15 APREL ELAZ.İNFO
ELAZ.İNFO xəbər verir ki Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsi, ADA Universiteti və Mədəniyyət Televiziyasının əməkdaşlığı ilə “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinə start verildi.
Layihə çərçivəsində tanınmış ziyalıların, gənc fəallarla görüşləri, həmçinin bu mövzuda konfrans və forumların təşkil edilməsi nəzərədə tutulur. İlk belə görüş 14 aprel 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə keçirildi.
Azərbaycanın ən məşhur yazıçılarından biri – canlı əfsanə Anarla görüşü uşaq və gənclər üçün nadir fürsət kimi qiymətləndirdi.
İştirakçıları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bu gün bütün dünyada ictimai-siyasi, iqtisadi, eləcə də humanitar sahədə nəsillərarası problemlər, dəyərlərin aşınması kimi mövzular müxtəlif formatlarda, geniş şəkildə müzakirə olunur. Dövlət Komitəsinin də öz növbəsində Azərbaycanın milli kimliyinə və bu kimliyi şərtləndirən dəyərlərə münasibətini bütün məqamlarda öndə tutmaq üçün görülən işlərə qoşulduğunu vurğulayan Komitə sədri, “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinin də məhz bu məqsədlə ərsəyə gəldiyini qeyd etdi: “Hazırki cəmiyyətdə, dövlət və insan həyatında, qarşıya qoyulan hədəflərdə yerini tapan milli-mənəvi dəyərlərə münasibət, onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq, eləcə də bu dəyərlərin transformasiyası prosesinə qoşulmaq üçün belə bir layihəyə başlamaq qərarına gəldik”-deyə vurğuladı.
Yaxın zamanda layihənin bir çox istiqamətdə inkişaf edəcəyini və gənclərin müxtəlif təbəqələrini əhatə edəcəyini bildirən B.Muradova, layihənin ilk görüşünə ev sahibliyi etdiyinə görə ADA Universitetinə təşəkkürünü bildirdi. Komitə sədri ilk görüşə Anarın dəvət edilməsinin təsadüfi olmadığını, onun Azərbaycanın mədəni, ictimai-siyasi həyatında, xüsusilə də ədəbiyyatında böyük xidmətləri ilə hər zaman uca yerdə dayandığını bildirdi.
Anar texnoloji tərəqqinin gətirdiyi müsbət faktorlarla yanaşı, gənclərin mütaliəyə, ədəbiyyata marağının azalmasına səbəb olduğundan gileylənərək, ədəbiyyatın mənəviyyatı zənginləşdirdiyini, dili yaşatdığını qeyd etdi, iştirakçılara çox kitab oxumağı tövsiyə etdi. YB- nin gənc yazarlara daim diqqət və dəstək nümayiş etdirdiyini vurğulayan yazıçı onlara öz tövsiyələrini də verdi. Eyni zamanda milli-mənəvi, o cümlədən ailə dəyərlərimizin qorunub saxlanılmasında ziyalılarımızın, ailələrimizin rolundan bəhs etdi.
Tədbirdə iştirak edən bir neçə gənc yazar müəllifi olduğu kitabları Anara təqdim etdilər. Sonda xatirə fotosu çəkilib.
Esmira RƏHİMOVA