ELAZ.İNFO xəbər verir ki, Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti İranın yeni ali lideri Ayətullah Moctaba Xamenei ilə bağlı sensasiyalı məlumat yayıb. Məlumata görə, Xamenei fevralın 28-də baş vermiş hava hücumu zamanı hədəf alınan binanı zərbədən az əvvəl tərk etdiyi üçün ölümdən qurtulub.
Qəzet həmin hücumda həlak olan keçmiş lider Ali Xameneinin protokol rəhbəri Mazaher Hosseyninin səs yazısına istinad edir. Müstəqil yoxlamalardan keçmiş səs yazısında Hosseyni bildirir ki, Moctaba Xamenei bir iş üçün həyətə çıxıb geri qayıdarkən raket binaya çırpılıb. Bu təsadüf nəticəsində o, yalnız ayağından yüngül xəsarət alsa da, həyat yoldaşı Zəhra Hadad Adil və oğlu həmin an dərhal həlak olublar.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Tehran daxil olmaqla iri şəhərlər bombardman edilib. Ağ Ev bu hücumları İrandan gələn nüvə və raket təhlükəsi ilə əsaslandırıb. Hücumlar nəticəsində İranın ali lideri Ali Xamenei və ölkə rəhbərliyinin bir sıra mühüm simaları həlak olub. Bundan sonra İranın Ekspertlər Şurası Moctaba Xameneini ölkənin yeni ali lideri seçib. Hadisələrə cavab olaraq İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-ın regiondakı hərbi obyektlərinə (Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı) kütləvi raket zərbələri endirib.
Ruslan MƏMMƏDOV