Müharibənin başlanmasından 1 həftə keçdi…

İsrailin vəziyyəti haqqında

İsraildə hərbi-siyasi senzura çox yaxşı işləyir. Çünki:

▪️ölkə kiçikdir;

▪️onillər ərzində senzuranın tətbiqi sistemi təkmilləşib və əhali arasında oturuşub.

Buna görə də İranın raket-dron zərbələrinin İsrailə vurduğu ziyan barədə düzgün və ətraflı məlumat almaq mümkün deyil. Bu səbəbdən dolayı məlumatlar əsasında fikir yürütməyə məcburuq.

Əvvəl onu deyək ki, bu müharibə tarixdə ilk əsgər təması olmadan aparılan aviakosmik müharibədir. O hərbi mütəxəssislər tərəfindən diqqətlə öyrənilir və hərbi doktrinalarda müvafiq düzəlişlər ediləcək.

İsrail müharibəyə qeyri-ənənəvi üsulla başladı. O İranda yerləşdirdiyi geniş agentura şəbəkəsi vasitəsilə 13 iyun gecəsi bir neçə saat ərzində 2 işi gördü:

➖ terror – İran ordusunun və kəşfiyyatının, demək olar ki, bütün rəhbərliyi, həmçinin nüvə fizikası sahəsində aparıcı alimləri evlərində ailə üzvləri, qonşuları ilə birlikdə məsafədən idarə olunan raket-dron zərbələri ilə amansızlıqla öldürüldü;

➖ diversiya – eyni zamanda yenə raket-dron zərbələri ilə İranın qərbində yerləşən radioloikasiya, HHM sistemlərinə zərbələr endirildi.

Bunlarla bərabər İranın radioelektron mühafizə sistemlərinə kiberhücum sayəsində onların işi iflic edildi.

Plana görə, bu zərbələr və kiberhücum İranın HHM sistemini “kor” etməli idi. Bundan sonra ABŞ taktikası üzrə klassik kütləvi aviahücum başladı. Klassik aviahücum 3 dalğa ilə aparılır:

🔹1-ci dalğa ölkə səmasına daxil olmadan raket zərbələri ilə radiolokasiya sistemlərini sıradan çıxarır,

🔹2-ci dalğa yenə ölkə səmasına daxil olmadan raket zərbələri ilə HHM sisteminin ön cərgə raket qurğularını sıradan çıxarır,

🔹3-cü dalğa ölkə səmasına daxil olaraq, əvvəlcədən müəyyənləşdirilmiş hədəfləri bombalayır.

Aviadalğalar arası vaxt 0,5-1 saat olur. Bu metod ölkə ərazisinin ölçülərindən asılı olaraq 3-5 dəfə təkrarlanır və ölkə səması tam nəzarətə götürülür.

İsrail klassik aviahücumdan əvvəl uğurlu terror və diversiya əməliyyatı aparmışdı. Əslində bu əməliyyat aviahücumu asanlaşdırmalı və başsız qalmış İran ordusunda gözlənilən xaos nəticəsində İsrail qısa müddətdə (2 günə) İran hava məkanına tam nəzarəti ələ keçirməli idi.

🔸 Bəs nə baş verdi? Hələ heç kim nə baş verdiyini dəqiq bilməsə də ilkin nəticələr çıxartmaq üçün müəyyən dolayı məlumatlar var.

İsrail 200-300 təyyarə ilə hücum etmişdi. Təyyarələr İsraildən və Kiprdən (bəzi məlumatlara görə İsrail təyyarələrinin bir qismi Kiprdə yerləşdirilib – məncə isə, bu təyyarələr İsrailə yox, NATO-ya məxsus olub) qalxıb və İraq səmasından (əsasən, şimal hissəsindən) İrana zərbələr endiriblər. Təyyarələrin hansı marşrutla uçması hələlik gizli saxlanılır. Onlar aşağıdakı marşrutlar üzrə uça bilərlər:

1️⃣ İsrail – İordaniya – S.Ərəbistanı – İraq

2️⃣ İsrail – İordaniya – Suriya – İraq

3️⃣ İsrail – İordaniya – İraq

4️⃣ Kipr – Türkiyə – İraq

5️⃣ Kipr – Suriya – İraq

İsraildən başqa heç bir ölkə təyyarələrin onun səmasından uçmasına icazə verməyib. Lakin İordaniya, S.Ərəbistanı və Suriyaya inanmaq olmaz. Həm də onların, üstəlik İraqın da öz hava məkanlarını bağlamaq imkanları yoxdur. İraq hava məkanına ABŞ, Suriyanın şimal-şərq hava məkanına İsrail və ABŞ nəzarət edir. Bircə Türkiyə öz hava məkanına tam nəzarət edir. Bundan başqa, F-35 təyyarələri stells texnologiyası üzrə hazırlanıb – bu ölkələrin heç birində F-35-ləri “görə” bilən radar sistemləri yoxdur.

Deməli, 4-cü marşrut ağlabatan deyil. Digər marşrutların istifadə ehtimalını bilmək üçün daha bir amili nəzərə almaq lazımdır – marşrutun uzunluğunu. İsraildən İrana ən qısa (qədər düz xətt üzrə) məsafə 1200-1500 km-dir. Bu məsafəyə ən yaxın olanı 3-cü marşrutdur. Marşrut düz xəttdən kənarlaşdıqca məsafə uzanır. Təyyarə əməliyyatı yerinə yetirib, hər hansı ölkədə enmədən (çünki İranın raket zərbələrinə məruz qalmamaq üçün icazə verilməyib) geri qayıtmalıdır. Deməli, təyyarə marşrutun uzunluğunun 2 misli qədər məsafə qət etmək üçün yanacaq ehtiyatına malik olmalıdır.

Müttəfiqlər, əsasən, F-35I, qismən F-16 və F-15 təyyarələrindən istifadə ediblər. Bu təyyarələrin yanacaq ehtiyatı modifikasiyasından asılı olaraq 1600-2500 km uçuşa çatır. Məntiqlə, onların hamısı üçün aviatankerlərdən istifadə olunmalı idi. İsrailin cəmi 12 aviatankeri var. Deməli, körfəz ölkələrində yerləşən ABŞ aviatankerlərindən də istifadə olunmalı idi. Onları isə İran radarları müşahidə edirdi. Əgər bu aviatankerlər əməliyyatda iştirak etsəydilər, İran onların yerləşdiyi hərbi bazalara və ölkələrə raket zərbələri endirəcəkdi. İranın duyuqluğunu yatıran səbəblərdən biri də bu oldu – 13 iyunda körfəz ölkələrindəki tankerlər havaya qalxmadılar. Bəs onda İsrail bu əməliyyatı necə həyata keçirtdi?

Təyyarələrin yanacaqla yenidən doldurulmadan daha uzaq məsafəyə uçmasını təmin etmək mümkündür. Bunun üçün təyyarələrə korpusundan kənarda əlavə yanacaq çənləri quraşdırılır. Lakin F-35-lərdə bunu etdikdə şən radarlarda görünür və təyyarə əsas üstünlüyünü itirir. İndi məlum olur ki, ABŞ və İsrail mütəxəssisləri məxfi şəkildə aylarla işləyərək, F-35I təyyarəsinin korpusunun özündə müəyyən dəyişikliklər etməyə və yanacaq ehtiyatını artırmağa məvəffəq olublar. Bu səbəbdən F-35I-lərin uçuş məsafəsi 4000+ km olub. Lakin F-16 və F-15-lərdə dəyişiklik edilməyib.

Bu deyilənlərdən belə nəticələrə gəlmək olar ki, F-35-lər 1-3-cü marşrutlar, digər təyyarələr isə 2-ci və 5-ci marşrutlar üzrə uçublar. Bunun dolayı sübutlarından biri Suriya səmasında aviatankerin istifadəsinin fotoşəklinin yayılmasıdır. Başqa heç bir ölkədə buna rast gəlinməyib (hər halda hələ ki foto-videosübut yoxdur).

Göründüyü kimi, İrana zərbə uzun müddət ərzində çox diqqətlə, hər şey nəzərə alınmaqla, ən müasir texnologiyalardan istifadə edilməklə, həmçinin əlverişli vaxt seçilməklə (15 iyunda ABŞ-İran danışıqlarının növbəti raundu olmalı idi) hazırlanmışdı. Bu zərbədən sonra İran azı 1 həftə özünə gəlməməli idi. Bu müddət isə onun bütün strateji obyektlərini xarabazara çevirmək üçün kifayət idi. Buna görə də bütün əməliyyat üçün 2 həftə (hər ehtimala qarşı 1 həftə də əlavə) vaxt nəzərdə tutulmuşdu. Sanki hər şey nəzərə alınmışdı…

Lakin bu qədər ustalıqla, incəliklə və vəhşiliklə hazırlanmış plan baş tutmadı…

İsrail aviasiyasının 1-ci, sonra 2-ci dalğası işini gördü və geri qayıtdı. Bu təyyarələr uçuş məsafəsi 600 km olan ABŞ istehsalı hava-yer raketlərindən istifadə edirdilər. Hər təyyarə 2-4 raket daşıyır. İran HHM sistemlərinin raketlərinin uçuş məsafəsi 200 km-dək olduğundan müttəfiqlərin təyyarələri təhlükəsiz məsafədən işləyirdilər. Deməli, müttəfiqlərin raketləri İranın qərb sərhədlərindən 400 km-dək dərinliyinə zərbə endirə bilərdi. İranın şimal-qərb sərhədindən Tehrana qədər məsafə təxminən bu qədərdir.

Plana görə ilk 2 dalğadan sonra 3 dalğa təyyarələri İran səmasına qərbdən azı 200 km daxil olmalı idi. Faktlar göstərir ki, İsrailin İran (Tehran) səmasına nəzarət etməsi barədə bravadasına baxmayaraq, bu baş verməyib. Çünki İsrailin raket zərbələri İranın qərbindən 400-500 km uzağa keçmədi. Həm də indiyədək İran səmasında İsrail təyyarəsinin uçması barədə bir görüntü də yoxdur. Tək-tük təyyarə İran və ya İrana yaxın İraq səmasına daxil olub (yəqin ki, vəziyyəti öyrənmək üçün) və vurulub. İran mənbələri 3 F-35-in, rus mütəxəssisləri 1 F-35-in və 2 F-16-nın vurulduğunu bildirir. Lakin hələ ki müvafiq sübutlar təqdim olunmayıb.

🔸 Niyə İsrail təyyarələri İran səmasına daxil ola bilmədilər? İsrailin diversiya, terror və ilk 2 dalğa aviazərbəsinə İran necə duruş gətirə bildi?

Məlumatlara görə İran İsrailin hava zərbələrinə yaxşı hazırlaşmışdı. HHM sistemlərinin çoxunun (xüsusən də qərb ərazilərində yerləşənlərin) əvəzləyiciləri var idi və onlar gizlədilmişdi. Demək olar ki, əksər HHM qurğularının 2-3 mulyajı düzəldilib, quraşdırılmışdı (Ukrayna müharibəsində tətbiq edilir). Bu metod ilk dəfə 1956-1957-ci illər İsrail-Misir Süveyş müharibəsində Misirə yardım edən sovet mütəxəssisləri tərəfindən tətbiq edilmişdi. Sovetlər Misir hərbi texnikasının mulyajlarını düzəltmiş və mövqelərə yerləşdirmişdilər. Gecə vaxtlarında real texnika ilə mulyajların yerlərini tez-tez dəyişirdilər ki, İsrail kəşfiyyatı real texnikanı müəyyən edərdisə, vurulan zaman o yerdə mulyaj olsun. İran da bu üsuldan istifadə etmişdi deyə həm İsrail diversiyası, həm də aviazərbəsi gözlənilən effekti verməmişdi.

İran Hizbullah liderlərinin İsrail terroru nəticəsində aradan götürülməsi təcrübəsindən də dərs çıxartmışdı. Bütün komandirləri dərhal əvəz edə biləcək 2-ci və 3-cü şəxslər müəyyənləşdirilmişdi. Bu orduya komandanlıqda xaos yaranmasının qarşısını aldı.

Bu iki faktor imkan verdi ki, İran müttəfiqlərin 3-cü aviadalğasının İran səmasına keçməsinin qarşısını alsın.

İran üçün müharibənin ilk günü ən böyük problem kiberhücumun elektron müdafiə sistemini çökdürülməsi oldu. Bu HHM sistemlərinin sinxron şəkildə vahid mexanizm kimi işləməsinə mane olurdu. İran 8 saat “susdu”. Onun məhz bu 8 saatlıq susqunluğu (cavab atəşi açmamağı) İsrail və ABŞ-da qələbənin yaxında olması illüziyası yaratdı. Uğurundan məst olan Netanyahu İrana alçaldıcı bir ultimatum verdi, Tramp isə bütün “kartlarını açdı”. Bircə Britaniya “kölgədə” qaldı – həmişəki kimi.

Lakin 8 saat ərzində İran elektronikasını bərpa edə bildi və HHM sistemi tam gücü ilə işləməyə başladı. Bunu necə və kimlərin köməyi ilə etdi – hələ dəqiq məlum deyil. Məlumat üçün deyim ki, hazırda İranda 2 mindən çox Çin və yüzlərlə Rusiya hərbi-texniki mütəxəssisləri çalışır. 13 iyun axşamı İran İsrailə ilk raket zərbəsi endirdi. İranın belə tez özünə gələ biləcəyini gözləməyən və artıq qələbəni qeyd etməyə hazırlaşan İsrail-ABŞ tandemi üçün bu şok effekti yaratdı. Bu haqda sonra…

🔸 Bəs niyə həmin 8 saat ərzində müttəfiqlər İrana təkrar aviazərbələr endirmədilər?

Məsələ burasındadır ki, hərbi təyyarələr əməliyyatdan qayıtdıqdan sonra texniki müayinədən keçməlidirlər. Təyyarə nə qədər müasirdirsə (elektronikası çoxdursa), onun texniki baxışı bir o qədər çox vaxt aparır. Bu baxımdan ən pis vəziyyət F-35-dədir – onun 1 saatlıq uçuşu 14 saatlıq texniki baxış tələb edir. Aviahücum zamanı təyyarələr havada ~3 saat olmuşdular. Bu zaman, yəqin ki, onların bəziləri hətta İran HHM sistemlərindən müəyyən zədələr də almışdı. Bu təyyarələr çox həssas olduqlarından belə əməliyyatdan sonra onlarda çoxsaylı nasazlıqlar da ortaya çıxmalı idi… Təbii ki, növbəti aviazərbə ən tezi 14 iyuna planlaşdırılmışdı.

Əməliyyatda iştirak edən təyyarələrin çoxu (əsasən F-35I-lər, bu modifikasiya məhz İsrail üçün hazırlanıb) İsrail hərbi aviabazalarına qayıdıb, texniki baxışa dayandı. İranın cavab zərbəsi endirə bilməyəcəyinə arxayın olan İsrail təyyarələrini açıq səma altında saxlamışdı. 13 iyun axşamı İran İsrailin 3 hərbi aviabazasına raket zərbələri endirdi. Güman ki, İsrail bu zərbələrdən xeyli təyyarə, xüsusən də F-35I itirdi. İsrail üçün şok effekti yaradan məhz bu hadisə oldu. İsrail senzurası aviabazalardan heç bir görüntü vermədi və ciddi hərbi zərər çəkmədiyini bildirdi.

Lakin İsrailin çoxlu təyyarə itirdiyini təsdiq edən dolayı faktlar var. 14 iyunda müttəfiqlər İrana növbəti aviazərbələr endirdi. Məntiqlə bu dəfə əməliyyatda daha çox təyyarə iştirak etməli idi, lakin 4-cü aviadalğada iştirak edən təyyarə sayı az oldu. Bunu atılan raketlərin sayından bilmək olur. Beləliklə, NATO-nun Amerika və Avropadan əlavə təyyarələrinin cəlb olunmasına baxmayaraq, indiyədək davam edən aviadalğalarda müttəfiqlərin təyyarələrinin sayının getdikcə azaldığını müşahidə edirik. F-35I-lər azaldığı üçün aviatankerlərə tələbat artıb. Buna görə İsrailin köməyinə hətta Avropadan da aviatankerlər göndərilir.

Müharibənin başlanmasından 1 həftə keçib, amma İsrail və müttəfiqləri hələ də İranın hava sərhədlərini keçə bilməyib və İranın şərqinə aviazərbə endirə bilməyiblər…

Ardı var…

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights