ELAZ.İNFO xəbər verir ki, tanınmış iş adamı Aleksandr Qalitski ona qarşı qaldırılan əmlakın müsadirəsi və Almaz Capital Partners vençur fondunun ekstremist təşkilat kimi tanınması ilə bağlı iş üzrə Baş Prokurorluqla dünya sazişi bağlamağa hazır olduğunu elan edib.
Moskva Tver Məhkəməsində keçirilən iclasda biznesmenin vəkili bildirib ki, müdafiə tərəfi artıq razılaşma layihəsini iddiaçı tərəfin – Baş Prokurorluğun nümayəndəsinə təqdim edib. Xatırladaq ki, Baş Prokurorluq Aleksandr Qalitskini Ukrayna Silahlı Qüvvələrini (USQ) dəstəkləyən ekstremist birlikdə iştirak etməkdə ittiham edir. Qurumun tələbinə əsasən, iş adamının: Moskvadakı mənzili və 5 avtomobil yeri; Moskva vilayətindəki yaşayış evi, təsərrüfat bloku və qarajı, habelə torpaq sahəsi (ümumi bazar dəyəri 1 milyard rubldan çox) Bank hesablarında olan 7 milyard rubldan çox vəsaitin dövlət nəfinə müsadirə edilməsi tələb olunur.
Prokurorluğun iddiasına görə, Qalitskiyə və onun “Almaz Capital Partners” fonduna məxsus olan bu aktivlər biznesmenə ekstremist ideologiyaya xidmət edən iqtisadi fəaliyyətini davam etdirmək imkanı verir. İddia sənədində vurğulanır ki, bu fəaliyyət Rusiya dövlətinin milli təhlükəsizliyi üçün birbaşa təhdid yaradır. Hazırda məhkəmə tərəflərin təkliflərini nəzərdən keçirir. Dünya sazişinin imzalanıb-imzalanmayacağı və prokurorluğun buna hansı cavabı verəcəyi yaxın iclaslarda bəlli olacaq.
Rualan MƏMMƏDOV