Mollaların cəmi bir atımlıq barıtı varmış…
Putinin Vaşinqton görüşünə reaksiyasını təxmin edirik (axşamkı paylaşımımda bu barədə yazmışdım). Digər qapıbir qonşumuz olan molla İranının da Vaşinqton görüşünə necə reaksiya verəcəyi mənim üçün çox maraqlı idi.
Və budur, mollaların reaksiyası özünü çox gözlətmədi.
İran Xarici İşlər Nazirliyinin (XİN) bu gün yaydığı bəyanatında bildirilir ki, “İran İslam Respublikası Cənubi Qafqaz regionunda mövcud tendensiyaları yaxından izləyir və bu hadisələrlə bağlı qonşu Azərbaycan və Ermənistanla təmasdadır”.
Bəyanatda daha sonra deyilir:
“Cənubi Qafqazda sülh və sabitlik regionun bütün ölkələrinin maraqlarına cavab verir. İran İslam Respublikası iki ölkə arasında sülh sazişinin mətninin yenidən işlənməsini alqışlayır, hadisələrin bu inkişafını regionda davam sülhün əldə olunmasında mühüm addım hesab edir.
Eyni zamanda, hər hansı bir xarici müdaxilənin, xüsusən də ümumi sərhədlərin yaxınlığında, bölgədəki təhlükəsizliyə və davamlı sabitliyə zərər verə biləcək mənfi təsirlərindən narahatlığını ifadə edir”.
Bəyanatın ən maraqlı cümlələrindən biri də lap sonuncu abzasdadır. Belə ki, bəyanatın sonunda qeyd olunub ki, “kommunikasiya əlaqələrinin bərpası region xalqlarının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcək”.
Gördüyünüz kimi bu sonuncu abzas ilk növbədə Zəngəzur dəhlizi (bundan sonra “Tramp yolu” və ya “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) ilə bağlıdır.
Zəngəzur dəhlizi “Tramp yolu” adlandırılan kimi mollaların səsi xırp kəsildi. Heç Xameneinin də səsi çıxmır. Adam Zəngəzur dəhlizini özünün “qırmızı xətt”i elan etmişdi.
Lakin Vaşinqton anlaşmasından (Əliyev-Tramp-Paşinyan anlaşması) sonra “qırmızı xətt” dərhal gorbagor oldu, Xamenei sirrli şəkildə susdu, İran XİN-i isə bəyanat yayaraq, “kommunikasiya əlaqələrinin bərpasının region xalqlarının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcəy”indən dəm vurmağa başladı.
Bax belə. Necə deyərlər, mollaların cəmi bir atımlıq barıtı varmış.
Bəybala Mirzəyev
Siyasi şərhçi