2023-cü ilin oktyabrında Qəzzaya və Livana qarşı müharibəyə başlayan İsrail ölkədə səfərbərlik elan etdi. Müharibəyə başlamaq üçün 170 minlik daimi ordu kifayət etmirdi. Həmişəki kimi müharibənin tez bitəcəyinə, əməliyyatın silahsız və ya yüngül silahlanmış əhalinin soyqırımından ibarət olacağını düşünən 300 mindən artıq yəhudi əksərən könüllü şəkildə SAXAL-a yazıldı. Lakin müharibə artıq 23 aydır davam edir. İsrail tarixində bu qədər uzun müddətə müharibə aparmayıb.
Müharibənin ilk vaxtlarında dünyanın hər yerində yaşayan yəhudilər könüllü şəkildə orduya qoşulmaq üçün İsrailə gəlirdilər. Hətta İrandan da gələnlər olmuşdu. Lakin mühasirədə yaşayan, ağır silahları olmayan Qəzza əhalisinə qarşı müharibənin belə uzun və çətin olacağını heç kim gözləmirdi. Müharibə davam etdikcə SAXAL-ın itkiləri (ölənlər, yaralananlar, psixi travma alanlar, fərarilər, itkin düşənlər və s.) də artırdı. İtkiləri bərpa etmək üçün paralel olaraq səfərbərlik davam etdirilirdi. 2024-cü ilin aprelində rezervistlər (səfərbər olunanlar) artıq 360 min nəfər idi.
Müharibə uzandıqca həm səfərbərlikdən yayınanlar, həm də fərarilər artmağa başladı. Müharibə qurbanlarının sayı artdıqca (hərbi senzura əsl sayı gizlədir) yəhudilər orduya məcburi cəlb olunmamaq üçün ölkəni tərk etməyə başladılar. SAXAL əsgər çatışmazlığı ilə üzləşdi. Məcbur qalıb əvvəllər orduya çağırmadıqları ortodoks dindarlara çağırış göndərməyə başladılar. Lakin onlar əksər hallarda çağırış məntəqəsinə könüllü gəlmirlər.
Orduya səfərbər olunan kişilər 32, qadınlar 24 ay xidmət etməlidirlər. Qəzzada baş verən dəhşətləri görən vicdanlı yəhudilərin bir neçə ay ərzində psixikası pozulur, intihar halları artır…
İranla müharibəyə başlayanda isə İsrail səfərbərlik yaşında olan şəxslərin (kişi və qadın) ölkədən çıxmasını qadağan etdi. İndi artıq xarici ölkə vətəndaşları olan yəhudilər də İsrailə gəlib SAXAL-a yazılmırlar. İsrail muzdlu döyüşçülər cəlb etməkdə də çətinlik çəkir – çox adam açıq-aydın soyqırımında iştirak etmək istəmir.
İsrail məbələrinə görə hazırda SAXAL-da 10.000-12.000 əsgər çatışmazlığı var. Fərari və çağırışdan yayınanlar (kişi və qadın) isə 14.600 nəfərdir. Senzuranı nəzərə alsaq, bu saylar daha böyük olmalıdır. Hökumət fərariləri və çağırışdan yayınanları, avqustun 21-dək çağırış məntəqələrinə gələrlərsə, cinayət məsuliyyətindən azad etmişdi. Amma bunun da faydası az oldu – insanlar həbsə düşməyi orduya düşməkdən üstün tuturlar.
İsrail mətbuatının yazdığına görə “Gideonun döyüş arabası” əməliyyatı da uğursuzluqla nəticələndi – SAXAL bu əməliyyatla qarşısına qoyduğu heç bir məqsədə çata bilmədi.
Onillərlə yaradılan “İsrailin güclü ordusu” mifi yüngül silahlı HƏMAS “qayasına” dəyib çilik-çilik olur.
Ən son texnologiya ilə silahlanmış SAXAL-ın bu müharibədə yeganə “uğuru” dinc əhalinin soyqırımıdır. Ona görə də gec-tez cavab verməli olacaq.
Asif ŞƏFƏQQƏTOV