ELAZ.İNFO xəbər verir ki, iki gündür xəbərlər yayılır ki, MKİ və Pentaqon Meksika narkokartelləri ilə mübarizə üçün alternativ planlar hazırlayır, o cümlədən onların Meksikanın şimalında olan infrastrukturuna zərbələr endirməyə hazırlaşır. Nə baş verir?
Hakimiyyətə gələndə Trampın ABŞ-da fentanil böhranına qarşı mübarizə aparmaq üçün 3 əsas hədəfi var idi:
1) Meksika və Kanada ilə sərhədləri bağlamaq;
2) Qeyri-leqal miqrantları qovmaq (narkotikanı əsasən onlar yayırlar);
3) Meksika narkokartelləri ilə mübarizə aparmaq.
1-ci hədəfə nail oldu.
2-ci hədəf üzrə “gurultu” çox oldu, lakin cüzi işlər görüldü.
3-cü hədəf üzrə isə hələlik yalnız hazırlıq işləri görülür.
2-ci hədəfə çatmağın mümkün olmayacağının təşkilati və iqtisadi səbəbləri barədə dekabrda yazmışdım.
Opioidlərin ~90%-i ABŞ-a Meksikadan daxil olur. Meksikanın Sinaloa və Pacifico Sur kimi kartelləri bu “biznesdən” ildə ~$1 milyard qazanırlar. Yəni ABŞ narkotikanın ölkəsinə daxil olmasını istəmirsə, 1-ci deməyək, 2-ci növbədə Meksika kartellərinə qarşı mübarizə aparmalıdır (1-ci öz ölkəsində mübarizə aparmalıdır, tələb olmasa – təklif olmaz). Lakin Meksika hökuməti ölkəsində ABŞ-ın antiterror əməliyyatı aparmasığa icazə vermir.
Tramp Meksikanı məcbur etmək üçün ona qarşı 25%-lik tarif tətbiq etdi. Lakin ABŞ Meksika məhsullarından çox asılıdır. Yavaş-yavaş tarif siyahısında o qədər istisnalar etdi ki, indi demək olar Meksika məhsullarının çoxu ABŞ-a tarifsiz gətirilir.
Qeyd olunanları nəzərə alsaq, ABŞ ilk növbədə Meksika kartellərini cəzalandırmalı idi. Əslində buna da hazırlaşırdı. Hər şeyi Ağ Evin Latın Amerikası üzrə aparıcı “quzğunu” Marko Rubio dəyişdi. Onun təkidi ilə narkobaronlara qarşı mübarizənin ünvanı Meksikadan Venesuelaya dəyişdirildi. Rubio həm də Trampın milli təhlükəsizlik müşaviridir. O, kəşfiyyat məlumatları əsasında prezidenti əmin etmişdi ki, yaxşı sıxsalar, Maduro rejimi daxildən devriləcək.
Rubionun Venesueya xüsusi münasibəti Kuba ilə bağlıdır. Rubio Kuba Respublikasının qatı düşmənlərindən biridir. Kuba Venesuelada təhlükəsizlik, kəşfiyyat və sair dövlət sistemlərinin qurucusudur, indi də Venesuelada çoxsaylı Kuba mütəxəssisləri dövlət strukturlarında məsləhətçi kimi işləyirlər. Venesuela isə Kubanın iqtisadi dayağıdır, xüsusən də yanacaq sahəsində. Rubio düşünür ki, Venesuelanı ABŞ-a tabe etsə, Kubanı təkləyə bilərlər. Əlbəttə, bu şübhəli iddiadır, amma Rubio belə düşünür.
İndi Venesuelada ABŞ çətinə düşüb. Maduro hakimiyyətdən könüllü getməyəcək, çevriliş olması ehtimalı azdır, onun uğurlu olma ehtimalı isə daha azdır, Rusiya-Çin tandemi Venesuela ordusuna gəmi əleyhinə müasir raketlər verib. Yəni Venesuela avantürası yaxşı heç nə vəd etmir.
Lakin Tramp o qədər lovğa bəyanatlar verib ki, heç nəsiz geri qayıtmaq onun üçün rüsvayçılıq olardı. Əlbəttə, onun xarakterində olan adam üçün rüsvayçılıq boş şeydir, lakin bu onun reytinqinə təsir edəcək – reytinq isə şoumen üçün çox vacibdir, xüsusən də Konqresə aralıq seçkilər ərəfəsində.
Məncə, Meksika məsələsi 3-cü yoldur. Meksika narkokartellərinə də Karib dənizindən və ya Meksika körfəzindən zərbə endirmək olar. Düzdür, inanmıram ki, ABŞ Meksika ilə ciddi münaqişəyə girər, amma prezidentlə razılaşdırıb, kartellərə 10-15 PUA zərbəsi endirə və uzaqlaşa bilər. Özü də Venesuelaya zərbə ABŞ-da əhali tərəfindən mənfi qarşılansa da Meksika kartellərinə zərbə rəğbətlə qarşılana bilər.
Hesab edirəm ki, Meksika narkokartellərinə qarşı əməliyyatın planlaşdırılması haqda məlumatlar da mətbuata bu məqsədlə qəsdən sızdırılıb.
Görək, Tramp batdığı palçıqdan təmiz çıxa biləcəkmi.
Şəkildə Meksika narkokartelinin bir qrupundan müsadirə olunan silahları görürsünüz.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
