizə bilik öyrətmədi, həm də ürəyimizi böyütməyi öyrətdi. Sinifə çörək gətirər, ac olan şagirdlərə paylayardı. “Bilik insanı gücləndirir, amma mərhəmət onu ucaldır” – deyərdi. Həmin günlərdə bu sözlərin böyüklüyünü tam anlamamışdım, amma indi bilirəm ki, insan olmaq təkcə öyrənməklə deyil, paylaşmaqla da bağlıdır.
İllər keçdi, məktəbdən ayrıldım, həyatın başqa yollarına yönəldim. Amma nə qədər uzağa getsəm də, onun səsi qulaqlarımdan getmədi. Hər dəfə bir çətinliklə üzləşəndə, səhv etməyə yaxınlaşanda elə bil uzaqdan bir pıçıltı eşidirdim: -“Kim olursan ol, amma vicdanını unutma.”
Bir gün onu yenidən görmək istədim. Məktəbə qayıtdım. O, əvvəlki kimi sinifdə idi, amma bir az yaşlanmışdı. Məni görüb gülümsədi. “Yazmağa davam edirsən?” – deyə soruşdu. -“Bəli, müəllimə” – dedim. O, başını tərpədib razılıqla gülümsədi: -“Demək ki, mən öz işimi düzgün görmüşəm”. İlk müəllimim – mənə təkcə hərfləri öyrədən insan deyil, məni mən edən ilk adam idi. Və bu dünyada bəzi insanlar var ki, onların dəyəri heç vaxt itmir. O insanlar bizə bir dəfə toxunurlar və biz onların sevgisini ömrümüzün sonuna qədər daşıyırıq.
Alı MUSTAFAYEV
Çox gözəl məlumatdır