Müharibə və Detallar

Bu gecə Trampın ultimatumunun müddəti bitir. Tramp tələbləri yetirilməyəcəyi halda İranı “daş dövrünə qaytaracağı” ilə hədələyir.

Əslində, bu təkcə Trampa xas “danışıqlar” tərzi deyil, amerikalıların artıq ənənəyə çevrilmiş davranışıdır. Onlar çıxılmaz vəziyyətə düşəndə rəqibini danışıqlara başlamağa məcbur etmək üçün onun ölkəsini cəhənnəmə döndərəcəkləri ilə hədələyirlər. Nümunə kimi Vyetnam müharibəsindən bir epizodu xatırlayaq.

Vyetnam müharibəsi 1955-ci ilin 1 noyabrında başladı. 1965-ci ildən ABŞ bu müharibədə tərəfə çevrildi. Onlar müharibəyə elə təkəbbürlə girmişdilər ki, sanki Şimali Vyetnami 2 günə “qoz qabığına soxacaqlar”. Həmin vaxtı Vyetnam müharibəsi veteranı 4-ulduzlu general Norman Şvartskopf müsahibələrindən birində belə xatırlayır:

“Hətta onları [cənubi vyetnamlıları] kənara itələyib dedik: “Yoldan çəkil, sarıüzlü balaca qardaş. Yaxşı oğlanlar artıq buradadır, “kavaleriya” gəlib, indi biz şəhərdən çıxacaq və “hinduları” darmadağın edəcəyik, sən, sadəcə, yoldan çəkil”. Dəhşətli səhv. Dəhşətli səhv!”

1972-ci ildə “yaxşı oğlanlar” artıq müharibədən qaçmaq üçün bəhanə axtarırdılar. Onlar müharibədən məğlub kimi yox, “üzüsulu” çıxmaq istəyirdilər. Ş.Vyetnam isə ABŞ-ın şərtləri ilə danışıqlar masasına oturmaq istəmirdi. O vaxtkı ABŞ prezidenti Riçard Niksonon (1969-1974) tapşırığına əsasən Ş.Vyetnamı danışıqlar masasına oturtmaq üçün “Linebacker II” (qeyri-rəsmi adı – “Mövlud bombardmanı”) əməliyyatı hazırlandı. Əməliyyat planına əsasən Hanoy (paytaxt) və Hayfonq (liman) şəhərləri cəhənnəmə döndərilməli idi. Məhz bu əməliyyatla bağlı generallardan biri demişdi: “Biz onları [şimali vyetnamlıları] daş dövrünə endirənədək bombalayacağıq.” Bu gün Pit Heqset və Tramp da İranla bağlı onun sözlərini təkrarlayırlar.

Əməliyyat 18-dən 19 dekabra keçən gecə başladı və 11 gün davam etdi. Əməliyyatın əsas dağıdıcı qüvvələri B-52 strateji bombardmançı təyyarələri idi. Təyyarələr Quamdakı “Anderson” və Tailanddakı “U-Tapao” aviabazalarından qalxaraq, Vyetnam səmasına daxil olur və müəyyən olunmuş mövqeləri bombalayaraq geri qayıdırdılar. Əməliyyatda hər gün 30-dan 130-dək B-52 iştirak edirdi. Onları qırıcı-bombardmançı F-4 təyyarələri və KC-135 aviatankerləri müşayiət edirdilər.

B-52D təyyarəsi 500 funtluq (227 kq) fuqas bombasından 64-nü gövdəsi daxilində, 24-nü qanadları altındakı asqılarda (pilon) daşıya bilir. Bu cəmi 20 ton bomba edir. 750 funtluq (340 kq) fuqas bombalsrını isə nisbətən az daşıyır, çünki onları pilonlarda daşımaq olmur, gövdə daxilinə isə 45 belə bomba yerləşir (cəmi 15 ton). Bombalar 7-12 km (çox vaxt 11,3 km) hündürlükdən atılırdı. Bomba ilə tam yüklənmiş bir belə təyyarərə 2700×900 m ölçüsündə sahəni Ay səthinə döndərirdi.

11 gün ərzində B-52-lər 729 uçuş etdilər və iki şəhərə birlikdə ~85.000 bomba atdılar. Əməliyyatda ABŞ-ın strateji bombardmançılar hava donanmasının 1/3-i iştirak etdi. Mülki əhali arasında 1318 nəfər ölən, 1260 yaralanan oldu. 1600 tikili, 11,4 mln l tutumlu neft anbarları, 10 aerodrom, Ş.Vyetnamın elektrostansiyalarının 80%-i məhv edildi və ya zədələndi.

Sovet mənbələrinə görə, bu hava hücumlarının dəf edilməsi zamanı 81 düşmən təyyarəsi, o cümlədən 34 B-52 məhv edildi. B-52-lərdən 32-si SA-75M sovet zenit-raket sistemləri, 2-si MiG-21MF qırıcıları ilə vuruldu.

Amerikalılar fərqli statistika təqdim edirlər: onlar 31 B-52 itirdiklərini iddia edirlər. Bunlardan 17-si döyüşdə vurulmuş hesab olunur, 1-i bərpaolunmaz döyüş zədəsi səbəbindən silinib, 11-i uçuş zamanı zədələnib, 1-i qeyri-döyüş zədəsi səbəbindən silinib və 1-i aerodromda yanıb. Bu, sadəcə, döyüş itkilərini azaltmaq üçün rəqəmlərlə oynamağa oxşayır.

1978-ci il sovet ensiklopediyasına əsasən, vurulmuş təyyarələrin ekipaj üzvlərindən 27 nəfərini amerikalılar xilas edib, 29 nəfəri ölüb (əlavə 4 nəfəri “U-Tapao” aviabazasında qəza zamanı ölüb), 33 nəfəri isə əsir düşüb.

30 dekabrda tərəflər danışıqlar masasına oturdular və 27 yanvar 1973-cü ildə Paris Sülh sazişi imzalandı. ABŞ müharibdən “üzüsulu” çıxmaq üçün bəhanə əldə etdi.

B-52-lər Vyetnamda ilk dəfə 1965-ci ilin 18 iyununda istifadə edilib. Həmin il onlar Vyetnama 130.000 ton bomba atmışdılar. Sülh sazişindən sonra da B-52-lər hərbi əməliyyatlarda iştirak edirdilər və itkilər də verirdilər. Axırıncı 30 B-52 Tailandı və 15 B-52 Quamı 1975-ci ilin yazında tərk etdi.

İranda da ABŞ haralarısa dağıda bilər, lakin qalib gəlməsi mümkün deyil. Vyetnamda dağıtmadığı yer qalmamışdı.

P.S. Fotoda Vyetnamda fuqas bombalarını atarkən çəkilmiş B-52-dir. İran səmasına ABŞ bombardmançılarının girdiyini deyənlər nə belə hadisə haqda sübuta malikdirlər, nə də sərbəstdüşmə fuqas bombalarının qalıqları tapılıb.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights