Müəllim ömrü, şair taleyi, ziyalı mövqeyi…

Cəmiyyətimizdə elə hörmətli müəllimlər var ki, onlar sənə nə orta məktəbdə, nə də ali məktəbdə dərs deyiblər. Amma onları yaxından tanıyıb, orijinal fikirlərini dinləyəndə, insan qəlbinin mühəndisi kimi kəşf edirsən və istər-istəməz özünə həyat müəllimi bilirsən! Hətta yaş senzinə görə pedaqoji fəaliyyətlərinə məktəblərdə xitam verilsə belə, onlar könül verdikləri peşəni cəmiyyət həyatında davam etdirirlər.

Bu il 75 yaşı tamam olan Əlizaman Baxış da belə müəllimlərdəndir. Onun bu dünyaya  BAXIŞI  doğulduğu  Hacıtəpə kəndinin  bir ovuc torpağından, onun gülünün, çiçəyinin ətrindən,  ilk tanıdığı insanların zəhmətə sevgisindən  formalaşıb… Gənc yaşlarından ağsaqqal düşüncəsinə malik olan belə insanların  varlığı cəmiyyətin  mənəvi ekologiyasını qorumağa xidmət edir.   

                          Dözümlü   kişi…

Əlizaman  müəllimin sakit, ağayana görünüşü  elə ilk baxışdan diqqəti cəlb edir, onun  ilk kəlməsindən adamın ürəyinə ilıq bir mehribanlıq, səmimiyyət və doğmalıq hopur. Bir daha əmin olursan ki, o, bu dünyaya müəllim kimi doğulanlardandır. Əlizaman müəllim təkcə gözəl həmsöhbət deyil, həm də böyük qəlb sahibi, etibarlı dost, sirdaşdır. Onunla doğma Masallıda dəfələrlə görüşmüşük, qonşu Lənkərana – hər ikimizin ortaq dostu, detektiv əsərlər müəllifi Qafar Cəfərlinin ziyarətinə getmişik. Birlikdə  Xanbulançay ətrafında təbiət qoynunda dincəlmişik. Keçmişdən, gələcəkdən, dost tanışlardan, ədəbiyyatdan danışmışıq… Bakı isə tale yollarımızın dönə-dönə kəsişdiyi şəhərdir. Qismət olsa, ömür möhlət versə, hələ bu şəhərdə Əlizaman müəllim kimi dostlarla çox görüşəcəyik.  

Əlizaman Baxış ömrünün üçüncü qərinəsini yaşayır. Bu illərdə ömür adlı qatarın bütün sadə sərnişinləri kimi o da rastlaşmadığı çətinliklərlə az üzləşməib, nə qədər haqsızlıqların şahidi olub, necə deyərlər, müəllim həmkarlarının  çoxu kimi   öz  halal “haqqını” ala bilməyib… Bəli, 50 ilə yaxın şagirdlərinə xoşbəxtlik yolunu göstərən bu ustad  müəllimə  firavan yaşamaq arzusu həmişə əlçatmaz olub!.. Amma Əlizaman  müəllim dözümlü kişidir. 

Səbrin hikmətinə  inanan, bəxtindən şikayət etməyən bir ziyalıdır. 

Yaxşı əməlin təməli..

Şöhrət ardınca qaçmağı sevmədiyindən abrına bürünüb təmkin və təvazö dünyasında bulunmağı üstün tutmuş, saf və təmiz vicdanına söykənərək başı dik, alnı açıq, üzü ağ yaşamaq yolunu seçmişdir. Əslində içində vurnuxan üsyankarlığa, qəzəb hissinə sözlə müdriklik qiyafəsi geyindirməyi bacaran güclü bir ruha sahibidir. 

Aqillər deyir ki, qayğının qapı–pəncərəsi yoxdur, o, əbədi bir ehtiyacdır ki, həmişə, hər yerdə onu hiss edirsən. Bəzən mənə elə gəlir  ki,  zamanəsində qayğılardan  qaça bilməyən Əlizaman müəllim kimi ziyalılar susmağın “qızıl” olmadığını lap gənc yaşlarından dərk edirlər, ona görə həm də şair taleyi yaşamağa məhkum olurlar!  Əlizaman Baxış da müəllim kimi şagirdlərinə  deyə bimədiklərini qələm adamı kimi oxucularına deməyə çalışır:

Adam var ki, doymaq olmur söhbətindən-sözündən,

Adam var ki, zəhər yağır baxışından-gözündən!

Adam var ki, baş qoyarsan ayağının altında,

Adam var ki, tez qaç, qurtar şeytansifət üzündən!

         Söz yaradıcı insanın sərvətidir, şairin taleyinə zinət verən Tanrı nemətidir. Əlizaman müəllimin böyük həvəslə, ürəyinin səsi ilə yazıb-yaratdığı şeirlər də sözün qüdrətindən bəhrələnən və sözə hörmətlə yanaşan qələm sahibinin qəlb çırpıntılarıdır. İstər əyalatdə yaşa, istər paytaxtda, harda olursan ol, nədən yazırsan, kimdən yazırsan yaz, amma yazıb-yaratdığının kökündə millilik dayanmalıdır. “Vətənlə dərdimiz doğuldu qoşa” – deyən  Əlizaman Baxış dünyasına  yaxşı bələd olduğum üçün etiraf edim ki, onun şəxsiyyəti ilə yaradıcılığı arasında təbii bir uyarlıq var. O, həm də  canına, ruhuna  hopmuş vətəndaş təəssübkeşliyi ilə cəmiyyətdə baş verən neqativ hallara laqeyd qala bilmir, “mənə nə” demir:

Hamı bilir, balıq başdan iylənir!

Hazırların nazirləri piylənir –

zalım oğlu gəlib biznən əylənir!

“Bəsdir!”, “Yetər!,“Dayan daha!” deyən yox!

Danlayan yox, dansayan yox, söyən yox!

Və ya:

Cilovlanıb duyğularım,

əhvalı bərbad kimiyəm!

Bu dünyanın təndirində

kütə getmiş tat kimiyəm!

Əlizaman müəllimin poetik fikirlərinin çoxu ürəkdən tikan çıxardırsa, düşündürə bilirsə, şeirdə, poeziyada nəsə bir söz deyirsə, demək, yaşadığı zamanın nəbzini tuta bilir, haqqı tərənnüm edir, tarixin güzgüsündə gördüyü əyrilikləri təhrif etmir. Əməl də insan şəxsiyyətinin güzgüsüdür, deyənlər yanılmayıblar. Hər bir yaxşı əməlin təməli ailədə qoyulur, həmçinin, vətən sevgisinin təməli də. Məhz ona görə də  Əlizaman müəllimin nəinki şeirlərində, hətta publisistik  yazılarında da vətənsevərlik hissləri onun şəxsi keyfiyyətləri ilə üst-üstə düşdüyündən inandırıcıdır və bu hisslərin həqiqiliyinə olan inam oxucu üçün bir həyat dərsidir. 

Kitabları haqqında

Mövzu seçimi, rəngarəngliyi  baxımından Əlizaman  müəllimin bu günə kimi işıq üzü görən bütün kitabları maraq doğurur. Onun 2010-cu ildə nəşr olunan “Hacıtəpə – keçmişdə və indi” sənədli  publisistik-ensklopedik kitabı doğulduğu el-obaya övlad məhəbbətindən yaranıb və məzmun fundamentallığı ilə seçilir. Bu kitab kəndin gələcək nəsillərinə dəyərli ensiklopedik bilik verir. 

“Qayaların dağ harayı” (2018) bədii-publisistik kitabındakı “Haraylar” poeması isə müəllifin sözün obrazlı dilinə, poetik imkanlarına vaqif olduğundan xəbər verir. İctimai məzmunlu  poetik düşüncələr xalq dilindən bəhrələnib, xalq ruhundan qidalananda həm rahat oxunur, həm də asanlıqla yaddaşlarda qalır. Bu da müəllifin əqidəsinin, qayəsinin oxuculara çatdırılmasını və təsirliliyini təmin edir.  

Qismən avtobioqrafik üslubda qələmə aldığı “Ömür kitabı”nda (2019) da insan həyatının yaşantılarından bəhs olunur.

“Yaxşı ki varsan” kitabı (Bakı, Elm və Təhsil nəşriyyattı,  2019) Əlizaman  müəllimin   həm də  şair-tərcüməçi olduğundan soraq verir.  Bu kitabda onun lirik, ictimai, satirik janrda yazılmış şeirləri ilə yanaşı, tanınmış rus şairi və publisisti, Azərbaycan həqiqətlətinin carçısı Aleksandr Fomenkovdan dilimizə çevirdiyi şeirlər və hekayə oxuculara təqdim olunur. Müəllif həm klassik həm də müasir poeziyanın imkanlarından gen-bol bəhrələnib: oxucuya təqdim olunan bayatı, qoşma, gərayılı, təcnis, dodaqdəyməz yəni, hecada olan folklor və aşıq ədəbiyyatı; eləcə də şair dostları ilə deyişmələri, poetik yazışmaları, sabiranə şeirləri, M.Müşfiqsayağı düşüncələri müstəvisində Əlizaman Baxışın öz aləmi, söz aləmi görünür. 

Kitabda müəllif şeirlərinin əksəriyyətində, eləcə rus dilindən tərcümə etdiyi ədəbi nümunələrdə Vətən sevgisi, vətəndaşlıq təəssübü özünü apaydın biruzə verir. Vətən insanların ilk beşiyi və son məzarıdır. Ona görə Vətəni sevməyən insan təsəvvür olunmazdır. Bu cəhətdən Vətən mövzusunda yazmaq əlinə qələm alan hər bir yazarın ümdə vəzifəsidir. Müəllifin fikrincə, Vətəni sevmək azdır, onun  uğrunda   döyüşmək, candan keçmək lazımdır: Yağı tapdağında qalan Vətən torpaqlarlarının azad olunması istəyini şair belə dilə gətirir:

Xəcalət təridir tökdüyüm bu tər,

De hansı gün olar bu gündən betər?

Nə qədər səbr edək, bəsdirin, yetər!

Qalxın, silahlanın, döyüş vaxtıdır!

Onun  Vətən haqqında qələmə aldığı şeirlərində bir üsyan, dünya birliklərinə qarşı bir etiraz duyulur. Əlizaman  müəllim kitaba daxil etdiyi belə şeirlərin səmimiliyi ilə oxucusuna Vətən sevgisi aşılayır, gənc nəslin qan yaddaşını daha da möhkəmləndirir.

Əlizaman müəllimin sayca beşinci olan “Analı dümyamdan gəlmişəm” kitabında (Bakı – “Elm və Zəka” – 2022.) valideyn məhəbbəti, ona olan qayğının sonsuzluğundan bəhs edən şeirləri ilə yanaşı dostluqda etibardan, Vətənə sədaqət və tükənməz sevgidən bəhs edən şeirlər, on hekayəsi, bir neçə publisistik yazısı və bir mənzum hekayəsi də yer almışdır.

Hələlik sonuncu kitabı olan “Kəndimizin qartalları” (Bakı – “İMZA” nəşriyyat evi, 2022.) yaşadığı kəndin I və II Qarabağ Savaşlarında iştirak edən ŞƏHİD, QAZİ, və VETERANLARına həsr olunmuşdur. Kitabda dörd ŞƏHİD, ona yaxın qazi və otuzdan çox veteran haqında maraqlı və oxucunun qəlbində düşmənə nifrət, Vətənə məhəbbət hissini aşılayan hekayələr vardır.

Yubiliyara yubiley arzum…

Qələm dostumun son şeirlər toplusu hələlik işıq üzü görməsə də, mənə məlumdur ki, doğma yurda, onun gözəl təbiətinə, sədaqətli dostlara, dağdan ağır köhnə kişilərə, təbii ki, bəşəri mövzu olan məhəbbətə həsr olunmuş poeziya nümunələrindən ibarət olacaqdır.

Şair ruhu, ziyalı qəlbi sərhəd tanımayan qələm dostumu uzaqdan –uzağa bağrıma basıram və bu yubiley yazımı nikbin sonluqla bitirmək istəyirəm .

Demək istəyirəm ki, əgər qərinə zaman vahidi olub əsrin üçdə birinə, yəni 33 ilə bərabərdirsə, onda mənə Əlizaman müəllimə ömrünün üçüncü qərinəsini elə indi bu şəkildə göründüyü kimi, gümrah, üzündən əskik olmayan səmimi təbəssümlərlə ömür-gün yoldaşı Xanım müəllimə ilə birlikdə başa vurmağı diləyirəm!

         75 yaşlı şair dostumun hələlik sonuncu – nəşri yubanan sayca yeddinci kitabından bir neçə şeirini “Cənub az”ın daimi izləyicilərinə təqdim edirik.

Nurəddin ƏDİLOĞLU,

                   yazıçı, publisist.

ƏLİZAMAN BAXIŞ

ŞƏHİDİM    

Neçə papaq başsız qaldı,

Vətən neçə daşsız qaldı!

Yaşlanmadı, yaşsız qaldı,

ŞƏHİDİM!

Görünməyən tarix yazdı,

Yağılara qəbir qazdı!

Dəmir yumruğuyla əzdi,

ŞƏHİDİM!!

Torpaq oldu sözü, andı,

Əhd elədi: “Qana qandı!”

Qarabağ Azərbaycandı –

ŞƏHİDİM!

Döyüşməyə ellə getdi,

Vətən sevgisiylə getdi!

Düşmən üstə güllə getdi,

ŞƏHİDİM!

“Əbədi Məşəl” yanacaq!

Xalqım min illər anacaq!

Unudulmayacaq sonacan –

ŞƏHİDİM!!

27.09.22.

RƏSSAM, MƏN ÇƏKİM

Rəssam, bu Torpağın rəsmini səksən,

Dağların özün çək, düzün mən çəkim!

Çəkdiyin dənizin, bulağın, çayın

Harayın mən çəkim, sözün mən çəkim!!

Sən çək şairlərin duyğularını,

Elinə, yurduna sayğılarını!

Şəhid anasının qayğılarını –

Yollara boylanan gözün mən çəkim!

Sən çək başım üstə qara buludu,

Bəxtimin mabədi qardı, doludu!

Çəkdiyin yol ki var, tale yoludu –

Qoy bəxtin, taleyin özün mən çəkim!!

Ömrümün gördüyün bu çağın sən çək,

Qara günlərimin apağın sən çək!

Yurdumun-yuvamın ocağın sən çək,

Alovun mən çəkim, közün mən çəkim!!!

Rəssam, çək yurdumun incə gülünü,

Ayna bulağını, durna gölünü!

Ruhuna çatanda saxla əlini,

Dərgaha baş vurum, gəzim, mən çəkim!

Bu Vətən, bu Torpaq, bu sonsuz səma,

Çək, halalın olsun, çəkmirəm, demə!

Qardaş, insanlara çatanda amma

Çörəyin mən çəkim, duzun mən çəkim!!

08.12.22.

ŞƏHİD ANA

(Oğulları şəhid olmuş analar da şəhiddir)

Şəhid ana, bu dərdi tək ağlama,

Gəl qolunu boynuma sal, ağlayaq!

Doğma oğul olmaq sənə çətindir,

Oğul kimi qoynuna al, ağlayaq!

Lənət deyim xeyirəmi, şərəmi?

Göz yaşları dərdimizə çarəmi?

Aşıq, bu gün çalma Yanıq Kərəmi,

“Vağzalı” çal, “Vağzalı” çal, ağlayaq!

Şəhid ana, özünə gəl, dur, ayıl,

Bu, tək sənin çəkəcəyin dərd deyil!

Nə dizlərin bükülməsin, nə əyil,

Ayaq üstə mərdanə qal, ağlayaq!

Şəhid ana, xalq hamısı birhallı,

Neçə oğul tək ayaqlı, tək əlli,

Necə verək analara təsəlli!?

İmkan verin, qoyun bol-bol ağlayaq!

Şəhid ana, hər dərdimiz Vətəndir,

Şəhid olan hər mərdimiz Vətəndir!

Yolunda qan tökdüyümüz Vətəndir –

Vətən yaşa, Vətən sağ ol!! Vətəndə

qoy sevincdən, qoy fərəhdən ağlayaq!

26.09.23.

GƏLSİN

Bahar havası tək qarşıma çıxdın,

Azarın-bezarın üstümə gəlsin!

Sanki şimşək vurdu, yandırdın-yaxdın,

Ellər tamaşaya tüstümə gəlsin!

Harda qaldı o əhdimiz, sözümüz,

Aydı, ildi yolda qalıb gözümüz!

Öyrəşmişdi üzümüzə üzümüz,

Cəzası nədirsə, qəsdimə gəlsin!

Dünya başımıza dar gələr, gedər,

Dağlara sis gələr, qar gələr, gedər!

Baharda bağlara bar gələr, gedər,

Xeyirliyə danış, nəs demə, gəlsin!

Vallah, ürəklər də daş olub indi,

Ayaqda dolaşan baş olub indi.

Taleyim namərdə tuş olub indi,

Tanrı verdiyinə pis demə, gəlsin!

04.07.22.

YAR KİMİ SEVDİM SƏNİ

Aləmi-rüsva edib məni oda salan yar,

Eşqimiz dastan olub bu cahana yayıldı.

Sən təzətər növcavan, mən naümid ixtiyar,

Yuxuda gördüklərim aşkar kimi sayıldı.

Heç bilmədim, yox kimi-var kimi sevdim səni!!!

Tanrı payı sandığım yar kimi sevdim səni!!!

Nəfəsinin ətiri də dağdan əsən meh kimi,

Qoymur özümə gəlim, huşum alıb aparır!

Mən də qoşub gedirəm ağılsız səfeh kimi,

Seh(i)rləyib ruhumu, cadulayıb aparır –

Sevdim səni kor kimi, kar kimi sevdim səni!!

Tanrı payı sandığım yar kimi sevdim səni!

Nə bəladır düşmüşəm, bu nə oddur, yandırır,

Ya Rəbb, mənə verməyə özgə dərdin yoxdumu?

Bu dünyada çəkdiyim cəhənnəmi andırır,

Elədiyim günahlar savabımdan çoxdumu?

Neyləyim, oldum günah+kar kimi sevdim səni,

Tanrı payı sandığım yar kimi sevdim səni!

Söz vermişdin, baharda durnalarla gələrsən,

İndi bağın-bağçanın xəzəllənən vaxtıdır!

Ay insafsız, vəfasız, bir də gəlib görərsən,

Vaxt yetişib, başıma qar ələnən vaxtıdır!

Qışda xəstə istəyən nar kimi sevdim səni,

Tanrı payı sandığım yar kimi sevdim səni!

Demə, həyat nağılmış, sən də mahir nağılçı,

Məni ovutmaq üçün nağıllar uydurubsan!

Sən bir afəti-eşqsən, mən isə eşqin acı,

Nağılı yedizdirib, nağılla doydurubsan!

Uydurduğun nağıl+lar kimi sevdim səni,

Tanrı payı sandığım yar kimi sevdim səni!!

23.11.22.

SEVƏRSƏNMİ

Mən özümlə tək qalandan sənsiz günüm qaradır!

Dağ basılıb ürəyimə, cismim para-paradır!

“Peş(i)manam!” söyləməkdən dil-dodağım yaradır,

Günahımdan keçərsənmi, yenə sənə gələrsəm?

Sevərsənmi, qollarının arasında ölərsəm?

Sənsiz keçən günlərimin tamı itib, dadı yox,

Qəbahətdir bu etdiyim, bunun özgə adı yox!

Məhəbbət bir bəladır ki, nə doğması, yadı yox –

Məni xoşbəxt edərsənmi, bu bəlaya gedərsəm?

Sevərsənmi, qollarının arasında ölərsəm?

Vallah, səni həyatımın Dan ulduzu sanmışam,

Sənsiz keçən günlərimdə çatır-çatır yanmışam!

Uçub getdi səadətim, mən necə insanmışam?

Bu eşqimin arxasınca mən də pərvaz edərsəm,

Sevərsənmi, qollarının arasında ölərsəm?

Bilirəm ki, sevgi dolu ürəyini qırmışam,

Ruhum-hissim buz bağlamış, sazaqmışam, qarmışam?

Hansı bədxah gözdən keçib, səndən uzaq durmuşam?

Yeri varmı, ağ bayraqla yenə sənə dönərsəm,

Sevərsənmi, qollarının arasında ölərsəm?

15.04.21.

SEVGİ DƏ BİR NAĞILDI

              Gedək

Gəl verək əl-ələ, gəzək dünyanı,

Hüdudsuz göylərə baş vuraq, gedək!

Hicranı, həsrəti doğrayıb tökək,

Verək küləklərə, sovuraq, gedək!

Geyək məhəbbətin ağ köynəyini,

Unudaq hicranın ox göynəyini,

Gözləyək taleyin yol gəlməyini,

Üç yol ayrıcında şax duraq, gedək!!

Gəl şirin eləyək dilimizi də,

Tanrıya uzadaq əlimizi də!

Sonacan bir gedək yolumuzu da,

Bu eşqi tarixə yazdıraq, gedək!!

Həyatı nağıltək keçdik, ötüşdük,

Bu yolda gör neçə divlə döyüşdük!

Acılı-şirinli nə var, bölüşdük,

Xaini-xəbisi azdıraq, gedək!

Yanvar 2024.

A KÖHNƏ KİŞİLƏR

Köhnə kişilərin sözü var idi,

Çörəyi var idi, duzu var idi!

Onda kişiliyin özü var idi,

Pulun əvəzinə söz verərdilər!!

Dediyi hər bir söz daşdan ağırdı,

Verdiyi hər bir söz başdan ağırdı!

Yerin bilərdilər böyük-kiçiyin,

Xətir də, hörmət də yaşdan ağırdı!!

Götürüb getdilər qeyrəti, arı,

Əmanət qoydular əhdi, ilqarı!

Onlara tay ola bilmədik, qardaş,

Geysək də onlardan qalan paltarı!!

Köhnə kişilərin sözü qalmayıb,

Sönüb ocaqları, közü qalmayıb!

Ləzzəti dəyişib süfrələrin də,

İtib dadı-tamı, duzu qalmayıb!!

Ay köhnə kişilər, köhnə kişilər,

Bir az gileyliyəm sizlərdən yana!

Kişilik dərsini vermədiz bizə,

Nə vaxt qayıdarsız bir də bu yana!??

ANA ÜRƏYİ

Anadır övladın arxa-dayağı,

Məlhəmdir, dərmandır ana ürəyi!!

Durub arxasında bir dağ sayağı,

Tükənməz ümmandır ana ürəyi!!

Odur təsəllisi dərdin-sərin də,

Göz də işıqlanır onu görəndə!

Dünyanın əlçatmaz, ucqar yerində

Olsan da, duyandır ana ürəyi!!

Sənin özündən də tez duyur səni,

Öpür üz-gözündən, oxşuyur səni!

Baxır, qürur duyur, hey öyür səni,

Boyuna heyrandır ana ürəyi!!

Daima uşaqsan ana gözündə,

“Can bala! Qurbanam sana!” sözündə!

Sevgidə fərq qoymaz, oğlun-qızın da

Dərdinə şayandır ana ürəyi!!!

Dayaqdır, həyandır ana ürəyi!!

11.07.23.

QORXURAM

İndi mənim üçün çöl bayır kimi,

Nə qardan, çovğundan, qışdan qorxuram!

Adıma deyilən böhtandan-şərdən,

Ardımca atılan daşdan qorxuram!

Yola vermək olar qarlı qışı da,

Lap elə tutaram kəsək-daşı da!

Allah göstərməsin, axmaq naşıda

Vecə yaramayan başdan qorxuram!!

İçdik badəsini dərdə dözümün,

Verdik fatihəsin aqil sözünün!

İndi düşməniyəm özüm özümün,

Duyğusuz, ürəyi boşdan qorxuram!!

Hələ bunlar nədir, insanlar, deyin,

Neçə ürəksizin, duyğusuz keyin,

Gerizəkalının, ağıldan səyin,

Dəm-dəm buraxdığı “quş”dan qorxuram!!

Əli də yollaşır bu zor Zamanla,

Azad gələcəyə ümid, gümanla!

Yollara dikilən, ahla-amanla

Gözlərdən süzülən yaşdan qorxuram!!

27.11.2024.

GEDƏR

Bu dünyanın dərd yükünü

Öz çiynində çəkən gedər!!

Qənimət bil bu gününü,

Yatan qalar, yetən gedər!!

Gəl göstər gerçək halını,

Gizlətmə qeylü-qalını.

Azma, lələ, düz yolunu,

Yolda-izdə itən gedər.

Qoru vətən torpağını,

Yandır yurdun çırağını!

Yaxşı saxla yarağını,

Yağı gələr, Vətən gedər!!

Sözü sözə calayanlar,

Sözdən ocaq qalayanlar,

Sözün dalın yalayanlar,

Sözdən uzaq ötən gedər!

Ömr elədim, vurdum başa,

Nəğmə qoşdum qələm-qaşa!

Gah savaşa, gah barışa,

Yol üstündə bitən gedər!!

YÜZÜ OLMUR

Üzü dönsün bu dünyanın,

Nə yazırsa, pozu olmur!

Çəkdirdiyi əzabların

Çoxu olur, azı olmur!!

Qucaq açır oğrulara,

Dodaq büzür doğrulara,

Gördüyümüz yuxulara

Ürəkaçan yozu olmur!

Dərd üstünə gələnlərin,

Dərdi çoxdu gülənlərin!

Xeyir işlər görənlərin

Əllərinin duzu olmur!??

Mərdə quyu qazanların,

Haqq yolunu azanların,

Əhdi-sözü pozanların

Astarı var, üzü olmur!!!

Ömür keçir narın-narın,

Üzü dönüb dostun-yarın!

Sədaqətin, etibarın

Biri olur, yüzü olmur!

18-19.12.22.

ŞEİRİMİ

Dağlardan süzülən qaynar bulaqlar

Paklayır şehirli suda şeirimi!

Laləli, süsənli, güllü  yaylaqlar

Gətirir ləzzətə, dada şeirimi!!!

Vətəndən yazıram, eldən yazıram,

Alma yanaqlardan, teldən yazıram!

Yaralı bülbüldən, güldən yazıram,

Vermərəm güdaza, bada şeirimi!!

Hər misram düşməni ox kimi dələr,

Dosta məlhəm olar, üzünə gülər!

Ürək rahatlanar, ruhlar dincələr,

Verməyin, siz Allah, yada şeirimi!!

Yazıram dilimin gözəlliyindən,

Yurdumun əbədi-əzəlliyindən!

Xalqımın tarixi özəlliyindən,

Artırır qədrini bu da şeirimin!!

01.06.23.

DAŞDI ADAM

(Satirik)

Adama bax, İlahi,

Daş oğlu, daşdı adam!

Yalı-yalağı artdı,

Yolunu çaşdı adam!

Başında daşı var, çox,

Başında başı var? Yox!

Ağzında dişi var, qorx,

Kəllədi, xaşdı adam!

Baxırsan, tir, ərəndi,

Həp, gözündən görəndi!

Mazzanandı, girəndi,

Göz üstə qaşdı adam!

Ennənən dalı da var,

Dalında xalı da var!

Qabında yalı da var,

Təmiz oğraşdı adam!

Gündüzü zil gecədi,

San, islanməş cücədi!

İndi kefin necədi?

İşləri yaşdı, adam!

17.02.24.

XOŞ GƏLDİN

(Bahar şeiri)

Açıb güllər, tər çiçəklər, bahardı,

Dan sökülüb, Günəş çıxıb, səhərdi!

Neçə gündür, halım da birtəhərdi,

Nə yaxşı ki, gördüm səni, xoş gəldin!!

Səni gördüm, ağlım çıxır sərindən,

Az qalıram, dağ oynadım yerindən!

Tanrı, bizi qoru şeytan şərindən,

Uzaq eylə canı-cini, xoş gəldin!!

Arzu tutdum, bir gün bizə yar gəlsin,

Ürəyində insaf-mürvət var, gəlsin!

Qorxum yoxdu, boran gəlsin, qar gəlsin,

Pişvaz edəm, çıxam deyəm:”Xoş gəldin!”

Halal olsun sevgi ömrü sürənə,

Bu sevgini düzüb-qoşub qurana!

And içirəm o imama, Qurana –

Ürəyimdən oldu, bizə xoş gəldin!!!

24.02.23.

Bizimlə oxuyun
Verified by MonsterInsights