Moskva Bakıya qarşı olduqca ağır səhvlərə yol verib

Putinin AZAL-ın təyyarəsinin vurulması ilə bağlı həqiqəti başa düşməsi və günahkarların cəzalandırılacağını bildirməsi üçün nə az, nə çox düz 10 ay vaxt lazım gəldi.

Bu gün Vladimir Putinlə İlham Əliyev arasında Düşənbədə keçirilən görüşün əvvəlində əsas mövzu AZAL təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğraması olub.

Putin görüşə bu məsələ ilə başlamağı təklif edib və bir daha həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

O, ilk günlərdən zəng edərək başsağlığı verdiyini və üzr istədiyini xatırladıb (hərçənd ki, Putin burada yalan deyir. Çünki o, ilk günlərdən yox, hadisədən bir həftə sonra üzr istəmişdi).

Daha sonra Rusiya lideri təyyarə qəzasının bir neçə səbəbi olduğunu bildirib: “Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.

Putinin sözlərinə görə, “buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib – əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı”.

Putin vurğulayıb ki, “zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemindən buraxılan iki raket təyyarəyə birbaşa dəyməyib, partlayış bir neçə metr məsafədə baş verib, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib”.

Gecikmiş etirafının sonunda Putin deyib ki, “hadisə ilə bağlı bütün vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək və qəzaya səbəb olan bütün amillər obyektiv şəkildə araşdırılacaq”.

O, kompensasiya ilə bağlı da müvafiq addımların atılacağını diqqətə çatdırıb.

Putinin bu açıqlamaları bir daha onu göstərir ki, onun idarə etdiyi Rusiya Federasiyası normal dövlət deyil. Rusiya gerçəkdən də normal dövlət olsaydı, nə AZAL-ın təyyarəsinin vurulmasının səbəblərinin araşdırılması bu qədər uzun çəkməz, nədəki günahkarların cəzalandırılması və zərərçəkənlərin ailələrinə təzminat ödənilməsi bu qədər yubanmazdı.

Deməli, Putin çevik düşünməyi bacarmır. O, kritik vəziyətlərdə operativ və düzgün qərarlar qəbul etmək bacarığına sahib deyil. Kreml rəhbəri çox ləng düşündüyünə görə onun səhvləri və o səhvlərin ağır nəticələri də onun özünə həddindən artıq gec çatır.

Məhz bunun nəticəsidir ki, Azərbaycan-Rusiya münasibətlərinin tamamilə korlanmasının üzərindən düz 10 ay keçdikdən sonra nəhayət, Putinə hələ indi çatıb ki, Moskva Bakıya qarşı olduqca ağır səhvlərə yol verib.

Və bu cür gecikmiş etirafla bərabər, o, Moskva ilə Bakı arasında münasibətlərin sadəcə bərpa ediləcəyinə deyil, hətta müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirir.

P.S. Rusiya o qədər qaba və sistemsiz, ziddiyətli dövlətdir ki, məşhur rus şairi və mütəfəkkiri Fyodor Tütçevin etiraf etdiyi kimi, doğrudan da, Risiyanı ağılla dərk etmək mümkün deyil.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights