ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Afanasyev adına Yelizavetpol xəstəxanasının direktoru, həkim Xudadat bəy Rəfibəyovun doğum günüdür.
Məlumat üçün bildirək ki, Xudadat bəy Rəfibəyov üçün siyasət və vəzifə sadəcə ad və kürsü deyildi. O, xalqın taleyini çiyinlərində daşıyan, zamanın ağır yükünü vicdanı ilə ölçən bir dövlət adamı idi. XX əsrin əvvəllərində Azərbaycan öz müstəqilliyini tapmağa çalışarkən, Xudadat bəy bu yolun önündə dayananlardan oldu.
1918-ci ildə Gəncə hələ güllə səsləri ilə nəfəs alırdı. Şəhər gərginlik içində idi, dövlət isə yenicə doğulmuşdu. Belə bir zamanda Xudadat bəy Gəncənin general-qubernatoru təyin edildi. Onun imzası altında təkcə rəsmi sənədlər deyil, bir millətin sabaha olan ümidləri də vardı. Asayişi qorumaq, dağılan idarəçiliyi bərpa etmək, qorxu içində yaşayan insanlara dövlətin varlığını hiss etdirmək onun gündəlik mübarizəsi idi.
Sonralar o, Azərbaycan Xalq Cümhuriyyətinin hökumətində səhiyyə və sosial təminat sahəsinə rəhbərlik etdi. Müharibənin yaralarını sarımaq, yetimlərin, yaralıların, didərgin düşənlərin səsinə səs vermək üçün çalışdı. Xəstəxanalar açıldı, həkimlər səfərbər edildi, insan həyatı dövlət siyasətinin mərkəzinə gətirildi. Çünki Xudadat bəy üçün dövlət – əvvəlcə insan idi.
O, milli dövlətçiliyə sarsılmaz inamla bağlı idi. Müstəqil Azərbaycan onun üçün kağız üzərində yazılan bir fikir deyil, uğrunda yaşanmalı və lazım gəlsə, can verilməli bir ideal idi. Bu ideala sadiqliyi isə ona baha başa gəldi.
1920-ci ilin qara aprel günlərində, Cümhuriyyət süquta uğradıqda, Xudadat bəy də susdurulan səslərdən biri oldu. Güllə ilə kəsilən ömrü, əslində, yarımçıq qalan bir dövlət arzusu idi. Amma onun adı unudulmadı. Çünki xalqa vicdanla xidmət edənlərin izi zamanın yaddaşından silinmir.
Xudadat bəy Rəfibəyov tarixdə təkcə bir vəzifə sahibi kimi deyil, müstəqilliyi həyatının mənası edən bir insan kimi yaşayır.
İlahə BAYINDIR