ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Miqrant Uşaqlara Dəstək” İctimai Birliyinin növbəti təlimi 06.08.2025-ci il tarixində keçirildi.
Bu dəfəki təlim əvvəlkilərdən daha maraqlı və əyləncəli oldu. Təlimçi Gülyaz Əsgərova uşaqlara gipsdən hazırlanmış “Xarıbülbül” fiqurları və sulu boyalar payladı.
O, uşaqlara Qarabağın tarixi, tarixi yerləri, flora və faunası haqqında söhbət açdı. Xarıbülbülün yalnız Şuşada bitdiyini qeyd edərək, bu gül barəsində söylənən əfsanə və rəvayətlərdən danışdı. 44 günlük Vətən müharibəsi dövründə ordumuzun qəhrəmanlığını vurğuladı və xarıbülbülün şəhidlərin xatirə simvoluna çevrildiyini uşaqlara izah etdi.
Daha sonra uşaqlar suallarını verdilər və fiqurları öz zövqlərinə uyğun rəngləməyə başladılar. Əfqan uşaqların yaratdığı əl işləri bir-birindən fərqli, möhtəşəm və rəngarəng oldu. Təlimin sonunda bu fiqurlardan ibarət sərgi təşkil olundu. Uşaqlar öz aralarında ən gözəl fiquru seçdilər və bu dəfə də Sədəf öz əl işi ilə fərqləndi.

Təlim çox maraqlı və yaddaqalan şəkildə başa çatdı.