ELAZ.İNFO xəbər verir ki, 1906-cı ilin 7 aprelində (köhnə təqvimlə 24 mart) Tiflisdə ilk nömrəsi işıq üzü görən bu jurnal, bütün Şərq dünyasında satira və maarifçilik bombası kimi partladı. Lakin bu uğura gedən yol fevralın bu soyuq günlərində atılan cəsarətli addımlardan keçirdi.
Jurnalın ətrafında Azərbaycan intellektinin ən parlaq simaları cəmləşmişdi: Cəlil Məmmədquluzadə (Mirzə Cəlil): Baş redaktor, jurnalın ruhu və yaradıcısı. Ömər Faiq Nemanzadə: Jurnalın əsas sütunlarından biri, publisist və ideya müəllifi. Mirzə Ələkbər Sabir: “Hophopnamə”nin müəllifi, jurnalın şiiriyyət və satira gücü.

Rəssamlar: Jurnalı xalq üçün anlaşıqlı edən dahi fırça ustaları — Oskar Şmerlinq və İosif Rotter. Onlar azərbaycanlıların tipajlarını elə dəqiq çəkirdilər ki, oxuma-yazma bilməyən nənələrimiz belə karikaturaya baxıb dərdi anlayırdılar.
Jurnalın ilk nömrəsi cəmi 1000 nüsxə ilə çap olundu. O dövrün şərtləri üçün bu, həm böyük rəqəm, həm də böyük risk idi. Cəlil Məmmədquluzadə jurnalı çıxarmaq üçün hətta ev əşyalarını satmış, borca girmişdi. Amma jurnal satışa çıxan kimi bir neçə saatın içində tükəndi və əl-əl gəzdi.
Jurnalın ilk sayında Mirzə Cəlilin yazdığı o məşhur müraciət bu gün də aktuallığını itirməyib. Bu məqalə Azərbaycan publisistikasının manifestidir:
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, o kəsləri deyib gəlmişəm ki, sözümü onlara xoş gəlməyib, mənə “yoldançıxan” deyirlər… Ey mənim müsəlman qardaşlarım! Zəmanə tərəqqi edir, aləm işıqlanır. Amma biz hələ də qaranlıq künclərdə mürgüləyirik…”
Mirzə Cəlil bu sətirlərlə xalqı güzgüyə baxmağa məcbur edirdi. O, “Molla Nəsrəddin” obrazını yaratmaqla xalqın öz dilində, öz dərdini ona deyirdi.
Ruslan MƏMMƏDOV