ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və maliyyə yardımı ilə 27.07.2025-ci ildə “Miqrant Uşaqlara Dəstək” İctimai Birliyinin növbəti təlimi keçirildi.
Təlimçi Gülyaz Əsgərova bu dəfə uşaqlara bədii əsərlərdən ibarət kitablar, azyaşlı uşaqlara isə rəngləmə kitabları payladı. Təlimin məqsədi uşaqların boş vaxtlarını səmərəli keçirməsi, mütaliə vərdişlərini artırması və dil bilgilərini zənginləşdirmək idi. Uşaqlar təqdim olunan kitablarla maraqla tanış oldular. Hər biri seçdiyi hekayəni oxudu və daha sonra qrup halında müzakirə apardılar.
Təlimin növbəti mərhələsində Gülyaz Əsgərova uşaqlara “İtmiş təbəssüm” adlı hekayəni oxudu. O, əsərin mövzusu və ideyası haqqında ətraflı məlumat verdi. Hekayə uşaqlarda dərin təəssürat yaratdı və onlar böyük həvəslə müzakirədə iştirak etdilər, maraqlı yanaşmalar irəli sürdülər.
Təlimçi uşaqlardan obrazların müsbət və mənfi xüsusiyyətlərini ayırd etməyi və fərdi yanaşmalarını bildirməyi xahiş etdi.
- Hüsna oxuduğu hekayədə müsbət obrazı təhlil edərək onun xarakterini bütün cizgiləri ilə izah etdi.
- Sədəf isə mənfi obraz üzərində dayandı və orijinal fikirlər irəli sürdü.
- Taha oxuduğu əsərdə mənfi obrazın daxili aləmini fərqli baxış bucağından göstərərək niyə belə davrandığını izah etdi.
Bütün uşaqların fikirləri dinlənildi, onların yanaşmaları müzakirə edildi. Daha sonra azyaşlıların rəngləmə işlərinə baxıldı və qiymətləndirildi.

Təlim uşaqlar üçün həm öyrədici, həm də yaddaqalan oldu.
