Putinin “Valday” konfransındakı çıxışında NATO-nu hədəf alması və Rusiyanın guya Ukrayna ilə deyil, bütövlükdə NATO ölkələri ilə, NATO Alyansı ilə döyüşməsi görüntüsünü yaratmağa çalışması bir daha təsdiqlədi ki, bu, həm Putinin özünün, həm də Donald Trampın maraqlarına uyğun öncədən razılaşdırılmış çıxışdır.
Bəli, bu gün Rusiyanın məhz NATO ilə döyüşdüyünü sıravi rusiyalıların beyinlərinə ötürmək ideyası Putin üçün çox sərfəlidir. Çünki Ukrayna ilə müharibəni heç cürə Rusiyanın xeyrinə “qələbə” ilə bitirə bilməyən Vladimir Putinə bu məğlubiyyətin əsas səbəbi qismində Rusiyanın məhz nəhəng NATO alyansı ilə döyüşdüyünü göstərmək ən sərfəli, ən optimal çıxış yoludur. Başqa sözlə desək, NATO “kart”ı Putinə özünü daxili auditoriyanın suallarından və qınağından qorumaq üçün əla bəhanədir.
Ukrayna ilə müharibənin Rusiya-NATO savaşı müstəvisinə keçirilməsi Trampın da işinə çox yarayır. Bu, ABŞ prezidentinə NATO ölkələrinə, Avropa İttifaqına daha çox silah satmağa imkan verəcək. Beləliklə, Birləşmiş Ştatların maliyyə xəzinəsi Ağ Evin NATO ölkələrinə satdığı silahların və ukraynalıların qanı hesabına dolmağa davam edəcək.
Bütün bunlar tipik imperializm nümunəsidir.
Karl Marksın dövründən bugünə imperializmin tipi, xarakteri əsla dəyişməyib. Dəyişən sadəcə fasaddır, dekorasiyadır. İndi “imperializm” sözünə sadəcə “neo” prefiksi, hissəciyi əlavə olunub, vəssalam…
“Valday” diskussiya klubunun tribunasından Rusiyanın geri çəkilmədiyinin, döyüşlərin davam etdiriləcəyinin elan edilməsi Putin və Trampın müharibə “tanqo”sudur.
P.S.
Maraqlıdır ki, Tramp üzdə sülh tərəfdarı, arxa planda isə qlobal silah taciri kimi çıxış etdiyi halda, Nobel Sülh Mükafatını da qapazlamağa çalışır…
Bəybala MİRZƏYEV
Siyasi şərhçi