Moskva görüşlərinin pərdəarxası

Dünən ABŞ-ın faktiki olaraq xarici işlər naziri funksiyalarını yerinə yetirən Stiv Uitkof və Çinin xarici işləri naziri Van İ eyni zamanda Moskvaya səfər etmişdilər. Uitkof və Kuşner ilə Putin, Uşakov və Dmitriyev, Van İ ilə onun rusiyalı həmkarı Lavrov görüşdülər. Düşünmürəm ki, bu səfərlər təsadüfən üst-üstə düşmüşdü.

Bilirik ki, Trampın “Sülh planı”nın əhatə dairəsi təkcə Ukrayna ilə məhdudlaşmır. Orada NATO-nun genişlənmədən imtina etməsi, müharibəsonrakı əməkdaşlıq, qlobal təhlükəsizlik və sair məsələlər barədə də müddəalar yer alıb. Bunlar isə Ukraynaya aid olmayan məsələlərdir. Bu məsələlərin Plana daxil edilməsi onu göstərir ki, əslində, sülh Ukrayna ilə Rusiya arasında yox, ABŞ-la Rusiya arasında bağlanır, sadəcə, Ukrayna onlar arasında sülhə mane olan yalnız bir elementdir.

Bütün mətbuatın başı məhz Ukrayna “düyününün” çözülməsinə qarışıb, lakin Moskva və Vaşinqton daha mühüm və qlobal məsələləri müzakirə edirlər. Məncə, Ukrayna məsələsi bu görüş üçün “şirma” rolunu oynayır. Əlbəttə, Ukrayna məsələsi də müzakirə olunub, amma ona 5 saatlıq görüşün maksimum 2 saatı sərf edilə bilər, çünki onunla bağlı tərəflər arasında davamlı kommunikasiya var.

Məlum idi ki, Ukrayna ilə Mayami danışıqları uğursuz alınmışdı. Məntiqlə, Uitkovun Moskvaya gəlməsi üçün əsas yox idi, çünki Putin minumum şərtlərini əvvəlcədən demişdi. Belə çıxır ki, Moskvaya gəlib müzakirə aparmaq üçün başqa səbəblər də var idi. Görüşdə Putinlə birlikdə Uşakov və Dmitriyevin iştirakı aldadıcıdır. İlk baxışdan onların iştirakı şübhə yaratmır – ikisi də Ukrayna məsələsi ilə məşğul olurlar. Lakin eyni zamanda Uşakov peşəkar diplomatdır – Rusiyanın ATƏT-də daimi nümayəndəsi (1996-1198), ABŞ-da səfiri (1998-2008) işləyib, beynəlxalq təhlükəsizlik məsələləri ilə məşğul olub; Dmitriyev isə qlobal investisiya layihələri ilə məşğuldur. Uitkof və Kuşner də qlobal investisiya layihələri sahəsində tanınıblar. Yəqin ki, müzakirələrin də əsas mövzusu təhlükəsizlik və iqtisadi əməkdaşlıq olub.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights