ELAZ.İNFO xəbər verir ki, İranın ali rəhbəri Müctəba Xameneyi dövlət televiziyası vasitəsilə mühüm bəyanat yayıb. O bildirib ki, düşmən hücumlarına və bombalanmalara baxmayaraq, İslam Respublikası Fars körfəzi zonasındakı müharibədən qalib tərəf kimi çıxıb. “Düşmənin vurduğu zərərə rəğmən, silahlı qüvvələrimiz bu müharibəni böyük qələbəyə çevirdi”, – deyə ali rəhbərin bəyanatında qeyd olunur.
Xameneyi həmçinin vurğulayıb ki, İran Hörmüz boğazının idarə olunmasını tamamilə yeni səviyyəyə qaldıracaq. Bu strateji keçid məntəqəsi üzərində nəzarətin gücləndirilməsi qlobal enerji təhlükəsizliyi və dəniz ticarəti üçün həlledici addım kimi qiymətləndirilir. Xatırladaq ki, bu bəyanat İranın əvvəlki ali rəhbəri Əli Xameneyinin vəfatının 40-cı gününə təsadüf edir və yeni rəhbərliyin bölgədə daha qətiyyətli mövqe tutacağını göstərir.
Ali rəhbərin bəyanatında əhaliyə müraciət edilərək, son 40 gündə olduğu kimi, küçələrdə kütləvi yürüş və nümayişlərin davam etdirilməsi çağırışı yer alıb. Bu, həm daxili birliyin nümayişi, həm də xarici təzyiqlərə qarşı xalqın dəstəyinin ifadəsi kimi təqdim olunur. ABŞ və İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan sonra yaranmış vəziyyət Tehranda İranın qələbəsi kimi qeyd edilir və regionda qüvvələr nisbətinin dəyişdiyinə işarə vurulur.
Ruslan MƏMMƏDOV