Nə Fransa, nə də Britaniya Fələstini tanımayacaq…

Fələstin dövlətini BMT-nin 193 üzv-dövlətindən 147-si tanıyıb. Lakin Fələstin BMT-nin tamhüquqlu üzvü sayılmır, çünki bunun üçün onu BMT Təhlükəsizlik Şurasının veto hüquqlu 5 daimi üzvünün hamısı tanımalıdır. Xatırladıram ki, onlar ABŞ, Britaniya, Çin, Fransa və Rusiyadır.

Bəs bu ölkələrdən hansıları Fələstini tanımayıblar? Yəqin, artıq özünüz də bildiniz:

➖🇺🇸 ABŞ,

➖🇬🇧 Britaniya,

➖🇨🇵 Fransa.

Son günlər Fransa, Britaniya və Britaniya siyasətinə bağlı bir sıra ölkələr hay-həşir salıblar ki, “ay aman, bizi tutun, İsrail Qəzzada müharibəni dayandırmasa, sentyabrda BMT BA-nın iclasında Fələstini tanıyacağıq!”

Nə möcüzə baş verdi ki, 70 il, xüsusən də son 21 ay ərzində baş verən fələstinli soyqırımını görməyən “ağaların” gözləri birdən-birə açıldı?

Bilirsiniz ki, 90-cı illərdən dünyanın yeganə “jandarmı” ABŞ idi. Amma son illər ABŞ-ın imkanları məhdudlaşıb, indi ona tabe olmayan və ya olmaq istəməyən ölkələr çoxalıb. ABŞ artıq nəinki 30 il, heç 10 il əvvəlki resurslara və gücə (siyasi, iqtisadi, hərbi) malik deyil. Hazırda ABŞ eyni zamanda iki yerdə müharibə apara bilmir, buna silah-sursat çatdıra bilmir.

Avropa görür ki, İsrailin iddiaları böyükdür, ABŞ-ı bütün resursları ilə Orta Şərqə çəkmək istəyir. Bu halda ABŞ bütün hərbi resurslarını, həmçinin Avropada yerləşdirdiyi hərbi qüvvələrini də Orta Şərqə göndərməlidir. Amma Avropa da müharibə aparır axı – Rusiyaya qarşı Ukraynanın əhalisi ilə. Bu müharibə də əsasən ABŞ silah-sursatı, komandanlığı və kəşfiyyat dəstəyi ilə aparılır. Əgər ABŞ Avropadan çıxsa, Avropa Rusiya ilə təkbətək qalacaq – bu isə onlar üçün dəhşətli yuxu kimi bir şeydir.

Hamı bilir ki, ABŞ “Avropa, ya İsrail?” seçimi qarşısında qalarsa, 2-cisini seçəcək. Buna görə də Avropa seçimin yaranmamasına çalışır. Bunun üçün isə Qəzzada müharibə dayandırılmalıdır. Burada müharibə dayanarsa, ABŞ bütün resurslarını yenidən Avropaya yönəldə bilər. Hər halda Avropanın 500 illik diplomatiya təcrübəsi buna nail ola bilər.

Bu səbəbdən Avropa (xüsusən onun şimalı) Fələstin məsələsini həll etmək barədə düşünmür. Onlara məsələni dondurmaq lazımdır ki, öz problemlərini həll etsinlər. Sonra yenə Fələstin məsələsinin “donunu” açıb, İsrailin ixtiyarına buraxa bilərlər.

Onların Fələstini sentyabrda tanımaq şantajı da buna hesablanıb. Yəni onların Fələstini tanımaq fikirləri yoxdur. İstəsəydilər, dərhal tanıyardılar. Bu şantajla İsrailə demək istəyirlər ki, sentyabradək Fələstində atəşkəsə nail ol – bundan artıq sənə vaxt verə bilmərik. Əgər İsrail bu dedlayna əməl etsə, nə Fransa, nə də Britaniya Fələstini tanımayacaq – orada lap 1 milyon adam aclıqdan və ya bombalardan ölsə də.

Müxtəsəri, Molla Nəsrəddin demişkən, “dava yorğan davasıdır”.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights