Moskva ətrafında “ölüm fabriki

ELAZ.İNFO xəbər verir ki, Moskva vilayətində “LApuşki” (ЛАпушки) adlı heyvan sığınacağında dəhşətli mənzərə üzə çıxıb. Xeyriyyəçilik adı altında fəaliyyət göstərən bu məkanda yüzlərlə it və pişik acından tələf olub, sağ qalanlar isə bir-birini yeməyə məcbur qalıb.

Meşə kənarındakı üçmərtəbəli dəbdəbəli villada yerləşən sığınacağın hasarında asılmış bu lövhə sanki orada baş verənlərin anonsu olub. İllər öncə heyvanlara kömək məqsədilə yaradılan fond, sahibi Tatyanın alkoqol asılılığı və baxımsızlığı ucbatından qəbiristanlığa çevrilib. Qonşuların sözlərinə görə, ərazidəki 250 itdən yalnız bir neçəsi sağ qala bilib. Sığınacaq sahibi itləri yemləmək əvəzinə yaxınlıqdakı kafesində işləməyə və sosial şəbəkələrdə ianə toplamağa davam edib.

Hadisənin ən sarsıdıcı məqamlarından biri ordu sıralarından qayıdan Dmitrinin hekayəsidir. O, özünün sağlam və baxımlı alabayı “müvəqqəti saxlanc” üçün bu sığınacağa etibar etmişdi. İki il sonra geri qayıdan sahibi iti tanıya bilməyib: heyvandan yalnız sümük və qorxu dolu baxışlar qalıb. Dmitri bildirib ki, sığınacağa gələrkən itlərin bir-birini parçalayıb yediyinin şahidi olub.

Yanvarın əvvəlində həyəcan təbili çalan könüllülər sığınacağa daxil olduqda dəhşətə gəliblər: Evin içində acından ölən 15 şikəst it və 50 pişik tapılıb. Həyətdə qar altında qalmış onlarla it cəsədi və gəmirilmiş sümüklər aşkar edilib. İtlərdən biri ölmüş dostunun yanında oturaraq onu oyatmağa çalışır, insanlar gələndə isə qorxudan fəryad edirdi.

Zootədqiqatçıların fikrincə, sığınacaq sahibi heyvanları qəsdən acından öldürüb ki, “biznesini” bu yolla qapatsın. O, özünü xəstə kimi qələmə versə də, sosial şəbəkələrdə yardım toplamağa davam edir.

Könüllülər bildirirlər ki, təkcə Moskva regionunda bu cür onlarla “qara sığınacaq” fəaliyyət göstərir. Onlar bu sahənin ciddi dövlət nəzarətinə götürülməsini və lisenziyalaşdırılmasını tələb edirlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights