Mübarizədə keçən ömür -Yusif Ziya Talıbzadə

ELAZ.İNFO, BAKI, 19.05.2025.

Yusif Ziya Talıbzadə (Yusif Ziya) 1877-ci ildə Tiflisdə anadan olmuşdur. Təhsilini Zaqafqaziya ruhani idarəsinin nəzdindəki “Əli təlimi” üzrə şiə məktəbində (Rüşdiyyə məktəbində) almış, türk, ərəb, fars, rus dillərini öyrənmişdir. 1894-cü ildə ailəsi ilə birlikdə Xorasana (Məşhədə) köçmüş, orada ali dini təhsil almış, məşhur Mirzə Cəfər mədrəsəsini bitirmişdir. Dini təhsilini Bağdadda tamamladıqdan sonra 1899-cu ildə Bakıya gəlmiş, Nəriman Nərimanovla, Hacı Zeynalabdin Tağıyevlə yaxınlaşmış və fəaliyyətə başlamışdır.

1900-cü ildə Bakıda, “rus-tatar” məktəbinə şəriət müəlimi təyin olunduqdan sonra Azərbaycan dilinin qrammatikasına aid “Təhsili-qəvaid” (1901) adlı o zaman üçün qiymətli bir kitab çap etdirir, həmin dövrdə N.Nərimanovun “Nadir şah”ını fars dilinə çevirir. Əsrin əvvəllərində milli mətbuatın “Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Yeni Füyuzat”, “Şəlalə” kimi orqanlarında “Axund Yusif Talıbzadə” imzası ilə məqalələri çap olunur. İslam dini məsələlərinə dair 10-dan artıq kitabçası da bu dövrdə çapdan çıxmışdır. Yusif Ziya bədii ədəbiyyatla da maraqlanmışdır, milli ruhda şerlər yazmış, “Ərmənusə” və “Əmir Xalid” faciələri 10-cu illərdə səhnəyə qoyulmuşdur. 1907-ci ildə Quranın Azərbaycan türkcəsində nəşr edilmiş üç cildlik nüsxəsini (təfsirlə birlikdə) Türkiyə soltanı II Əbdülhəmidə hədiyyə aparmağı Hacı Zeynalabdin Tağıyev Yusif Ziyaya etibar etmişdir. 1910-cu ildə o, Türkiyəyə getmiş və bu münasibətlə “Türkiyə məktubları”nı çap etdirmişdir.

1911-ci ildə Müsavat partiyasının yaranmasında fəal iştirak edən ilk üzvlərdən olmuşdur. 1912-ci ildə Türkiyəyə köçərək hərbi təhsil almış, Balkan müharibəsində, Birinci dünya müharibəsində, Kars-Ərdəhan cəbhəsində türk ordusu sıralarında ruslara, ermənilərə qarşı qəhrəmanlıqla vuruşmuş, 1918-ci ildə türk ordusunun tərkibində yenidən Bakıya qayıtmışdır. Demokratik Azərbaycan Cümhuriyyətinin siyasi həyatında qızğın fəaliyyət göstərmişdir. 1919-cu ildə Osmanlı dövləti nümayəndə heyətinin başçısı kimi Təbrizə getmiş, orada həmkarları ilə Cənubi azərbaycanlıların azadlıq mübarizəsini dəstəkləyən “İttihadi-islam” cəmiyyətini yaratmışdır.

Qızıl Ordunun Azərbaycanı istilasından sonra Azərbaycan-İran sərhəddində tutulsa da, Moskvanın razılığı, N.Nərimanovun zəmanəti ilə azad olunaraq Naxçıvana hərbi komissar təyin edilmişdir. Lakin erməni daşnaklarının Naxçıvan torpaqlarına qarşı iddialarına tərəfdar münasibət bəsləyən Sovet hökumətinin siyasətinə etiraz əlaməti olaraq ailəsi ilə bərabər Bakıya qayıtmış, N.Nərimanovun köməkliyi ilə buraxılış vəsiqəsi alaraq Türküstana yola düşmüşdür. Türküstanda basmaçılar hərəkatına qoşularaq qırmızı rus ordusuna qarşı vuruşmalarda iştirak etmiş, basmaçılar hərəkatının başcısı Ənvər paşanın müavini olmuşdur.

Y.Z.Talıbzadə 1923-cü il may ayının 18-də Qızıl Ordu ilə döyüşlərin birində ağır yaralanmış, Amu-Dərya çayını üzüb keçərkən boğularaq həlak olmuşdur.

Materialı hazırladı:

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights