Müəllimin keyfiyyəti onu yetişdirən təhsil sisteminin keyfiyyətindən yüksək ola bilməz

ELAZ.İNFO

ETN 5 ildir müəllimlərin peşəkarlıq səviyyəsindən hey şikayətlənir. “Saxta diplomlu müəlllimlərin ifşası” kompaniyası ilə başladığı proses tədricən dərinləşdi və sistematik, fasiləsiz sertifikasiya prosesinə start verildi. Minlərlə ali təhsilli, diplomlu müəllim sistemdən kənarlaşdırıldı, xeyli də yeni vakansiyalar yarandı.

Əslində “zəif müəllim” və “saxta diplomlu müəllim” fərqli anlayışlardır. Biri zəif təhsil sistemin, zəif universitetin məhsuludur, digəri isə şüurlu şəkildə saxtakarlıq və cinayətin seçilməsidir (saxta diplom almaq qərarı).
“Zəif müəllim” 11 il məktəbdə, 4 il universitetdə təhsil alır, ömrünün 15 ilini və xeyli maliyyə xərcləyir bu yolda. İndi sertifikasiyadan keçməyən müəllimlərin qarşısında, ona zəif, keyfiyyətsiz təhsil verən təhsil sisteminin, nazirliyin məsuliyyəti yoxmu? Keyfiyyətsiz xidmət səbəbi ilə ona dəyən maddi və mənəvi ziyanla əlaqədar, müəllim nazirliyi məhkəməyə verə bilərmi? Təbii ki, bəli.

2000-ci illərin əvvəllərində nazirlik saxta diplomlu müəllimlərə qarşı məktəblərdə yoxlama tədbirləri aparmış, minlərlə saxta diplomlu kadrlar ifşa edilib, işdən çıxarılmışdı. Faktiki olaraq, 2012-ci ilə artıq təhsil sistemində saxta diplomlu müəllimlər demək olar ki, qalmamışdı. Bu mənada söhbət artıq saxta diplomlu yox, zəif müəllimdən gedə bilər.
Amma nədənsə, zəif təhsil sistemi öz yarıtmaz fəaliyyətinə görə özünü yox, müəllimləri cəzalandırır.

Əslində sertifikasiyadan keçməyən müəllim yox, ETN özüdür. Amma ETN özünü qəhrəmanlıq etmiş kimi aparır, fəxrlə də hesabat verir: “8000 müəllimi işdə çıxartdıq”. Amma deməli idi ki, 8000+ keyfiyyətsiz müəllim istehsal etmişik bizi bağışlayın.
ETN rəsmiləri tez tez deyir: “təhsil sisteminin keyfiyyəti, onun müəlliminin keyfiyyətindən yüksək ola bilməz”. Əslində isə tərsinə deməlidirlər, yəni: “müəllimin keyfiyyəti onu yetişdirən təhsil sisteminin keyfiyyətindən yüksək ola bilməz”.
Birinci halda günahkar müəllim, ikinci halda isə günahkar nazirlik olur. ETN daim öz səhvlərini və qüsurlarını başqalarının üstünə atır, ona görə də təkmilləşmir, inkişaf edə bilmir.
ETN “Təhsil sistemimiz sanki, tərsinə qurulub” kimi etiraflar etsə də, müəllim hazırlığı ilə əlaqəli də öz səhvlərini etiraf etmək istəmir.
ETN bununla sanki, demək istəyir ki, biz heç nə etməyəcəyik, amma yaranmış vəziyyətə görə də məsuliyyət daşımayacağıq. Görünür bu da tərsinə qurulan təhsilin yeni bir əlamətidir.
Bu qədər səhvlərin və etirafların içində nazirlik yenə də özünü günahkar hesab etmirrsə, təhsilimiz necə inkişaf edə bilər? Bu səbəbdən də elə bir ucdan keyfiyyətsiz “kadr istehsalı”nı davam etdirir.
Bu illər ərzində ETN-nin keyfiyyətli müəllim hazırlamaq, ali təhsilin keyfiyyətini yüksəltmək, müasirləşdirmək üçün islahat proqramı, konkret təklif və ya layihə təşəbbüsünü heç eşidən, görən olubmu? Yox.
Nazir etiraf edir ki, “biz nə etmək lazim olduğunu bilirik, amma necə etmək lazım olduğunu bilmirik”. Hərçənd nə etmək lazım olduğunu da çox vaxt düzgün bilmirlər.
İndiki halda isə “nə emək lazımdır” sualı düzgün qoyulub: müəllim hazırlığının keyfiyyətini yüksəltmək. Necə?
20 ildən sonra ETN bilib ki, universitetlərdə keyfiyyətə təminat sistemi yoxdur.
Əslində nazirlik bu işə 20 il əvvəl başlamalı idi, çünki, bu Boloniya prosesinin ən mühüm tələblərindən biridir. Amma hələ də iş yox, yalnız şikayət var (kimdən kimə?).
Konkret müəllim hazırlığının keyfiyyətini yüksəltmək üçün müxtəlif vaxtlarda ETN-ə xeyli təkliflər vermişik (məqalələr kimi). Görünür təhsil menecerləri də oxuduğu mətnin mənasını düzgün dərk etmirlər (axı, onlar da bizim zəif təhsil sisteminin məhsuludur, amma nədənsə heç sertifikasiya da edilmirlər).
Təhsilin inkişafı ilə əlaqədar bir neçə il öncə, başqa təkliflər də olmuşdu. Təhsilin inkişafına dair DİM-in təklif etdiyi belə bir sadə və səmərəli təklifə rast gəldik:
“Müəllim hazırlığının keyfiyyətini yüksəltmədən, təhsilin məzmununu yeniləmədən, təlim metodlarını təkmilləşdirmədən, qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq etmədən təhsil sahəsində inkişafa nail olmaq mümkün deyil.” (Məleykə Abbaszadə).
Bu təkliflərdən məlum olur ki, bizim təhsil sistemində müəllim hazırlığının keyfiyyəti aşağı, təhsilin məzmunu bərbad, təlim metodları səmərəsiz, təhsilin təşkili və idarəsi yarıtmazdır. Əlavə olaraq təhsildə yanlış kadr, maliyyə, qrant siyasəti, islahatların sistemsizliyi, elm və səmərəli planlaşmadan uzaq olması da qeyd edilə bilər. Məhz belə ciddi səbəblərdən təhsilimiz hələ də inkişaf edə bilmir.
ETN rəhbərliyi bu durumu daha konkret ifadə edir: “təhsilimiz sanki tərsinə qurulub.”
Biz nazirlikdən təkcə belə etiraflar yox, həm də mövcud problemlərin həllinə yönəli ciddi addımlar gözləyirik. Təəssüf ki, buna hər hansı cəhdlər müşahidə edilmir. Çünki, ETN menecerlərinin özlərinin də etiraf etdiyi kimi: “nə etmək lazım olduğunu bilirik, necə etmək lazım olduğunu bilmirik”.

Təhsil kimi strateji sahədə vəziyyətin ağır olduğunu hamı görür və narahatlıq keçirir. Bu səbəbdən də elliklə hamı ETN-ə yol göstərir, məsləhət verir, kömək etmək istəyir, amma təhsil düzəlmir ki, düzəlmir.
Təkliflər bəs niyə nəzərə alınmır? Bəyənilmir? Təkliflərin daha yaxşısını verin, təki təhsili düz qurun, axı siz buna görə maaş alırsınız.

İlham Əhmədov

Dosent

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights