Yazının əvvəli bu linkdədir:- https://elaz.info/tramp-israilin-qərb-sahilini-ilhaq-etməsinə-icazə-verməyəcəyəm/
-Bəs, Trampın bu bəyanatının ciddiliyinə inanmaq olarmı? Onun yalançı və dəyişkən xarakterli lider olması, qərarlarını və mövqeyini vaxtaşırı dəyişməsi artıq hər kəsə bəllidir. O, tez-tez öz vədlərinin arxasından qaçır.
Ancaq görünən budur ki, Tramp bu dəfə vədinin arxasından qaça bilməyəcək. Çünki risk həddindən artıq böyükdür. Tramp-Netanyahu cütlüyünün fələstinliləri Qəzzadan tamamilə qovmaq və Yaxın Şərqi tamamilə öz nəzarətlərinə keçirmək planları bir yandan, Putinin Ukraynadakı işğalçılığının Tramp tərəfindən müxtəlif vasitələrlə həvəsləndirlməsi isə o biri yandan həm ABŞ-ın, həm də İsrailin artıq dünyada tamamilə təklənməsinə gətirib çıxarmaqdadır. Netanyahu nəinki İsraili, həmçinin ABŞ-ı da bütün dünya ilə üz-üzə qoyub.
Putinin təklənməsi isə artıq geridönməz xarakter alıb. BMT-nin Baş Assambleyasının 80-ci (yubiley) sammitinə dəvət olunmaması da Rusiya liderinin beynəlxalq aləmdən tamamilə təcrid olunmasının göstəricisidir. Putin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən “müharibə canisi” elan olunduğuna görə mötəbər beynəlxalq tədbirlərin qapıları onun üzünə bağlanıb.
Elə Netanyahunu da eyni aqibət gözləyir. Bu dəfə məhz Trampın himayəsi sayəsində BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak və çıxış etmək imkanı qazanan Beniamin Netanyahu bu gedişlə tezliklə “ikinci Putin”ə çevriləcək və beynəlxalq tədbirlər onun da üzünə bağlanacaq.
Yeri gəlmişkən, Netanyahu çıxış edərkən zaldakı şəxslərin bir çoxunun onun çıxışını boykot etməsi, fitə basması, “rədd ol buradan, sionist qatil” şüarlarını səsləndirməsi hazırda dünyada ona qarşı formalaşmış ümumi qəzəbin, nifrətin göstəricisidir. Br çox nümayəndələrin zalı tərk etmələri də İsrail baş nazirinin tezliklə beynəlxalq aləmdən tamamilə təcrid olunacağının göstəricisidir. Demək olar ki, boş zal qarşısında çıxış edən Netanyahu, əslində, bu hadisədən özüyçün ciddi nəticə çıxarmalıdır.
Eləcə də, Beynəlxalq Cinayət Məhkəməsinin təsiri nəticəsində Benyamin Netanyahunun “Sionun qanadı” adlı rəsmi hökumət təyyarəsinin Nyu-Yorkda keçirilən BMT-nin 80-ci sessiyasına qeyri-adi marşrutla uçması da İsrail baş nazirinə dərs olmalıdır. Əvvəlki uçuşlardan fərqli olaraq ABŞ-a budəfəki uçuş Avropanın mərkəzindən yox, ən cənub xətti üzrə həyata keçirilib və Avropa ölkələrinin hava məkanından minimal şəkildə istifadə olunub. Məlumata görə, Netanyahunun təyyarəsi yalnız Yunanıstan və İtaliya üzərindən keçib, daha sonra isə Cəbəllütariq boğazı vasitəsilə Atlantik okeanına doğru hərəkət edib. Səbəb isə Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu barəsində verdiyi həbs qərarıdır. Odur ki, Netanyahu Avropa ölkələrinin hava məkanında həbs olunmamaq üçün belə bir mürəkkəb və çətin uçuş marşrutunu seçməli olub.
Yazı davam edir…
Bəybala MİRZƏYEV
Siyasi şərhçi