Nə qədər toplasaq da, bir gün hər şeyi buraxıb gedəcəyik…

Ey insan! Unutma ki, bu dünya fanidir. Bu aləmdə Allahdan başqa əbədi olan heç nə yoxdur. Bu gün var olan hər şey sabah yox olacaq. Bu torpaq üzündə nə qədər güclülər, nə qədər hökmdarlar, nə qədər varlılar yaşadı, hamısı gəldi və getdi. Dünya heç kimə qalmadı, heç kim üçün dayanmadı. Malına, mülkünə, vəzifəsinə güvənib Allahı unudan neçə-neçə sultanlar gəldi və getdi. Dünyaya hökm edən hökmdarlar torpağa qarışdı. Allahın nurunu söndürmək istəyən Nəmrudlar, Peyğəmbərə düşmən kəsilən Əbu Cəhəllər, Əbu Ləhəblər tarixdə qaldı və yox oldu. “Mən sizin ən uca Rəbbinizəm” deyən fironlar belə ölümün qarşısında aciz qaldılar. Bu dünyanın qüdrəti ilə lovğalananların hamısını zaman susdurdu.

İndi haradadır o parlayan gözlər? Haradadır o gur səslə danışan dillər?Haradadır gəncliyinə, var-dövlətinə, məqamına arxalanıb axirəti unudanlar? Haradadır saraylara sığmayan hökmdarlar? Haradadır öz gözəlliyi ilə qürurlanıb başqalarını kiçik görənlər?

Zaman onların hamısını əritdi. Möhtəşəm saraylardan məzar çuxuruna, yumşaq döşəklərdən sərt torpağa köçdülər. Ləzzətli süfrələrdən qurd-quşa yem oldular. Malları, övladları, dostları, gücləri, heç biri onları ölümdən qurtara bilmədi.

Ey insan! Biz də bu yolun yolçusuyuq. Bizdən əvvəl gələnlər getdi, bizdən sonra gələnlər də gedəcək. Bu dünyanın karvanı dayanmır. Bu gün başqasını yola salırıq, sabah isə bizi yola salacaqlar. Sıra bir gün mütləq bizə də çatacaq və o gün heç də uzaqda deyil. Peyğəmbərimiz (s) buyurur: “Dünyada bir qərib və ya yolçu kimi yaşa.” Bəli, biz yolçuyuq. Bu dünya bizim əbədi yurdumuz deyil. Bəlkə də bürünəcəyimiz kəfən çoxdan toxunub, bəlkə də qazılacaq məzarın yeri çoxdan bəllidir. Gedəcəyimiz yer torpaqdır, evimiz məzardır. O məzar ki, bir gün bədənimizi torpağa qatacaq, sükutun içində bizi tək qoyacaq.

Sonra isə böyük hesab günü gələcək, məhşər günü. Orada nə vəzifə kömək edəcək, nə sərvət, nə də şöhrət. Orada yalnız əməllər danışacaq. Son dayanacaq isə ya Cənnət olacaq, ya da Cəhənnəm.

O halda gəlin bu faniliyi unutmayaq. Ölümü yada salaq, qəlbimizi saflaşdıraq, zülmdən uzaq duraq və Cənnətə layiq bir həyat yaşamağa çalışaq. Çünki nə qədər yaşasaq da, bir gün öləcəyik…

Nə qədər sevsək də, bir gün ayrılacağıq…

Nə qədər toplasaq da, bir gün hər şeyi buraxıb gedəcəyik…

Əli İbrahimov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights