Müəmmalar əbədi sirrə çevrilib

ELAZ.İNFO xəbər verir ki, 23 dekabr 1953-cü ildə Hərbi məhkəmənin qərarı ilə uzun müddət SSRİ xüsusi xidmət orqanlarının rəhbəri olmuş Lavrenti Beriya güllələnib.

Lavrenti Beriya – Sovet İttifaqı rəhbərliyinin ən müəmmalı şəxslərindən biri, məncə, hətta birincisidir və bilmirəm, Sovet tarixi ilə məşğul olan tarixçilər bu müəmmanı haçansa tam aydınlaşdıra biləcək, ya yox?

Onun yalnız həyatı yox, ölümü də müəmmalar içindədir – bir sıra müəlliflər (və şahidlər!) 1953-cü il iyunun 26-da Beriyanın öz evində gülləbarana tutularaq, qətlə yetirildiyini, başqa bir sıra müəlliflər (və şahidlər!) isə məhkəmə hökmü ilə 23 dekabr 1953-cü ildə güllələndiyini yazırlar – rəsmi mədumat da elə budur. Bunu da deyirlər ki, marşal Q.Jukov başda olmaqla Beriyanı həbs edən generalların arasında Leonid Brejnev də olub.

İyunun elə həmin 26-sı onun oğlu Serqonu hamilə arvadı Marfa Peşkova (Maksim Qorkinin nəvəsi idi) ilə birlikdə, sonra arvadı Nino Qeqeçkorini həbs edirlər və daha sonra Sov. İKP MK Rəyasət Heyətinin qərarı ilə Beriyanın bütün qohum-əqrabasını, o cümlədən 85 yaşlı anasını və qaynanasını Gürcüstandan sürgün edirlər.

Əlbəttə, Beriya nə mələk idi (ümumiyətlə, siyasətdə mələk olmur), nə də şeytan və onun gündəliklərini oxuyanda görürsən ki, söhbət cani-dildən Sovet İttifaqına xidmət edən və bu ölkənin təəssübünü çəkən, gələcəyini düşünən, bacarıqlı və ağıllı, fanatik stalinçi bolşevikdən gedir. Bu adam ömrü boyu var qüvvəsi ilə SSRİ və o dövrün təbiri ilə desəm, «sovet xalqı» naminə çalışıb, son dərəcə zəhmətkeş və işgüzar olub.

O başqa məsələ ki, bu xidmətin ideoloji-inzibati məğzində nə dayanıb, Xeyir ilə Şərin daimi mübarizəsində əldə edilən nə olub və necə olub? Və nə əldə edilibsə də, məncə, bu – ikiüzlüyün, riyakarlığın yox, məhz inqilabi-ideoloji fanatizmin nəticəsti olub (Stalinin özündə olduğu kimi!). Beriyanın da əli Stalinin və Stalinin ətrafındakı «kiçik rəhbərlərin» – Xuruşşovun, Molotovun, Malenkovun, Voraşilovun, Mikoyanın və başqalarının əli kimi qanlı olub.

Bağırov Azərbaycanda şair Mikayıl Müşfiqi, yaxud artist Abbas Mirzəni güllələtdirəndə Beriya da Gürcüstanda şair Tisian Tabidzeni və artist Sandro Axmetelini güllələdirdi və bu güllələmələr, ifşalar, sürgünlər, işgəncələr 37-38-ci illərdə bütün Sovet İttifaqını bürüyərək, artıq «sovet xalqı»nın (xalqın dili olar, «sovet xalqı» dili dilsiz «xalq» idi!) həyat tərzinə çevrilmişdi.

Yeri düşmüşkən, belə bir maraqlı fakta da rast gəldim ki, 1923-cü ildə Beriyaya ilk rəsmi xasiyyətnəmə yazan və imzalayan partiya xadimi – Ruhulla Axundov olub və həmin xasiyyətnamədə bildirilir ki, Beriya «partiyanın tapşırıqlarını ona xas olan enerji və qətiyyətlə yerinə yetirir», «onun hərtərəfli fəaliyyəti parlaq nəticələr verir», «o, hazırkı dövr sovet quruculuğu üçün vacib olan ən yaxşı cəhətlərə malik, qiymətli, yorulmaz bir işçidir.»

Söhbət 24 yaşlı bir gəncdən gedir və Ruhullanın özünün də o zaman cəmi 26 yaşı var idi və on dörd ildən sonra bu «sovet quruculuğu» Ruhulla Axundovu güllələdi, daha on altı ildən sonra isə həmin quruculuqda «parlaq nəticələr» əldə edən Lavrenti Beriyanın özünü güllələdi.

Mənə elə gəlir ki, sovet rəhbərliyinin Beriya müəmması və bu kimi başqa müəmmalar (Leninin, Djerzinskinin, Frunzenin, Kirovun və b. ölümü, Kommunist Partiyasında Xuruşşov hadisəsi, Qorbaçov hadisəsi və s.) çətin ki, haçansa aydınlaşacaq, çünki adlarını çəkdiyim və çəkmədiyim bu adamlar ixtiyar və imkan sahibləri idi, buna görə də, belə başa düşürəm ki, arxivlərə mükəmməlcəsinə əl gəzdirilib – hərə özü ilə bağlı təmizləmə aparıb.

Görünür bu müəmmalar – əbədi bir sirrə çevrilib.

Beriyanı oğlu Serqo Beriya atası haqqınlakı kitabında yazır ki, «Stalin ilə mənim atamın münasibətlərindəki sirr – sirr olaraq da qalır.»

Stalinin anası Ekaterina (Keke) Cuqaşvilinin xatirələrində (onun söylədiklərini qələmə alıb, çap ediblər) oxudum ki, Beriyanı «bizim Lavrentiy» adlandırır, o biri tərəfdən isə Stalinin Moskva ətrafı bağının komendatı deyir ki (İ.Obolenskinin kitabında), adətən asta və təmkinlə danışan Stalinin qışqırığını eşidərək, tələsik gəlib, görüb ki, Beriya stulda əyləşib, Stalin də ayaq üstə yumuruğunu onun ağzına dirəyərək qışqırır: «- Rəd dol burdan, səni toza çevirərəm!». Bir həftədən da sonra Stalin vəfat edir.

N.Xuruşşov xatirələrində Beriyaya qarşı yalnız ağla sığan və sığmayan ittihamlar yağdırır, ciddi bir fakt isə göstərmir və deyir ki, «Beriyanı Stalin yaratmışdı», Stalini isə «cinayətkar və qatil» adlandırır.

Bəs, həmin 37-38-ci illərdə Nikita Xuruşşov özü kim idi?

Deyəsən, qələm məni yenə uzaqlara aparır.

Hərdən fikirləşirəm ki, mən niyə bu kitabları, stenoqramları, məqalələri, sənədləri oxuyuram və bunların əvəzində klassikada, elə müasir ədəbiyyatda o qədər oxunmamış əsərlər var ki…

Yəqin ona görə ki, daha dəqiq bilmək istəyirəm ki, ömrümün böyük hissəsini hansı ölkədə yaşamışam və bu ölkəyə kimlər rəhbərlik edib, yəni söhbət yalnız şəxsi təəssüratdan, şəxsi təcrübədən yox (bunlar öz yerində!), siyasi-inzibati və ictimai faktalogiyadan gedir.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights